Hörmətli futbol həvəskarları, iyulun 6-7-də biz sizinlə çox maraqlı yarımfinal qarşılaşmalarının şahidi olduq. Bu oyunlarda onaltıncı qitə birinciliyinin finalçıları müəyyən olunub. Bu çempionatda baxımlı və həyəcanlı oyunlar çox olub, lakin mərhələdən-mərhələyə gərginlik bir qədər də artır. Yarımfinal oyunları da bunu aşkar şəkildə nümayiş etdirdi və rəqiblərin güzəştə getmək fikrində olmadığını göstərdi. Lakin nəticədə bəziləri qələbəni bayram etdi, məğlub olmuş komandanın oyunçuları isə kədərə qərq oldular. Amma gəlin yarımfinal oyunlarını ətraflı şəkildə yada salaq.
İtaliya – İspaniya, 1:1 (penaltilər üzrə 4:2)
Əvvəlki məqaləmdə mən İtaliya millisinin qələbəsini proqnozlaşdırmışdım və bunu Apennin təmsilçilərinin daha yaxşı hazırlığı ilə əsaslandırmışdım. Proqnozum özünü doğrultdu. Lakin qeyd etmək lazımdır ki, ispanlar məğlub olmaqlarına baxmayaraq, hazırkı çempionatda ən yaxşı oyunlarını keçirdilər. Əvvəla ondan başlayaq ki, komandaların baş məşqçiləri drujinalarının taktiki sxemlərini dəyişdirmişdilər: Luis Enrike daha çox hücuma və topu özündə saxlamağa, Roberto Mançini isə müdafiədə səliqəli oyuna və sürətli əks-hücumlara üstünlük vermişdi.
Enrike start heyətinə Alvaro Morata və Jerar Moreno kimi hücumçuları daxil etməyərək Olmo, Oyarsobal və Ferran Torresi oyuna buraxmışdı. İspanların baş məşqçisinin seçimi əsaslı idi, belə ki, Morata və Moreno hazırkı çempionatda dəhşətli sayda qol vəziyyətlərindən istifadə edə bilməyiblər.
Buna baxmayaraq, oyunun birinci hissəsində ispanlar çox yaxşı təsir bağışlayırdılar və bəzən apenninliləri öz qapılarının özünə sıxışdırırdılar. Lakin bütün bunlara baxmayaraq birinci hissədə onlar Canluici Donnarumanın qapısına yol tapa bilmədilər. Yeri gəlmişkən, Donnaruma bu çempionatda özünün dahi adaşı Canluici Buffonun layiqli davamçısı olduğunu nümayiş etdirib. İkinci hissədə ispanlar hücum etmədə davam edirdilər, təcrübəli italyan müdafiəçiləri isə onların bütün oyun fəndlərini uğurla darmadağın edirdilər.
60-cı dəqiqədə İtaliya millisinin əks-hücumunu qapıçı Donnaruma başladı, daha sonra Lorenso İnsinye komanda yoldaşı Çiro İmmobileni təhlükəli mövqeyə çıxarmaq istədi, lakin ispanlar buna mane oldular. Amma Federiko Kyeza rəqibin cərimə meydançasında topu ələ keçirdi və məsuliyyəti öz üzərinə götürərək gözəl bir zərbə ilə onu qapının uzaq dirəyinin yanına göndərdi. Pireneylilərin qapıçısı Unai Simon bu zərbə qarşısında aciz idi. Beləliklə, italiyalılar hesabda irəli çıxdılar.
Kyezanın vurduğu qoldan dərhal sonra Enrike əvvəlcə Ferran Torresi Alvaro Morata ilə, bir qədər sonra isə Oyarsabalı Jerar Moreno ilə əvəz etdi. Hələ oyundan əvvəl Morata belə bir məlumat paylaşmışdı ki, ispan azarkeşlər onu yığmanın pis oynamasında ittiham edərək təhdid edirlər. Guya ki, məhz Morata çoxsaylı qol vəziyyətlərini əldən verərək öz komandası üçün problemlər yaradır. Əlbəttə, futbolçunu zorakılıqla təhdid etmək yaramaz işdir, lakin ədalət naminə demək lazımdır ki, Alvaro həqiqətən də çoxlu əlverişli vəziyyəti qola çevirməyib ki, bu da onun səviyyəsində olan oyunçuya yaraşmır.
