CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantinə görə ödənməmiş cərimələr ləğv edilir: Gürcüstan və Azərbaycan reallığı

© Sputnik / Rahim MuradovLənkəranda sərt karantin rejimi
Lənkəranda sərt karantin rejimi - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənməmiş cərimələr əfv ediləcək. Ekspertlər iqtisadiyyatı Gürcüstandan güclü olan Azərbaycanda cərimələrin ləğvinin mümkün olduğunu söyləyir.

BAKI, 2 iyul — Sputnik. Gürcüstanda karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənməmiş cərimələr əfv ediləcək. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib. Baş nazir əlavə edib ki, özünütəcrid və karantin qaydalarının pozulmasına, tibbi maska taxmamağa görə barələrində cərimə tətbiq edilən şəxslər parlamentə təqdim edilən iki qanun layihəsi əsasında ödənişdən azad ediləcək. Bu qərardan Gürcüstanda 245 min vətəndaş, habelə 344 hüquqi şəxs yararlanacaq. Əfv olunan cərimələrin ümumi məbləği 76 milyon lari (41 milyon manat) təşkil edəcək.

Bəs görəsən, qonşu Gürcüstanda karantin cərimələri ilə bağlı qəbul edilən qərarın ölkəmizdə də tətbiq olunma ehtimalı varmı?

Milli Məclisin deputatı Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ölkəmizdə də tətbiqi vacibdir: "Bu cür qərarın Azərbaycanda da verilməsi mümkündür. Azərbaycanda cərimələrin yığılması effektli deyil. Bu məsələyə loyal yanaşılır. Pandemiya dövründə onsuz da insanların sosial-iqtisadi vəziyyəti ağırlaşıb. Ölkəmizdə də əhali dövlətin çağırışına əməl edib vaksinasiyada aktiv iştirak edir. Buna görə də koronavirusa yoluxmada azalma müşahidə olunur. Bunları nəzərə alaraq cərimələrin bağışlanması çox yaxşı olardı", - deyə deputat bildirir.

F.Mustafa həmçinin qeyd edib ki, bu gün cərimələri ödəməkdə fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də çətinlik çəkir: "Hüquqi şəxslər arasında 3-4 min manat cərimələnən var. Onları bağışlamaq lazımdır. Çünki pandemiyadan sahibkarlar da çox ziyan çəkdilər", - deyə F.Mustafa bildirib.

Hüquq müdafiəçisi Çingiz Qənizadə də mətbuatın bu məsələni gündəmdə saxlamalı olduğunu, karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ləğvini ictimailəşdirməyin vacibliyini vurğulayıb. Ç.Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə bir qərar Azərbaycanda da verilsə, çox yaxşı olar:

"Bu humanist bir addım olar. Hüquq müdafiəçisi olaraq çox istərdim ki, belə addım atılsın. Karantin qaydalarını pozan şəxslər qanuna tabe olmasalar da, bu o demək deyil ki, mütləq o cərimələri ödəməlidirlər. İnsanlar pandemiya dövründə mənəvi, maddi psixoloji sarsıntı keçirdilər. Qazın qiymətinin artması insanlar arasında müəyyən narahatlıq yaradıb. Bu vəziyyətdə cərimələrin ləğvi yerinə düşərdi. Ümid edirdik ki, Azərbaycan bu humanist qərarı verəcək. Çünki Gürcüstan iqtisadiyyatı bizdən zəifdir. Bizim iqtisadiyyatımız onlardan qat-qat güclü olduğundan karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ləğvi qərarı verilə bilər".

Qeyd edək ki, Azərbaycanda karantin qaydalarının pozulmasına görə pandemiya dövründə İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər edilib. Məcəllənin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin 388-1.1-ci maddənin sanksiyasındakı dəyişikliyə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimələnir.

Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbinin pozulmasının qarşısının alınmamasına görə cərimə məbləği artırılaraq fiziki şəxslər üçün 100 manat, vəzifəli şəxslər üçün 300, hüquqi şəxslər üçün 600 manat məbləğində müəyyənləşib. Ölkəmizdə bu qaydaları pozduğuna görə cərimələnənlərin sayı açıqlanmasa da, bu rəqəmin kifayət qədər böyük olduğu danılmazdır.

Həmçinin oxuyun:

* "Delta" ştammı qapıdadır: Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə çağırdı

* Toyların ilk günü: Bir neçə restoran cərimələndi

* Nura Suri: "Toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir?"

Xəbər lenti
0