BAKI, 6 iyul - Sputnik. Bütün dünyada olduğu kimi, respublikamızda da qlobal istiləşmə ilə əlaqədar su ehtiyatlarının azalması müşahidə edilir.
Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov deyib.
O bildirib ki, ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-müəyyən paylanması və əsas əkinçilik bölgələrində torpaqların şoranlaşmağa meyilli olması qurumu zəruri tədbirlər görməyə sövq edib:
“Hazırda bütün çətinliklərə baxmayaraq, "Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən kənd təsərrüfatı bitkilərinin tələbata uyğun olaraq vaxtında suvarma suyu ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Mingəçevir su anbarında ötən ilə nisbətən 1 milyard kubmetr su yığılıb. Lakin bizim əsas çətinliyimiz Araz su anbarının yerləşdiyi zonadadır. Bu çətinliklərin aradan qaldırılması üçün ASC tərəfindən respublikanın əsas su kanalları olan Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalında suyun bölüşdürülməsi tam nəzarətə götürülüb və hər bir rayona suyun verilməsi ilə bağlı limit qoyulub. Eyni zamanda, Kür çayının aşağı zonasında yerləşən Neftçala və Salyan rayonlarında yaranmış çətinliklərin aradan qaldırılması üçün Mingəçevir su anbarının aşağısında yerləşən nasos stansiyalarına limitlər qoyulub və buna ciddi riayət olunmaqla adıçəkilən rayonlara suyun verilməsi təmin olunub”.
Respublikada su ehtiyatlarının səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında komissiya yaradıldığını xatırladan qurum rəsmisi komissiyanın fəaliyyəti çərçivəsində səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.
“Həmçinin, su itkilərinin qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri və cəmiyyətin yerli istismar idarələri ilə birlikdə ötən ildən başlayaraq su istifadəçiləri arasında suyun ədalətli bölüşdürülməsi üçün suvarma qrafikləri tərtib edilib. Su istifadəçiləri ilə razılaşdırılan bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilib. Su istifadəçiləri sayta daxil olaraq həmin qrafikə əsasən su növbələri barədə məlumat əldə edə bilərlər. Eyni zamanda, bu qrafiklər payızlıq və yazlıq əkin sahələri üçün də tərtib olunub. Respublikanın 53 regionu üzrə belə qrafiklər mövcuddur”.
Q.Kərimov onu da əlavə edib ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020 – 2022-ci illər üçün tədbirlər planının icrası çərçivəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq sudan nəzarətdənkənar istifadənin qarşısının alınması, inventarlaşmanın aparılması, uçotun təkmilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə cəmiyyətin yerli istismar idarələri tərəfindən su obyektlərinə su götürən bütün qurğu və avadanlıqların monitorinqi aparılıb:
“Su götürən obyektlər dəqiqləşdirilib və ETSN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə icazə alınması üçün müraciət olunub. Nəticədə cəmiyyət tərəfindən 996 ədəd nasos stansiyası və eyni zamanda, kanallar vasitəsilə götürülən su ilə bağlı icazə sənədi alınıb. Hazırda yeraltı su ehtiyatlarından istifadəyə dair icazə sənədlərinin hazırlanması üçün artezian və subartezianlar vasitəsilə götürülən suların müəyyən edilməsi üçün onların yerlərdə koordinatları müəyyənləşdirilib. Sugötürmə qabiliyyəti və il ərzində götürülən su barədə məlumatlar ESTN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub. Yaxın günlərdə həmin yeraltı su obyektlərindən götürülən su üçün də icazə sənədlərin alınması həyata keçiriləcək”.
Qurum rəsmisi bildirib ki, Arazboyu zonada su təminatında yaranan çətinliyin aradan qaldırılması üçün Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalı vasitəsilə Bəhramtəpə hidroqovşağına saniyədə 25 kub metrdən artıq suyun verilməsi təmin edilib: “Respublikada suvarılan torpaqlara xidmət edən 52 min kilometrə yaxın suvarma kanallarının 73 faizi torpaqməcralı, 5900 kilometri beton üzlüklü, 1514 kilometri nov kanalları, təqribən 6000 kilometrdən artığı isə qapalı boru kəmərləridir. Hər il cəmiyyətə ayrılmış vəsait hesabına su itkilərinə səbəb olan torpaqməcralı kanalların həcminin azaldılması üçün investisiya əsaslı təmir tədbirləri həyata keçirilir. Yeni nov kanalları çəkilir, beton üzlüklü kanalların yaradılması təmin edilir”.
Qulu Kərimovun sözlərinə görə, cari ildə payızlıq əkin üzrə suvarma başa çatdırılıb: “530 min hektardan artıq sahədə dənli bitkilər iki dəfədən artıq suvarma suyu ilə təmin edilib. Bundan əlavə, respublikanın strateji əhəmiyyətli məhsul istehsalında böyük rol oynayan pambıq 100 min hektardan artıq sahədə əkilib. Həmin ərazilərin birinci suvarılması başa çatdırılıb, hazırda ikinci, vegetasiya suvarılması həyata keçirilir. Bundan başqa, 400 min hektardan artıq yem bitkilərinin, 70 min hektara yaxın bostan bitkilərinin, 140 min hektardan artıq illik əkmələrin və 150 min hektara yaxın həyətyanı sahələrin suvarma işləri davam etdirilir”.
Həmçinin oxuyun:
* Su qıtlığı problemi qapımızı döyərkən - Sular tullantılardan necə təmizlənir?
* Deputat Gəncədəki su qıtlığı ilə bağlı Baş Prokurorluğa müraciət edib
* Neftçalada su yenidən qəhətə çəkilib? Deputat yazdı, "Azərsu" cavab verdi