BAKI, 23 iyul - Sputnik.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması barədə məlumat yayıb.
Məlumatda deyilir:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, bu ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.
Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Azərbaycan, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır".
Atəşkəsin növbəti dəfə pozulması
Qeyd edək ki, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.
Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Müdafiə Nazirliyinin bildirdiyinə görə, hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.
"Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", - MN bildirib.
Həmçinin oxuyun:
* Düşmən Kəlbəcəri atəşə tutdu, Azərbaycan Ordusunun hərbçisi şəhid oldu
* Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN
* Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub
* Ağdamdakı bölmələrimiz atəşə tutulub, Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb
* Ermənistan Tovuz və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub