Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.
Mikrobların mutasiyası
Vaxtilə Amerikada qəzetçiləri günəşlə müqayisə edirdilər, deyirdilər ki, hər ikisi düşdükləri yerdə mikrobları öldürür. Elə bizdə də hesab edirdilər ki, jurnalist bütün mikrobların anasını ağladır, ədalətin carçısıdır və s.
İndi bir neçə vəsiqəli düşüb ölkənin canına, canını bu ölkə üçün qurban vermiş oğulların ailələrindən onları geniş ictimaiyyətə tanıtmaq adı ilə pul alıb. Görünür, mikroblar mutasiyaya uğrayıb.
Media haqqında qanunun bu sahədə dezinfeksiya işləri aparacağına dair ümidlər cücərib.
Bəzən baxırsan, ölkədə “reket” jurnalistikanın “çiçəklənməsində” xüsusi “xidmətləri” olmuş biri reketlərlə mübarizənin resepti barədə palaz bir müsahibə verib.
Gebbelsin teoremi, az qala, 80 ildir, hər yerdə işləyir: “Yalan o qədər böyük olmalıdır ki, ona inansınlar”.
Yalana inananlar
Bəzənsə yalanı uyduran da ona inanmağa, əsirinə çevrilməyə başlayır. Məsələn, qonşularımız.
Şuşanın erməni şəhəri olmasına inanmaq üçün nə qədər “beyni yuyulmuş” olmalısan?!
Ötən həftə erməni silahlıları bütün sərhəd boyu, eləcə də Qarabağda mövqelərimizi atəşə tutdular. Nədən ruhlandıqları təxminən bəllidir – Makron Ermənistana gəlməyə hazırlaşır, Blinken münaqişənin həlli ilə bağlı müzakirələrin davam etdirilməsi ritorikasına istinad edir… Avropa İttifaqı Şurasının Prezidenti İrəvanda status müzakirəsindən dəm vurur və s.
Paşinyan xüsusilə Fransa ilə əməkdaşlıq şəraitində 10 noyabr sənədinin yeni sənədlə əvəzlənməsi və status məsələsinin orada əks olunması üçün çalışır. Ancaq onun Putinin imzasının üstündən xətt çəkə biləcəyi real görünmür.
Ötən həftə “artsax parlament üzvləri” “inzibati-ərazi vahidləri” yaratmaq üçün bir araya gəliblər, ancaq bu məsələnin 2024-cü ilin sentyabrına qədər təxirə salınmasına qərar veriblər. 2024-cü ilə qədər nəyinsə dəyişəcəyinə ümid edən ermənilər üçün bu fakt maraqlı ola bilər: “Ukrayna mühərrikləri ilə Bayraktar 11 min metr hündürlükdən uçur”.
Amerika Çin kəmərinə kəmənd atır?
Hərbi cəhətdən ən yüksəkdən uçan ABŞ Əfqanıstanı tərk etdi? Niyə, görəsən? Talibanın Orta Asiya sərhədlərinə çıxışı nəyə səbəb ola bilər?
Ağ Evin bu gün ən böyük dərdi iqtisadiyyatı durmadan böyüyən Çinlədir. “Bir yol, bir kəmər” işə düşdükdən sonra Çin daha nəhəng olacaq.
Qayıdaq əvvəlki iki suala. “Taliban”ın Orta Asiyaya yaxınlaşması buradan keçən dəhlizlər üçün açıq təhdiddir. Çinin tərəfdaşları iki dəfə düşünməli olacaqlar.
Bu arada ABŞ 12 minədək əfqanıstanlının təxliyəsinə hazırlaşır.
Amansız döyüşdə tək
Böhranlar fürsətlər yaratdığı kimi, həm də dünyanın iç üzünü açır. Koronavirus bu baxımdan əla sınaq oldu. Yüz illər boyunca müstəmləkə siyasəti ilə bir çox xalqların qanına susamış imperialist dövlətlər indi də vaksinləri anbarlarında saxlamaqla bir çox kasıb ölkələri amansız döyüşdə tək buraxdılar. Peyvəndlərin nə az, nə çoxu - 82 faizdən artığını zəngin dövlətlər qamarlayıblar, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faizdir.
Nəzərə alsaq ki, dünyanın ən varlı 1 faizi dünyadakı sərvətin 82 faizinə sahibdir, Afrikanın böyük bir ərazisində insanlar nəinki qida, təmiz su tapmaqda çətinlik çəkirlər (hələ bu harasıdır - Dünya Bankının məlumatına görə isə, 2030-cu ilə qədər dünya əhalisinin kasıb kütləsinin 87 faizinin bu qitədə yer alacağı ehtimal edilir), odur ki, “peyvənd millətçiliyi” də təəccüblü deyil.