Düşünürəm ki, Morata da azarkeşlərin narazılıqlarının haqlı olduğunu başa düşürdü. O, meydana artıq qol vurmağa çıxmışdı. Qeyd etməliyəm ki, mən artıq çoxdandır ki, Moratanın bu cür məqsədyönlü və təhlükəli oyununu görməmişdim. Onun səyləri sonda nəticəsini verdi. 80-ci dəqiqədə Morata gözəl oyun nümayiş etdirən Dani Olmo ilə "divar" fəndini oynayaraq qapının yanına çıxdı və topu Donnarumanın qapısının aşağı küncünə mıxladı. Beləliklə, oyunda hesab bərabərləşdi. Alvaronun və ona qoşulan yoldaşlarının heyrətini görmək lazım idi...
İspanlar bundan sonra da hücumda idilər, lakin komandalardan heç biri oyunun əsas vaxtının sonuna qədər hesabı dəyişə bilmədi. Əlavə vaxtda da bir nəticə hasil olmadı və penaltilər seriyası başlandı...
Burada isə... İspanlar üçün xilasedici qolu vurmuş və bununla da özünü azarkeşlər qarşısında bəraət qazandırmış Alvaro Morata həlledici cərimə zərbəsini vura bilmədi. Moratanın şəxsi dramı bütün yığmanın oyunçularının kədəri ilə birləşdi. Luis Enrike özünü təmkinli apararaq nəinki oyunçuları ruhlandırırdı, həm də qalibləri layiqincə təbrik etməyə də özündə güc tapdı. İspanlar məğlub oldular, İtaliya finala çıxdı. Bu, kifayət qədər ədalətli nəticədir, apenninlilər bu çempionatda pireneyli rəqiblərindən dəfələrlə yaxşı təsir bağışlayırlar.
İngiltərə - Danimarka, 2:1
Bu yarımfinal duelində mənim favoritim futbolun yaradıcıları idilər. Proqnoz yenə də doğru çıxdı. Danimarkalılarla oynayarkən əsas odur ki, ilk yarım saat ərzində qol buraxmayasınız. Belə ki, bu fakt skadinavları ilhamlandırır və bundan sonra onların qarşısını almaq həddən artıq çətin olur. Lakin danimarkalılar "Uembli"də meydan sahiblərinə qarşı oyunu həddən artıq ehtiyatla başladılar: onlar hücuma getməkdənsə etibarlı müdafiə istehkamları qurmağa üstünük verdilər. İmkan düşdükdə sürətli əks-hücuma keçirdilər. 30-cu dəqiqədə danimarkalılar Pikfordun qapısından xeyli aralı nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanırlar. Lakin Damsqor hətta bu məsafədən də topu ingilislərin qapısına göndərməyi bacardı. Bu, Dumanlı Albion təmsilçilərinin hazırkı qitə birinciliyində buraxdığı ilk qol idi.
Lakin bundan sonra da danimarkalılar ingilis hücumçuların fərdi ustalığını nəzərə alaraq yenə də ehtiyatla oynayırdılar. Qeyd edim ki, britaniyalılar hələ Damsqorun qolundan əvvəl bir neçə dəfə skandinaviyalıların qapısı önündə əlverişli vəziyyət yaratmışdılar və buraxılmış qoldan sonra da ciddi cəhdlə hücumlarını davam etdirirdilər. Raxim Sterlinq və Harri Keyn bu oyunda çox yaxşı təsir bağışlayırdılar.
