Portuqalia yığmasının futbolçusu Kriştianu Ronaldu beşinci dəfə Avropa çempionatında iştirak edərək bu göstərici üzrə rekordçu olub.
Ronaldu çərşənbə axşamı Budapeştdə kapitan sarğısı ilə Portuqaliya yığmasını F qrupunun ilk tur oyununda Macarıstan komandasına qarşı oyuna çıxarıb. Portuqal forvard üçün bu AVRO-nun final mərhələlərində 22-ci oyun olub. 36 yaşlı forvard Avropa çempionatlarında 2004-cü ildən iştirak edir. Milli komandanın heyətində o gümüş (2004, Portuqaliyada), bürünc (2012, Polşa və Ukraynada) və qızıl (2016, Fransada) medallar qazanıb.
Cəmi 16 oyunçu (Ronaldosuz) dörd Avropa çempionatının final mərhələsində iştirak edib. İlk olaraq bunu 2000-ci ildə alman Lotar Matteus və danimarkalı Peter Şmeyhel ediblər. 2016-cı ildə bir dəfəyə 11 oyunçu bu siyahıya düşüb. Hazırkı turnirdə bu siyahıdan yalnız Ronaldu iştirak edir.
AVRO-2020 iyunun 11-dən iyulun 11-dək 11 şəhərdə, o cümlədən Bakıda keçirilir.