BAKI, 7 iyul — Sputnik. İyul ayının 6-da Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin N saylı hərbi hissəsində Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən daxil olan məlumatda bildirilir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış qranit abidə lövhəsində Vətən Müharibəsində şəhid olmuş qəhrəman sərhədçilərin fotoşəkilləri və adları həkk olunub, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, iştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər, abidə lövhəsinin önünə əklil və gül dəstələri düzülüb.
Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək xalqımızn ədalət və haqq savaşında tarixi Zəfərinin əldə edilməsində misilsiz fədakarlıq göstərib, ölkəmizin ərazi bütövlüyü, müqəddəs sərhədlərimizin işğaldan azad olunması uğrunda canlarından keçərək bizlərə sonsuz qürur hissi yaşadan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin minnətdarlıqla yad edildiyini qeyd edib.
Tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə bitmiş Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğurla icra etmələri vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, müxtəlif orden, medal və fəxri adların təsis edilməsi, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasının şəhidlərin şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi baxımından müstəsna əhəmiyyət kəsb etməsi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan sərhədçilərinin xidmətlərinin xüsusi qiymətləndirilməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulanaraq müqəddəs savaşda sinələrini sipər etmiş bütün qəhrəmanların əziz xatirələrinin daim uca tutulacağı, onların şücaətinin gələcək nəsillər tərəfindən xalqımızın əzmkarlıq, fədakarlıq salnaməsi kimi vəsf olunacağı qeyd edilib.
Tədbirin sonunda Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
Eləcə də oxuyun:
-
Rus sülhməramlıları sərhəddə: Paşinyanın Moskva səfərinin ilk nüansları
-
Laçında iki hərbçimiz həlak olub
-
Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb - FOTOLAR
-
DSX-nın polkovniki Azərbaycan-Ermənistan sərhəddində nə baş verdiyini açıqladı