BAKI, 24 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycanda müəyyən şərtlərlə toy və nişan mərasimlərinin keçirilməsinə icazə verildi. Amma bu günədək yas mərasimlərinin keçirilməsinə qoyulan qadağalarda heç bir yumşalmalar olmayıb. Sputnik Azərbaycan sosial platformada geniş müzakirə olunan bu məsələyə - yas mərasimlərinin təşkilinə qoyulan qadağaların hansı şərtlər daxilində aradan qaldırılmasının mümkünlüyünü araşdırıb.
Milli Məclisin deputatı Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı qərarından sonra ictimaiyyət yas mərasimlərinin təşkili ilə bağlı da müəyyən yumşalmalar gözləyir:
"Toy və nişan mərasimlərinin keçirilməsinə icazə verildikdən sonra insanlar sanki belə düşünməyə başladılar ki, yas mərasimləri unudulub. Çünki pandemiyanın ən qızğın dövründə toy və nişan mərasimlərinin keçirilməsi ilə yanaşı, ölkəmizdə yas mərasimlərinin də təşkilinə qadağa qoyulmuşdu. Buna görə də düşünürəm ki, yas mərasimlərinin təşkili ilə bağlı da yumşalmalara ehtiyac var. Çünki bu vətəndaşın gözləmədiyi situasiyadır", - deyə deputat bildirir.
F.Mustafa bildirir ki, yas mərasimlərində ehsan süfrələrinin açılması şərt deyil, insanlara qohumlarının, doğmalarının kədərinə şərik olmaq üçün 100-150 nəfərlik çadırlarda yas mərasimlərinin təşkilinə icazə vermək olar: "Sadə formada insanların yaxınını itirənləri ziyarət etməsinə imkan yaradılmalıdır. Onsuz da biz ehsan mərasimlərinin təşkilinə qarşıyıq".
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda müəyyən şərtlərlə toy və nişan mərasimlərinin keçirilməsinə icazənin verilməsi yas mərasimlərinin də təşkilinə zəmin yaradıb:
"Azərbaycanda pandemiya elan olunan vaxtdan yas mərasimlərinin təşkilinə qoyulan qadağalara əməl edilir. Biz onsuz da yas mərasimlərində israfın qarşısının alınması üçün mübarizə aparırıq. Ona görə də biz də dəbdəbəli yas mərasimlərinin təşkil edilməsinə qarşıyıq. Amma toyların təşkilinə qoyulan qadağanın yumşaldılması yas mərasimlərinin keçirilməsinə də zəmin yaratdı. Yas mərasimləri də məhdud sayda insanın iştirakı ilə, qaydalara əməl etməklə keçirilə bilər. Onsuz da ailədə yas mərasimləri keçirildikdə də maskadan istifadə edilir, qaydalara riayət edilir. Yas mərasimlərinin təşkilini də qaydalara əməl olunmaqla məhdud şəkildə icra etmək olar", - deyə Hacı İlham Səlimov bildirib.
Mərasim qadağası
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci ildə sosial izolyasiya qaydalarını açıqlayıb. Həmin qərarla ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla qadağan edilib. Qərara görə, həmin tarixdən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bu qadağa bu günədək qüvvədədir. Operativ Qərargah həmin tarixdən bu günədək sərtləşdirilmiş karantin qaydalarında dəfələrlə yumşalmalar etsə də, yas mərasimlərinə qoyulan qadağalar olduğu kimi qalıb.
Toylara icazə
Azərbaycanda hökumətin 22 iyun qərarı ilə iyulun 1-dən etibarən toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Bu halda şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Həmçinin oxuyun:
Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik
Toy etmək istəyənlər bu tələblərə riayət etməlidirlər - Vergilər Xidmətindən şərh
Gün o gün olsun, balam, toy-düyün olsun, balam