02:35 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
AZƏRBAYCAN
Qısa URL
63 0 0

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 26-da günorta saatlarından başlanan təxribat növbəti günün səhər saatlarınadək davam edib. İyunun 27-də isə artıq Tovuzdakı mövqelərimiz atəşə tutulub.

BAKI, - 27 iyun - Sputnik. İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

---------

11:00

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, iyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Sərhəddə gərginlik

Müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər gəlir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib. Mayın 24-dən 26-dək Azərbaycan ordusunun mövqeləri üç istiqamətdən atəşə tutulub.

Bundan üç gün sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub.

İyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutub.

İyunun 24-də saat 14:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Teqlər:
erməni təxribatı, Kəlbəcər, Müdafiə Nazirliyi

Əsas mövzular