BAKI, 26 iyul — Sputnik. COVID-19 əleyhinə peyvəndin əks göstəriş olduğu insanlar üçün əks göstəriş sertifikatı nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiyalar yaradılacaq: "Komissiyalarda həmin şəxslər yoxlanılacaq. Doğrudan da əks göstəriş varsa, ona əks göstəriş sertifikatı veriləcək. Onun da QR kodu olacaq".
Şahmar Mövsümov deyib ki, normal təhsilə qayıtmaq üçün sentyabrın 1-nə qədər birinci, oktyabrın 1-nə qədər isə ikinci doza vaksinin vurulması tələb olunur. O bildirib ki, dünya praktikasında da pandemiyadan çıxmaq və virusa yoluxmamaq üçün tək çarə vaksinasiyadır. Ş.Mövsümov onu da əlavə edib ki, vaksinasiya prosesi başlanan gündən indiyədək Azərbaycanda koronavirusdan vəfat edənlərin 99 faizi vaksinasiya olunmayan şəxslərdir.
Qeyd edək ki, bu gün nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi olub. Brifinqdə koronavirusla bağlı tədbirlərə dair bir sıra vacib məsələlər açıqlanıb. Eyni zamanda Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı növbəti qərarlarını açıqlayıb.
Ətraflı tanış olun:
* Həftəsonu avtobusların fəaliyyətinə qoyulan qadağa aradan qaldırılacaq?
* Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı növbəti qərarı açıqlandı
* Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!
* Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB
* Azərbaycanda koronavirusa yoluxanlar arasında riskli yaş qrupu açıqlanıb