Toy – çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, hakimiyyət qurumlarının onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəkləri günü gözləyirdilər.
Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək. Belə ki, hökumət toyların keçirilməsinə dair tələb və qaydalarla bağlı bütöv bir siyahı açıqlayıb.
Sputnik Azərbaycan özünə toy çaldırmaq və ya bu mərasimdə iştirak etmək istəyənlər üçün ən vacib məqamları xüsusi infoqrafikada toplayıb. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.