12:59 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
Azərbaycanda toylar (36)
6716 0 0

Pandemiya dövründə restoran sahiblərinin cərimələnmə qorxusu, el şənliklərində iştirak edən qonaqlara say məhdudiyyətinin tətbiq edilməsi və ərzaq məhsulların bahalaşması menyuların qiymətinə təsir edib.

BAKI, 17 iyul — Sputnik. Mətbuatda, demək olar ki, hər gün bir neçə şadlıq sarayının cərimələnməsi barədə xəbərlər tirajlanır. Sputnik Azərbaycan pandemiya dövründə restoran sahiblərinin cərimələnməsinin, eləcə də el şənliklərində iştirak edən qonaqlara say məhdudiyyətinin tətbiq edilməsinin menyuların qiymətinə təsir edib-etmədiyini araşdırıb.

Bu məqsədlə Sputnik Azərbaycan paytaxtda el şənliklərinin keçirildiyi restoranlarla əlaqə saxlayıb.

"Gilavar" şadlıq sarayından Sputnik Azərbaycan-a bildiriblər ki, nə iyul, nə də avqust ayına restoranın qapalı zallarında el şənliyi keçirmək üçün boş zal var. Restoran administratoru bildirib ki, hazırda restoranın həyətində bircə açıq havada toy etmək mümkündür. Burada isə menyunun qiyməti 50 manatdan başlayır. Administratorun sözlərinə görə, qiymətlər əvvəl 40 manatdan başlasa da, pandemiya dövründə ən azı 10 manat bahalaşıb:

"Biz də istəmərik ki, müştəri narazı qalsın. Amma ərzaq bahalaşıb, 350 nəfərlik zalda 50 nəfərlə toyun keçirilməsi bizi də ziyana salıb. Ona görə də menyu qiymətləri ən azı 10 manat bahalaşıb".

Elit toyların məkanı kimi tanınan "Elite Events Hall"un da heç bir qapalı zalında el şənliyi keçirmək üçün iyul və avqust aylarına boş yer qalmayıb. Restoranın administratoru qeyd edib ki, qapalı zallarda menyu qiymətləri 130 manatdan başlayıb 180 manatadək dəyişir. Restorandan bildirdilər ki, "Elite Events Hall"un nəzdindəki "Çapar "restoranının həyətində toy etmək mümkündür. Amma tərtib olunmuş menyu qiymətləri dəyişmir. Müştəri öz seçimi əsasında menyudan yeməklərin bir neçəsini çıxartsa, qiyməti 80 manata endirmək mümkündür. Restorandan menyu qiymətlərinin bahalaşdığını təsdiqlədilər. Bildirdilər ki, bu, pandemiyaya görə qonaq sayının azaldılması ilə bağlıdır:

"Əvvəl 500-600 nəfərlə toylar keçirilirdi. İndi maksimum qonaq sayı 150 nəfərdir. Biz isə işçi heyətinə əməkhaqqı ödəyirik. Qonaq az da olsa, o maaşı veririk, çox da olsa. Ona görə menyu qiymətləri bir qədər bahalaşıb".

"Su səsi" restoranında isə menyunun qiyməti 40-45 manatdan başlayır. Bu restorandan qiymət artımının ərzaq bahalaşması ilə əlaqəli olduğunu söylədilər: "Əvvəl 30-35 manata da menyu vardı. Ərzaq bahalaşıb, üstəlik indi 148 qonaq üçün masa açırıq. Təsəvvür edin, iki nəfərlik yer də gəlin-bəy üçün saxlayırıq ki, gəlib cərimələməsinlər, qonaq sayı 150-dən artıq olmasın", - deyə restorandan bildiriblər.

"Versal Palace"da isə bircə 3 avqusta toy üçün boş yer var. Restorandan bildirdilər ki, Məhərrəm ayına görə avqustun 10-dək bütün günlər tutulub. Menyunun qiyməti isə 55 manatdan başlayır. Üstəlik restoran menyudan musiqi və video çəkilişi də çıxarıb. Qiymət artımı isə belə izah olundu: "Menyunun bahalaşmasının əsas səbəbi ərzaq bahalaşmasıdır. Amma qonaq sayı da qiymətə təsir edib. 150 nəfərdən artıq qonaq qəbul etmirik ki, cərimələnərik", - deyə restorandan bildiriblər.

