BAKI, 16 iyun — Sputnik. Bu gün UEFA Çempionlar və Konfrans Liqalarının təsnifat mərhələlərinin püşkləri atılıb. Sputnik Azərbaycan xəbər verir ki, öncə Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Püşkatmanın nəticəsinə əsasən, futbol üzrə son Azərbaycan çempionu "Neftçi" "Dinamo" (Tbilisi, Gürcüstan) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 6-7-də, cavab görüşü 13-14-də keçiriləcək. "Neftçi" ilk oyunu səfərdə keçirəcək.
Daha sonra isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.
"Qarabağ", "Sumqayıt" və "Keşlə" klublarının rəqibləri məlum olub. Ağdam təmsilçisi bu mərhələdə İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ilk oyunu evdə keçirəcəklər.
"Sumqayıt" Serbiyanın "Çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə üz-üzə gələcək.
"Sumqayıt" və "Keşlə" klubları ilk oyunlarını səfərdə keçirəcəklər.