Futbol üzrə Türkiyə seçməsinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatında uğursuz çıxışından sonra istefaya getmək niyyətində olmadığını deyib.
Türkiyə millisi AVRO-2020 "A" qrupunda keçirdiyi hər üç oyunda məğlub olub. İtaliya yığması ilə oyun 0:3, Uels yığması ilə 0:2, İsveçrə yığması ilə isə 1:3 hesabı ilə başa çatıb.
"Hazırda mən istefaya gedib-getməmək barədə deyil, yaranmış vəziyyətdən necə düzgün çıxmaq barədə düşünürəm. Təbii ki, federasiyaya hesabat təqdim olunacaq. Mən həm idarəyə, həm də ictimaiyyətə hesabat verəcəyəm. Sözsüz ki, nəticəyə görə baş məşqçi kimi mən məsuliyyət daşıyıram. Lakin məşqçilərdən əlavə, bizim KİV-lər və bizim futbol rəhbərliyi də məsuliyyət daşıyırlar. Biz hamımız öz işimizi görürük, komandanın uğursuzluğuna görə məsuliyyəti məhz mən öz üzərimə götürürəm. Komandanın oyununa qiymət verməyə gəldikdə isə, bunu siz özünüz daha yaxşı edəcəksiniz", - deyə Günəş mətbuat konfransında bildirib.