BAKI, 8 iyul — Sputnik. "Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı qeyri-stabillik ocaqları yaranır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Moskvada səfərdə olan Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Təəssüf ki, son zamanlar biz təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki regionda vəziyyət qeyri-sabitdir. Əlbəttə, hər kəs sizin və Rusiya Federasiyasının 44 günlük müharibədə atəşkəsin əldə olunması üçün göstərdiyiniz səyləri bilir. Deməliyəm ki, rusiyalı sülhməramlıların yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı narahatlıq ocaqları yaranır", - Putinlə danışıqlardan əvvəl Paşinyan deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistanın sərhədində isə vəziyyət "elə də sabit deyil".
Paşinyan "Sputnik V" vaksininin Ermənistana tədarükünə görə də Rusiya liderinə təşəkkür edərək ölkəsində koronavirusla bağlı vəziyyətin xeyli yaxşı olduğunu və bu fonda rusiyalı turistlərin axınının müşahidə olunduğunu deyib.
--------------
07.07.2021
13:27
Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedir.
Bu onun partiyasının seçkidə qələbə qazanmasından sonra xarici ölkəyə ilk rəsmi səfəridir. Rusiya və Ermənistan liderləri sonuncu dəfə bu ilin aprel ayının 7-də görüşüblər.
Dünən Kreml Paşinyanla Putinin görüşünün gündəliyinə dair qısa şərh verdi: Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxılması planlaşdırılır. Döyüş əməliyyatlarından zərər çəkmiş ərazilərin əhalisinə yardım, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetiriləcək.
Bundan başqa, tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlığı və müttəfiqliyinin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin qurulmasının perspektivlərini də müzakirə edəcəklər.
Səfər barədə məlumat açıqlanandan dərhal sonra erməni sosial şəbəkələrində KİV-də Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyə hazırlaşdıqlarını əks etdirən fotoşəkillər peyda olmağa başladı. Burada təəccüblü bir şey olmasa da (belə ki, daha əvvəl Geğarkunik bölgəsinin qubernatoru Qnel Sanosyan sərhəddə rus sərhədçilərinin dislokasiyasının gözlənildiyi barədə danışmışdı) yenə də fotoşəkillər erməni cəmiyyətində bir sıra suallar doğurub və cavab tələb edilib.
Bir qədər sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dolayı yolla məlumatı təsdiqlədi və Paşinyanın sərhəddəki vəziyyətin həlli yollarını Putinlə müzakirə edəcəyini bildirdi. O, Yerevan və Moskvanın rus sərhədçilərinin Sünikə yerləşdirilməsi ilə bağlı uzun müddətdən bəri danışıqlar apardığını da bildirdi.
Maraqlıdır ki, Qriqoryan Yerevanın verdiyi məlumata görə, guya iyulun 6-da sərhəddə azərbaycanlı və erməni əsgərlərinin yaralanması ilə nəticələn silahlı insidentin baş verməsində KTMT-nin baş katibi Stanislav Zası günahlandırdı. Onun Qriqoryanın sözlərinə görə, "məhz Zasın açıqlamaları Azərbaycan tərəfinə təxribat üçün səbəb vermiş ola bilər".
Qriqoryan KTMT-nin baş katibini əbəs yerə günahlandırmır. Bu günlərdə Zas Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi "baş vermiş atışmanı "təşkilatın kollektiv müdafiə nizamnaməsinə daxil olmayan sərhəd hadisəsi" kimi adlandırmışdı. Və bu Yeravanın xoşuna gəlməmişdi.
Rəsmi Bakı bütün bunlara hələlik heç bir şəkildə reaksiya vermir. Üstəlik, bir qədər əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə atışmanın baş verməsi faktını inkar etdi.
"Azərbaycan bölmələri atəş açmayıb. Şəxsi heyətdən yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində yaralananlar varsa, bu, yalnız onların öz aralarında baş vermiş insident nəticəsində baş vermiş ola bilər", - deyə qurumdan bildirilib.
Azərbaycanlı analitiklər də baş verənlərə reaksiya verməyi məqsədəuyğun hesab etmirlər. Onların fikrincə, Bakı öz mövqeyini çoxdan və kifayət qədər aydın şəkildə ifadə edib – demarkasiya prosesinə başlamağın vaxtıdır, ardınca isə sülh müqaviləsi üzərində iş aparılmalıdır. Ancaq Yerevan özünü eşitməzliyə vurmağa üstünlük verir.
Üçtərəfli bəyanat
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.