Apardığımız araşdırma zamanı məlum oldu ki, şadlıq sarayları menyu qiymətlərini ən azı 10-15 manat civarında bahalaşdırıblar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda şadlıq sarayları qiymət diktə edir. Çünki tələb təklifi üstələyib: "Pandemiyaya görə evlənmək istəyənlərin hamısı gözləyirdi. Hər kəs indi boş restoran axtarır. Bu da el şənlikləri təşkil edilən şadlıq evlərinə qiyməti diktə etmək imkanı verib. Bu gün əhali şadlıq evlərinə növbəyə durub. Ona görə də onlar öz şərtlərini diktə edirlər. Nə qədər ki, Azərbaycanda insanlar toy arzusu ilə yaşayacaq, şadlıq evləri belə "at oynadacaq", - deyə AİB sədri bildirib.

E.Hüseynov qiymət artımının daha bir səbəbinin müştərilərə müstəqil menyu seçmək imkanının verilməməsi ilə bağlı olduğunu söyləyir:

"Şadlıq evləri adlandırdığımız obyektlərdə müştərilərə tərtib olunmuş menyular təklif olunur. Əksər hallarda o menyulardan heç bir yeməyin, yaxud salatın çıxarılmasına icazə verilmir. Nə də müştəriyə imkan yaradılmır ki, özü müstəqil menyu seçsin. Ona görə də insanlar belə obyektləri boykot etməlidirlər. Çadır toylarına başlamaq lazımdır. Mən özüm oğlumun toyunda plovun birinci gətirilməsi üçün böyük əmək sərf etdim. Şadlıq evləri yeməkləri ən sonda süfrəyə gətirirlər ki, çox istehlak edilməsin, yemək restorana qalsın. Çox vaxt artıq qalan, süfrəyə verilməmiş yeməyin müştəri tərəfindən aparılmasına da etiraz edirlər. Baxmayaraq ki, müştəri onun pulunu ödəyir".

E.Hüseynov deyir ki, hazırda çıxış yolu restoranlarda toydan əvvəl müştəri ilə sahibkar arasında yazılı müqavilənin bağlanmasıdır. Onun sözlərinə görə, şadlıq evləri ilə yazılı müqavilə olmadıqca, müştərinin hüququnu qorumaq mümkün deyil.

Cərimə ardınca cərimə

Gəncədə karantin qaydalarını pozan restoran aşkarlanıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə ŞBPİ Kəpəz RPİ idarəsinin keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində yerləşən "Sevincim" şadlıq sarayının Operativ Qərargah tərəfindən qəbul etdiyi qaydaları pozduğu müəyyən edilib. Restoranın inzibatçısı Elşən Hüseynov barəsində protokol tərtib edilərək məhkəməyə göndəriib. Məhkəmənin qərarı ilə E.Hüseynov 8 gün inzibati qaydada həbs edilib.

Sumqayıtda da karantin qaydalarını pozan restoran sahibləri cərimələniblər. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı Sumqayıtda "Sahil", "Xəlifə", "Aylı gecə" və "Love Palace" restoranlarında qanunvericiliyin tələblərinin pozulduğu məlum olub. Belə ki, şənlik məclislərində obyekt sahibləri tərəfindən "icazə.e-gov.az" portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib. Aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.

Zaqatalada isə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndi ərazisində yerləşən "Talaçay" şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən "icazə.e-gov.az" portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200-dən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib.

Toy etmək olar, amma...

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).

Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar:

- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməlidir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

- İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Eləcə də oxuyun:

Mövzu:
Azərbaycanda toylar (36)
Teqlər:
toy, menyu, musiqi, videoçəkiliş, bahalaşma, şadlıq evi

Əsas mövzular