Bir qədər qabağa gedərək onu deyim ki, britaniyalılar bu oyunu ayrı-ayrı oyunçuların, xüsusilə də Keyn və Sterlinqin yüksək ustalığı hesabına uddular. İngilislərin hücumları bir-birini əvəz edirdi və nəhayət, belə hücumların birində danimarkalıların kapitanı Kyer cərimə meydançasına cinahdan ötürmənin qarşısını kəsərkən topu öz qapısına göndərdi. Əgər o topa toxunmasaydı onun arxasında səbirsizliklə Sterlinq gözləyirdi və şübhəsiz ki, topu boş qapıya göndərəcəkdi.
Oyunun ikinci hissəsində ingilislər yenə dominant idilər, danimarkalılar isə onlara nadir əks-hücumlarla cavab verirdilər. İngilislərin yüksək səviyyəsi o zaman özünü daha çox göstərdi ki, hazırkı çempionatda əla fiziki hazırlıq nümayiş etdirən danimarkalılar yorulmağa başladılar. Bu, əsas vaxtın ikinci hissəsinin sonlarında daha çox nəzərə çarpırdı.
Skandinaviyalılar özlərinə oxşamırdılar, çox ağır tərpənirdilər və görünürdü ki, oyunu əlavə vaxta keçirmək istəyirdilər. Danimarkalıların məşqçisi Kasper Xyulmand bütün əvəzetmələrdən istifadə etməli oldu, Qaret Sautgeyt isə Sakini Qrilişlə dəyişərək qalan əvəzetmələri overtayma saxlamışdı.
Əlavə vaxtda danimarkalılar qapılarının yanına sıxılaraq var gücləri ilə müdafiə olunurdular. Gücləri isə azalmışdı – bu, aşkar görünürdü. Britaniyalılar hücumları davam etdirdilər və artıq bilinirdi ki, nəticədə onlar qol vuracaqlar. Lakin...
103-cü dəqiqədə növbəti dəfə danimarkalılar cərimə meydançasına daxil olmuş Raxim Sterlinqi yıxdılar. Daha doğrusu, müdafiəçiyə toxunaraq o, özü yıxıldı. Hollandiyalı hakim penalti təyin etdi, VAR isə onun qərarını təsdiq etdi. Çox mübahisəli penalti idi, halbuki təkrar kadrlarda görünürdü ki, toxunma olub. Lakin bu toxunma Sterlinqin yıxılmasına səbəb ola bilməzdi.
Amma baxır necə qiymətləndirməyə: Makkeli və VAR briqadası bu vəziyyətdə ingilislərin xeyrinə qərar verdilər. Qalan vaxtda yorulub əldən düşmüş danimarkalılar heç nə edə bilmədilər, amma britaniyalılara da daha bir qol vurmağa imkan vermədilər. Halbuki Sautgeyt də buna heç can atmırdı, əvəzetmələri edərək məşqçi mərkəz xətdə və müdafiədə gücləndirmə apararaq oyunçulara topu daha çox özündə saxlamağı tapşırdı. İngilislər də əlavə vaxtın sonuna qədər elə bununla məşğul oldular.
Danimarkalılar məğlub oldular, lakin özləri haqda çox yaxşı təəssürat buraxdılar. Düşünürəm ki, bu komandanın yaxşı gələcəyi var, hər halda, onlar çılğınlıqları və fədakarlıqları ilə dünyada bir çox futbol həvəskarlarının rəğbətini qazandılar.
Futbolun yaradıcıları bütün futbol tarixində ilk dəfədir ki, Avropa çempionatının finalına çıxıblar. Onlar skandinaviyalılar üzərində layiqli qələbə qazandılar: ingilislər fiziki cəhətdən də daha yaxşı görünürdülər, oyun səviyyəsində də rəqibdən üstün idilər. Lakin bu uğursuz penalti bir qədər pis təəssürat saxladı. Əminəm ki, bu penalti olmasaydı belə, ingilislər yorulub əldən düşmüş danimarkalılara qol vuracaqdılar, hətta ola bilərdi ki, bir deyil, daha çox qol. Lakin necə oldusa, elə də oldu. Hər necə olsa da, Qaret Sautgeyt komandası ilə birlikdə onaltıncı Avropa çempionatının finalına çıxdı və iyulun 11-də onlar "Uembli"də İtaliya millisi ilə üz-üzə gələcəklər.