BAKI, 19 iyul - Sputnik. Bərdə rayonunda keçirilən toy məclisində zəhərləndiyi ehtimal edilən 7 nəfərdən biri 77 yaşındadır. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Bu barədə Bərdə rayon Mərkəzi xəstəxanasının növbətçi həkimi Emin Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O qeyd edib ki, xəstələr arasında azyaşlı da var. Və onun artıq evə göndərilməsi nəzərdə tutulub.
Emin Əliyev qeyd edib ki, iyulun 18-də, təxminən 22 radələrində xəstəxanaya 7 nəfər mədə-bağırsaq pozğunluğu şikayətləri ilə müraciət edib. “Onlar dərhal həkimlər tərəfindən nəzarətə götürülüblər, xəstələrə ilkin tibbi yardımlar göstərilib. Xəstələr funksional mədə-bağırsaq pozğunluğu şikayətləri ilə müraciət eləyiblər. Tərəfimizdən lazımi yardımlar göstərilib. Bu barədə aidiyyəti orqanlara məlumat verilib. Hal-hazırda xəstələrin vəziyyəti normaldır. Bir neçə nəfər evə yazılmağa uyğundur. Əgər zəhərlənmə faktı öz təsdiqini taparsa, mətbuata bu haqda məlumat veriləcək”.
Həkim xəstələrin arasında olan bir nəfər azyaşlının son durumu ilə bağlı da danışıb. “Xəstələrin arasında bir nəfər azyaşlı da vardı. Gətiriləndə vəziyyəti pis olsa da hazırda durumu yaxşıdır. Evə yazılmağa uyğundur”.
Xəstəxananın növbətçi həkimi baş verən hadisə ilə bağlı da bəzi faktları diqqətə çatdırıb. O qeyd edib ki, fakt ailə məclisində qeydə alınıb.
“Ailə məclisi olub. Dəqiq bir məlumat yoxdur ki, hansı qidadan sonra onların vəziyyəti bu cür dəyişib. Bütün baş verənlərə baxmayaraq, zəhərlənmə faktı hələ ki öz təsdiqini tapmayıb. Hazırda gətirilən xəstələrin vəziyyəti orta-ağır və yüngül olaraq qalır. Onların müayinə və müalicələri davam etdirilir”.
Qeyd edək ki, Bərdədə toy məclislərinin birində 7 nəfərin vəziyyəti qəfildən pisləşib. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
---------------
18.07.2021
23:53
Bərdədə toyda zəhərlənmə qeydə alınıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə toy məclislərinin birində baş verib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə olunan məlumata görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri - 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri - 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.
Azərbaycanda toylar müəyyən şərtlərlə keçirilir
Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.
Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).
Eləcə də oxuyun:
-
Azərbaycan toylarının "olmazsa, olmaz"ı menyudan silinir: şadlıq evlərindən yeni şərtlər
-
Şadlıq saraylarında toylara yeni qaydalar tətbiq ediləcək - Qərar