Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər
Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Abunə olmaq
Avropa İttifaqı Şurasının Prezidenti Ermənistana səfərindən sonra Azərbaycana gəlib. Buradan isə Gürcüstana səfər edəcəyi gözlənilir.

BAKI, 18 iyul — Sputnik. İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata bəyanatlarını təqdim edir.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün mən Prezident Şarl Mişeli qəbul etməyə çox şadam. Biz əməkdaşlığımız, planlarımız, nailiyyətlərimiz barədə çox səmərəli, uzun müzakirələr apardıq. Düşünürəm ki, Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstərcisidir. Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi, demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Mən, həmçinin əlavə etmək istərdim ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz 2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, uzun illərdir - artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

Bu gün biz cənab Prezidentlə bağlılıqla əlaqədar məsələləri müzakirə etdik. Ümumiyyətlə, bu məsələ hər zaman, xüsusilə nəhəng nəqliyyat infrastruktur layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında gündəlikdə olub. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Beləliklə, bu məsələ, eləcə də regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər bu gün geniş şəkildə müzakirə olundu. Çünki bu, yeni vəziyyət yaratdı, yeni reallıqlar yaratdı.

Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.

Cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq.

Cənab Prezident, mən bir daha səfərinizə görə minnətdarlığımı bildirmək və əminliyimi ifadə etmək istərdim ki, güclü tərəfdaşlıq və əməkdaşlıq uğurla davam etdiriləcək. Təşəkkür edirəm.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı

- Çox sağ olun, cənab Prezident.

Öz növbəmdə qonaqpərvərliyinizə, Sizinlə görüşmək fürsətinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparmaq - bu, müzakirə olunmuş birinci məsələdir. Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik. Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum.

Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır.

İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır. Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir.

Siz haqlı qeyd etdiniz ki, çox sayda Şərq Tərəfdaşlığı ölkələrinə səfərim bir işarədir. Bu, Avropa İttifaqının bu regionda apardığı işinin işarəsidir, mesajıdır. Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir.

Üçüncü məsələ, Siz onu qeyd etdiniz, Azərbaycan və Ermənistanla bağlı vəziyyətdir. Sizə, əslində, təşəkkürümü bildirmək istəyirəm ki, hətta, bu səfərdən öncə, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz oldu. Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu.

Bu halda, bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq. Eyni zamanda, müəyyən həll variantlarına nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək imkanımız oldu və həmin variantlar dayanıqlı olmalıdır. Mən Sizə bildirdim ki, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir.

Üçüncü mövzu, Siz bunu xüsusilə qeyd etdiniz və biz həmin mövzuya qayıdırıq. Bu, müxtəlif sahələrdə regional əməkdaşlığın vacibliyidir. Enerji sektorunun bütün regionda və hətta onun sərhədlərindən kənarda əhəmiyyətini qeyd etdiniz. İnfrastrukturun əhəmiyyəti var. Bu, xüsusən də daşımalara, onların müxtəlif marşrutlarına aiddir. Bu mövzunu da müzakirə etdik. Bu halda, həmçinin Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Bu mesajı bu mövzuda səfərbər olunmağa hazır olan bütün tərəflərə və ölkələrə çatdırmaq istəyirik. Bu axşam və sabah mən Gürcüstanda olacağam. Bu mövzu, həmçinin Gürcüstanda işlərimizin və planlarımızın gündəliyində olacaq. Hesab edirik, sülh, dayanıqlı sülh nəzərdə tutur ki, yaxşı razılaşmalar olsun və həyata keçirilsin. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün gec-tez müzakirə olunacaq digər məsələlər də var.

Nəhayət, biz daha geniş geosiyasi vəziyyətlə bağlı bir sıra məsələləri nəzərdən keçirdik. Biz bir sıra sahədə, xüsusən də ölkənin dünyəvilik sahəsində Azərbaycanın göstərdiyi bəzi səyləri qeyd etdik. Bu mövzuda dünyada bir çox debatlar getməkdədir.

Cənab Prezident, bu fikir mübadiləsinə görə bir daha təşəkkür edirəm. Avropa İttifaqı dəyərləri demokratiyanı, insan hüquqlarını, azadlıqları dəstəkləyən siyasi layihədir. Lakin bu layihə, həmçinin qarşılıqlı maraq doğuran layihələrə nail olmaq üçün müəyyən sayda tərəfdaşlarla güclü tərəfdaşlığı inkişaf etdirmək istəyir.

Ölkənizlə Avropa İttifaqı arasında əlaqələri dərinləşdirmək fürsətinə görə təşəkkür edirəm.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

İctimai Televiziyanın müxbiri: Mənim sualım cənab Şarl Mişelə ünvanlanıb. İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan hökuməti açıq şəkildə Ermənistanla sülh razılaşması və iki ölkənin sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Əfsuslar olsun ki, Ermənistan bu təklifi rədd etdi. Bu, o deməkdir ki, Ermənistan sülh istəmir. Mənim sualım isə ondan ibarətdir ki, siz bu məsələni Ermənistan hökuməti ilə müzakirə etdinizmi və sülh razılaşması üzərində danışıqlara başlamağa Ermənistanı inandırmaq üçün Avropa İttifaqı nə edə bilər? Təşəkkür edirəm.

Şarl Mişel: Mən həqiqətən də vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistan hökuməti, Ermənistanın baş naziri ilə müfəssəl müzakirələr aparmışam. Mənim belə bir imkanım oldu, biz çox konkret və aydın müzakirələr apardıq, regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət etdik.

Mənim həm də Azərbaycan Prezidentinə mesajları çatdırmaq imkanım oldu. Mən həm Azərbaycan Prezidentinə, həm də Ermənistan baş nazirinə Avropa İttifaqının mümkün qədər müsbət və konstruktiv rol oynamağa hazır olduğunu bildirdim. Əlbəttə ki, biz Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik. Lakin bu, Avropa İttifaqı tərəfindən müəyyən mütəxəssis biliyi, dəstək və ideyaların təmin edilməsinin və daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması, regionda dayanıqlı sülhün bərqərar olmasından əmin olmaq üçün müəyyən mümkün irəliləyişlərə dəstək verilməsinin mümkün olmaması anlamına gəlməməlidir.

Day.az informasiya agentliyinin müxbiri: Mənim sualım Azərbaycan Prezidenti İlham Əliyevədir. Zati-aliləri, İkinci Qarabağ müharibəsindən sonra Siz nəqliyyat sahəsində geniş beynəlxalq əməkdaşlıq imkanlarından bəhs etdiniz. Azərbaycan müasir nəqliyyat infrastrukturu yaradıb. Bu və Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsində hansı rolu oynaya bilər? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir və bu ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana bizim ərazilərimizdə layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Sizə deyə bilərəm, artıq bu yaxınlarda mənə məlumat verildi ki, Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. Çünki biz bütün yaxın qonşularımız və region ölkələri ilə ikitərəfli səviyyədə yaxşı təmaslar qurmuşuq. Bundan əlavə, Azərbaycandakı siyasi, iqtisadi sabitlik də bizə kömək edir.

Hazırda biz hər şeyin dağıdıldığı işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasının fəal mərhələsindəyik. Orada üç beynəlxalq hava limanı inşa ediləcək. Birincisi - Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi - Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.

Biz, həmçinin Xəzər regionunda ən böyük dəniz donanmasına malikik. Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Biz bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını etdik. Bu, bizim logistik və nəqliyyat şəbəkəmizin ən mühüm elementlərindən biridir.

Müasir magistral yollar - yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Bu, həqiqətən də onu göstərir ki, biz infrastruktura böyük sərmayə yatırmışıq. Əlbəttə ki, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Ermənistan sərhədinə doğru magistral yolun tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Beləliklə, biz Ermənistandan müsbət cavab almalıyıq, lakin bu cavab selektiv olmamalıdır. Qeyd etdiyim kimi, bütün kommunikasiyalar eyni vaxtda açılmalıdır və bu baxımdan ayrı-seçkilik olmamalıdır. Sözsüz ki, bundan sonra regionda proqnozlaşdırılma, sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək. Bizim istədiyimiz budur.

Trend informasiya agentliyinin müxbiri: Mənim sualım cənab Şarl Mişelədir. Sualım Ermənistanda diktatura rejiminin bərpa olunması ilə bağlıdır. Ermənistanda kütləvi həbslər baş verir, o cümlədən siyasi rəqiblər həbs olunur. Hətta seçki kampaniyası zamanı Paşinyan öz rəqiblərini çəkiclə hədələyirdi. Bildirirdi ki, bütün rəqiblərini məhv edəcək və Ermənistanda siyasi rəqiblərin həbs olunması bu gün də davam edir. Əfsuslar olsun ki, bu günədək nə Avropa İttifaqı, nə ATƏT, nə Avropa Şurası, nə də insan haqları ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları buna hər hansı bir reaksiya verməyib. Beləliklə, bu gün Cənubi Qafqaz xəritəsində Ermənistanın diktatura rejimi bir qara ləkədir. Nə üçün buna reaksiya verilmir və bu tənqid olunmur?

Şarl Mişel: Avropa İttifaqı, daha dəqiq desək, bu məsələləri ATƏT, xüsusən ATƏT yanında fəaliyyət göstərən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə işləyir. ATƏT-in yazdığı hesabatlar həmin ölkədə keçirilmiş seçkilərin bərabərlik, açıqlıq baxımından təfərrüatlarını qeyd edir. Bu münasibətlə biz seçki prosesi başa çatdıqdan sonra Ermənistanın hakimiyyət orqanlarını təbrik etdik.

İcazə verin, əvvəlki sualla bağlı bir məsələni də əlavə edim. Bu, çox mühüm məsələdir və əvvəlki suala aiddir. Hesab edirik ki, Avropa İttifaqı öz növbəsində regional tərəfdaşlıq çərçivəsində qarşılıqlı təmasları təşviq etməlidir. Bu məqsədlə, fərqli mövqeləri anlamaq üçün dünən mən Ermənistanın hakimiyyət orqanları ilə, bu gün isə Azərbaycan Prezidenti ilə bu məsələlərin təfərrüatlarını müzakirə etdim. Məndə belə bir təəssürat var ki, infrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur. Əlbəttə, digər rəylər və narahatlıqlar var və onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmanı nəinki Ermənistanla, eləcə də aidiyyəti olan digər ölkələrlə təşviq etmək istəyirik. Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik. Ümidvaram ki, mən bu məsələni, həmçinin sabah Gürcüstanın hakimiyyət orqanları ilə müzakirə edəcəyəm.

CBC Azərbaycan telekanalının müxbiri: Mənim sualım Azərbaycan Prezidenti İlham Əliyevədir. Mediada Qarabağda ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlərlə bağlı fotoşəkillər və videomateriallar mövcuddur. Həmin ərazilərdə yenidənqurma işlərinə başlanılıb və bu işlərə bir sıra ölkələr dəvət edilib. Xarici investorları bu sahəyə nə cəlb edə bilər?

Prezident İlham Əliyev: Siz də qeyd etdiyiniz kimi, azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. Həmçinin beynəlxalq media nümayəndələrinin azad olunmuş ərazilərə bir neçə səfər təşkil edilib ki, onlar da dağıntıların miqyasının şahidi olsunlar. Bununla yanaşı, Azərbaycanda akkreditə olunmuş səfirlər və digər diplomatik nümayəndəliklərin rəhbərləri azad olunmuş ərazilərə bir neçə dəfə səfər ediblər. Mənzərə onlar üçün aydın oldu. Oralar yerlə-yeksən edilib və həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı deyil, müharibədən sonrakı dövrdə törədilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil və biz onu azad edəndə orada bayrağımızı dalğalandırmaq üçün bir dənə də bina tapa bilmədik. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub.

Beləliklə, orada görüləcək işlərimiz çoxdur. Biz 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. Onlar avtomobillə hərəkət edərkən İkinci Qarabağ müharibəsi dayandıqdan sonra - ermənilərə həmin əraziləri boşaltmaq üçün iki həftə vaxt verildiyi müddətdə orada yeni basdırılan minaya düşüblər.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tuturdular. Bu, sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib. Yəni, bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış və böyük vəzifə dayanır. Biz bunu edəcəyik. Bütün zəruri tədbirlər görülüb və maliyyə vəsaiti ayrılıb.

Xarici sərmayələrə gəldikdə, zənnimcə, burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir.

Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Hesab edirəm, digər sahə turizm ola bilər, baxmayaraq ki, Ermənistan işğal olunmuş ərazilərdə təbiətimizə böyük ziyan vurub. Bir nümunə qeyd edə bilərəm. Azad olunmuş ərazilərdə meşə massivlərinin sahəsi 230 min hektar olub. Bu gün isə peyk müşahidələrinə əsasən, meşələrin sahəsi 170 min hektardır. Yəni, 60 min hektar meşə məhv edilib. Bizim göl və çaylarımız çirkləndirilib və biz artıq bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişik.

Eyni zamanda, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan, çaylarımızı çirkləndirən, təbiətimizə ziyan vuran və təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metalları qanunsuz olaraq talayan xarici şirkətlərə qarşı hüquqi prosedurlara start verilib. Beləliklə, xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Bütün bu ekoloji ziyana baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Mən ümid edirəm ki, xarici investorlar Azərbaycanda olduqca münbit sərmayə iqlimini nəzərə alacaqlar. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur. Ümid edirəm ki, xarici şirkətlər bu mövzunu ciddi nəzərdən keçirəcək.

Yeri gəlmişkən, deyə bilərəm ki, artıq Avropadan olan bir şirkət azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb. Bu, yaxşı başlanğıcdır və əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib.

-----------

17:08

İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə mətbuat konfransı keçirilib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər
Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər

Azərbaycan uzun müddət davam edən münaqişəyə son qoyaraq BMT TŞ-nin qətnamələrini yerinə yetirdi, deyə dövlət başçısı bildirib.

“Münaqişə bitib, indi sülh haqda düşünməyin zamanıdır”, - Prezident vurğulayıb.

“Biz regiondakı yeni situasiyaya dair planlarımızı, təşəbbüsləri və yanaşmaları müzakirə etdik. Aİ vacib rol oynayır və əminəm ki, bundan sonra da vacib rol oynayacaq”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropaya enerji resurslarının etibarlı tədarükçüsüdür.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər
Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər

Dövlət başçısı həmçinin Avropaya tədarük olunan enerji resurslarının  diversifikasiyasında Azərbaycanın rolunu qeyd edib.

“İkinci Qarabağ müharibəsindən sonra regionda bütün kommunikasiyaların açılması imkanı yaranıb”, - deyən İlham Əliyev qeyd edib ki, bölgənin münaqişəsonrakı inkişafı məsələsi də bu gün Şarl Mişellə görüşdə müzakirə olunub.

Şarl Mişel öz növbəsində qeyd edib ki, Avropa İttifaqı bütün regionun sabitliyi və çiçəklənməsində maraqlıdır.

Mişel qeyd edib ki, AR Prezidenti ilə görüşdə Azərbaycanla Avropa İttifaqı  arasında əməkdaşlığın inkişafı perspektivləri, gələcək layihələr, eləcə də ilin sonunda keçirilməsi planlaşdırılan Şərq tərəfdaşlığı sammitinə hazırlıq müzakirə olunub.

Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib ki, Aİ regionda uzunmüddətli və dayanıqlı sülhün tərəfdarıdır.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər
Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər

Mişel Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının, regional əməkdaşlığın və infrastrukturun bərpasının vacibliyini də qeyd edib.

Mətbuat konfransından sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb. Avropa İttifaqı Şurasının Prezidentinin şərəfinə Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.

Şarl Mişeli Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər yola salıblar.

--------

14:55

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər.

Sputnik Azərbaycan bu barədə Azərbaycan Prezidentinin rəsmi saytına istinadən məlumat verir.

Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidentini qarşılayıb.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər
Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər

Sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə foto çəkdiriblər.

 

--------

12:08

Ölkəmizə işgüzar səfərə gələn Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Şarl Mişel burada nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşüb. R.Nəbiyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir müxtəlif sahələrdə, eləcə də nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

© © Photo: AZƏRTACAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.
Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Azərbaycanda kosmik sahənin inkişafından bəhs edən Rəşad Nəbiyev qeyd edib ki, “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peyklərinin Fransanın “Arianespace” şirkəti tərəfindən orbitə buraxılması ölkəmizin avropalı tərəfdaşlarla əməkdaşlığa önəm verdiyinin bariz nümunəsidir. Nazir əlavə edib ki, “Azersky” – Yerin məsafədən müşahidəsi peyki 2014-cü ildə “Airbus Defence and Space” şirkətindən alınıb.

Rəşad Nəbiyev Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin “Azərkosmos” ilə Avropa Geostasionar Naviqasiya Xidməti (EGNOS) arasında əlaqələrin genişləndirilməsindəki səylərini yüksək qiymətləndirib.

Diqqətə çatdırılıb ki, 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu beynəlxalq tədbir barədə məlumat verən Rəşad Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli həmin konqresdə iştirak etməyə dəvət edib.

Görüş çərçivəsində ölkəmizdə kosmik sahənin yaradılması və inkişafı, “Azərkosmos”un fəaliyyəti ilə bağlı təqdimat nümayiş olunub. “Azərkosmos”un missiyasının dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həlləri təqdim etmək olduğu, yerli və qlobal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər və həllər üzərində işlərin aparıldığı diqqətə çatdırılıb.

Nazir deyib ki, Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsi istiqamətində işlər davam edir.

Sonda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin yerləşdirildiyi teleport stansiyası ilə tanış olub.

 

----------

11:12

Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şamaxı rayonunda Cümə Məscidində olub.

© © Photo : APAAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Şamaxı rayonundakı Cümə Məscidində olub.
Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Şamaxı rayonundakı Cümə Məscidində olub.

--------

09:18

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib, abidə kompleksi önünə əkil qoyub.

 

--------------

17.07.2021

21:21

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşılayıblar.

Aİ Şurasının Prezidentinin mətbuat katibi Barend Leyts "Twitter" səhifəsində yazdığınz görə, Avropa İttifaqı Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir. Şarl Mişel bu məqsədlə Azərbaycan Prezidenti ilə görüş keçirəcək.

Şarl Mişelin Ermənistana səfəri

16-18 iyul tarixlərində gerçəkləşdirilən Azərbaycan və Ermənistana baş tutacaq səfər zamanı Mişelin eyni zamanda Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla da görüş keçirib.

Avropa İttifaqı Ermənistana 2,6 milyard avro çərçivəsində maliyyə yardımı edəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu bu gün Yerevanda Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

"Biz sizin yanınızdayıq və Ermənistanın prioritetlərini - infrastruktur, rəqəmsal gündəm, iqlim, nəqliyyat, demokratik islahatları təşviq etmək üçün Ermənistana 2,6 milyard avro maliyyə paketi təqdim etməyə hazır olduğumuzu təsdiqləyirik", - deyə Mişel bildirib.

O, həmçinin bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazda problemlərin həllinə daha aktiv cəlb olunmaq, regionla əlaqələri möhkəmləndirmək niyyətindədir: "Bölgəyə sabitlik və firavanlıq gətirmək üçün çalışmağa davam etməyinizi tövsiyə edirik. Ümid edirik ki, minalanmış ərazilərin xəritələri, demarkasiya və sərhədlərin delimitasiyası məsələlərini həll etmək mümkün olacaq. Sülh danışıqları vacibdir. Avropa İttifaqı problemli məsələləri həll etmək və demokratik dəyərləri təbliğ etmək üçün konstruktiv tərəfdaş olmağa hazırdır".

Aİ Şurasının prezidenti Bakıdan sonra hara gedəcək

Həmçinin bildirilib ki, iyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Həmçinin oxuyun:

Aİ Cənubi Qafqazın problemlərinin həllində fəal iştirak etməyə hazırdır

Xəbər lenti
0