BAKI, 13 iyul — Sputnik. Vətən müharibəsi başa çatdıqdan sonra ilk dəfə Misirdən olan jurnalistlər azad olunmuş torpaqlara səfər ediblər. Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, onlar öncə Ağdam şəhərinin Cümə məscidində namaz qılıb, dualar oxuyublar. Məscidin işğaldan əvvəlki və sonrakı vəziyyəti ilə tanış olan media nümayəndələri daha sonra ermənilər tərəfindən dağıdılan Pənahəli xanın imarətində olublar.
Jurnalistlər burada gördüklərindən dəhşətə gəldiklərini bildiriblər. “Əl Yəum” qəzetinin jurnalisti Ayman Amer-Axbar bildirib ki, ermənilər dini abidələri təhqir etməklə vəhşiliklərini dünyaya bir daha sübut ediblər.
"Azərbaycanı və azad olunmuş əraziləri görəndə çox sevindik və bu, həqiqətən qürurvericidir. Həm də biz çox kədərləndik ki, müqəddəs yerlər erməni ordusu tərəfindən dağıdılıb, xarabalığa çevrilib və hətta o yerlərdə heyvanlar - donuzlar saxlanılıb. Bu, bəşəriyyətə qarşı cinayətdir və qəbulolunmazdır. Çünki biz bunu tək İslam dininə qarşı yox, bütün dinlərə qarşı təhqir hesab edirik".
Ayman Amer-Axbar hazırda işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işlərinin də yüksək səviyyədə görülməsindən məmnunluğunu ifadə edib. "Biz ümummilli lider Heydər Əliyevə rəhmət oxuyuruq və cənab Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk ki, ötən müddət ərzində Azərbaycan üçün böyük işlər görülüb və həqiqətən, çox sevindirici haldır ki, bu müddətdə Azərbaycanda bu qədər inkişaf olub. Əlbəttə, biz gördük ki, işğaldan azad edilmiş ərazilərdə böyük vəhşilik, vandalizm izləri, böyük xarabalıqlar, dağılmış evlər var.
Amma ona baxmayaraq, biz gördük ki, Azərbaycan Prezidenti İlham Əliyev tez bir zamanda bərpa işlərinə başlanılması tapşırığını verdi. Həqiqətən, başlanılıb, biz bunu gördük. Gördük ki, yeni yollar, yeni hava limanı tikilir və yeni su kanalları çəkilir. Biz gördük ki, qısa bir zamanda çox böyük işlər görülür. Misirli jurnalist olaraq sevindim ki, şükür Allaha, məscidlər var. Yenə də çox sevindik ki, cənab Prezident İlham Əliyev dini abidələrə çox əhəmiyyət verir. İnşallah, gələcəkdə daha yaxşı olar".
Ağdam səfərindən əvvəl misirli jurnalistlər Cəbrayıl, Füzuli və Şuşada olublar. “Əl-Cümhuriyyə” qəzetinin baş redaktorunun müavini Bahjat Elvakil səfərdən məmnunluğunu ifadə edib: "Ərazilər işğaldan azad olunandan sonra məni buraya dəvət etdiyiniz üçün təşəkkür edirəm. Mən, həqiqətən, Azərbaycan xalqı ilə görüşəndə hiss etdim ki, o, çox mehriban və çox yaxşı xalqdır".
Amma Bahjat Elvakil səfər çərçivəsində rastlaşdığı erməni vandallığından da təəssüflədiyini bildirib: "O qədər vəhşilik, o qədər xaraba qoyulan evləri görəndə çox pis oldum. Mən o dağıdılmış məscidləri və abidələri görəndə çox pis oldum ki, niyə bu qədər qəddarlıq var, niyə bu qədər vandalizm var. Amma gələcəkdə daha yaxşı olacaq. Həm də Azərbaycanda çox yaxşı bir hal var - tolerantlıq. Şiələr və sünnilər arasında heç bir problem yoxdur. Hər ikisi bir yerdə namaz qılır, heç bir ayrı-seçkilik yoxdur. Bu, çox sevindirici haldır. Sevindirici haldır ki, biz 30 ildən sonra Azərbaycanın qısa zamanda yüksək səviyyədə bərpa işlərinə başladığını gördük. Çox sürətlə işlər gedir. Gördük ki, təzə yollar çəkilir, yeni beynəlxalq hava limanı tikilir, yeni məscidlər inşa edilir".
Qeyd edək ki, səfərin məqsədi Azərbaycan həqiqətlərini düzgün şəkildə dünyaya çatdırmaq, Misir və Azərbaycan arasındakı dostluq əlaqələrini genişləndirməkdir. Bölgəyə səfər edən jurnalistlər burada olduğu müddətdə və Misirə qayıtdıqdan sonra erməni vandallarının törətdikləri vəhşiliklər haqqında silsilə reportajlar hazırlayaraq aparıcı xəbər agentliklərində və qəzetlərdə dərc edəcəklər.
Eləcə də oxuyun:
-
Dindarların Şuşa səfəri: Müqəddəs yerlərdə ibadət etdilər
-
Diplomatlar Şuşada: Pənahəli xanın sarayı, Mehmandarovların malikanəsi və Qazançı kilsəsi
-
Ağdamda günəş enerjisi ilə işləyən artezian quyuları qazılacaq
-
Ermənistan azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı sorğuya cavabdan imtina edib