Təbiətin qisası
Ümid edək ki, təbiət qisas almır. Çünki əgər dünyada baş verənlər təbiətin qisasıdırsa, o da selektiv yanaşma ilə başlamayıb, mütləq ədalətə söykənmir.
Ötən həftə fəlakətlər bir-birini əvəz etdi: Almaniya, Belçika və Niderlandı sel yuyub aparır, 100-dən artıq insan həyatını itirib, “Afrika taunu” infeksiyası ev heyvanları arasında yayılıb, insanlara keçmək ehtimalı da istisna edilmir.
Afrikanın qərbində quş qripinin yayılması səbəbilə 6 mindən çox ev quşu məhv edilib. Səudiyyə Ərəbistanında qum fırtınası başlayıb, Rusiyanın tayqa meşələri od tutub yanır, Kanadada isə yer-göy istidən alovlanır: ölənlərin sayı 800-ü keçib.
Argentinada koronavirusdan həyatını itirənlərin sayı 100 mindən artıqdır, ölkədə beş günlük matəm elan edilib.
Latviyalı yazıçı Mixail Dımov uşaqlar arasında maraqlı bir sorğu aparıb, onlardan tanrıya hansı sual vermək istədiklərini soruşub. IV sinif şagirdi Petyanın sualı belə olub: “Əgər Qiyaməti qopartsan, onda Sənə kim ibadət edəcək?”
Alman əsgərlərindən bəri
"Patı" - son günlərin ən populyar sözüdür. Bu ucuz, ölümcül həb hər gün daha böyük təhlükəyə çevrilir. Son iki həftədə 11 kq “patı” dövriyyədən çıxarılıb. Bu, hələ ələ keçəndir - 10 dəfə artığını düşünə bilərik.
Tək biz deyilik, Qərb də bu baxımdan ağ gündə deyil - narkotik istifadə edənlərin sayı durmadan artır. Məsələn, 2020-ci ildə ABŞ-da yüksək dozada narkotik istifadəsi ilə bağlı ölümlərin sayı 30 faiz artıb, 93331 nəfər yüksək dozada narkotik istifadəsindən ölüb.
Deyəsən, avtoritar rejimlər daha yaxşıdır: ÜST Şimali Koreyada hələ də koronavirusun olmadığını təsdiqləyib.
Qayıdaq, ucuzluğu ilə dövriyyəsi artan "patı"ya. Əsl adı metamfetamin olan bu maddəni ilk dəfə İkinci dünya müharibəsi zamanı alman əsgərlərə yatmasınlar və aclıq hiss etməsinlər deyə qəbul etdiriblər. Bəzi mənbələrdə Hitlerin özünün də ondan istifadə etdiyi bildirilib.
Robotlar dindarlara yol göstərəcək
Səudiyyə Ərəbistanı həcc ziyarətində olan zəvvarların təhlükəsizliyini təmin etmək və onları istiqamətləndirmək üçün iki robot istifadəyə verib. 3G texnologiyası ilə işləyən, ekranı, kamerası və mikrofonu olan "şəxsi robot" zəvvarlar arasında gəzmək, onları yönləndirmək və suallarını cavablandırmaq qabiliyyətinə malikdir.
Zəvvarların və Kəbədə çalışanların riayət etməli olduqları qoruyucu tədbirlərə əməl edib-etmədiklərini izləyəcək "təhlükəsizlik robotu"nun temperaturu ölçəcəyi, insanların maska taxmasına nəzarət edəcəyi və ərazini davamlı dezinfeksiya edəcəyi qeyd edilib.
Bir sözlə, bütün gələcək robotlara bağlıdır, görünür, hətta dinin gələcəyi də.
Balacaların tanrıya məktubundan daha biri: “Katoliklərin, müsəlmanların, yəhudilərin, lüteranların, pravoslavların hərəsinin öz tanrısı var. Siz orada neçə nəfərsiniz elə?” (İqor, IV sinif)
Eləcə də oxuyun:
-
Almaniyada daşqınlar səbəbi ilə neft sızıntısı baş verib
-
Səudiyyə Ərəbistanında həcc ziyarəti başlayıb
-
"Patı" dəhşəti: Azərbaycanda qadınlar arıqlamaq üçün "ağ ölüm"ün girbadına düşür
-
Ermənistan dövlət sərhədi boyu Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - MN
-
Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev