CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsildə yeniliklər olacaq: müəllimlər və valideynlər nə gözləyirlər

© AR Ministry of EducationВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Təhsillə bağlı yeni qərarların qəbul olunacağının anonsu verilib. Müəllimlər, valideynlər və ekspertlər nə gözləyirlər - Sputnik Azərbaycan-ın müxbiri Nigar İsgəndərova bu suala cavab tapmağa çalışıb.

BAKI, 9 iyun — Sputnik. Bu gün Azərbaycanın ali məktəbləri dünya universitetləri siyahısında reytinq dərəcəsində yer almır. Ali məktəblərin reytinq dərəcəsində yer almaması həm də böyüyən gələcəyimiz üçün problem ola bilər. Reytinq dərəcəsində yer almayan universitet məzunları sabah özləri necə bir kadr yetişdirə biləcəklər, yaxud da necə görəcəkləri işin peşəkarı olacaqlar - bu sualların cavabı hər kəsdə maraq doğurur.

Ən əsas da gələcəyimiz üçün savadlı müəllim və savadlı həkim yetişdirməkdir. Bu dəfə Sputnik Azərbaycan təhsillə bağlı hansı problem və gözləntilərin olduğunu araşdırmağa çalışıb.

Ali məktəblər unudulub

Təhsil eksperti Kamran Əsədov problemlərin nədən qaynaqlanmasından danışır: "Təhsil elə bir sahədir ki, burada ən qısa zamanda nəsə bir keyfiyyət, dəyişiklik əldə etmək mümkün deyil. Sadəcə olaraq ən ciddi problem mövcud çatışmazlıq və problemlərin aradan qaldırılması, onların minimuma endirilməsidir. Etiraf edək ki, bu gün təhsildə keyfiyyət məsələsindən ciddi şəkildə narazıyıq. İstər orta, istərsə də ali məktbələrdə bu problemi görürük".

"Uzun müddətdir ki, islahatlar, dəyişikliklər orta ümumtəhsil məktəblərinin bazasında həyata keçirilir. Ali təhsil məktəbləri isə tamamilə unudulub. Dəyişikliklər, islahatlarla ali məktəblərin keyfiyyətli kadr buraxmasında da maraqlı olmalıyıq. Bu gün ali təhsil məktəblərində bir sıra ixtisaslar var ki, onlara heç bir ehtiyac yoxdur, onlar köhnəlib. Yaxud da bəzi ixtisaslar var ki, onlar əmək bazarının tələblərinə cavab vermir. Əsas dərsliklərdə dəyişikliklər olmalıdır. Dərsliklər hədsiz dərəcədə informasiya ilə yüklüdür", - deyə o əlavə edib.

O, kurrikulumla bağlı da problemə toxunub: "Əslində kurrikulum yeni bir şey deyil. Sadəcə olaraq Azərbaycanda bunun tətbiqində problemlər var. İndiki kurrikulum standartlarına görə əmək haqqı yetərli deyil. Əmək haqqı ilə bağlı məsələyə baxılarsa, o zaman daha keyfiyyətli təhsil əldə etmək olar".

Artıq elm gəlir gətirməyə başlamalıdır

K.Əsədov deyir ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilməlidir: "Hesab edirəm ki, ali məktəblərə qəbul kifayət qədər ağırdır və abituriyentlər bu prosesdə iştirak edəndə fiziki və psixoloji olaraq çox itkilərə məruz qalırlar. Bu çox ciddi bir problemdir. Təhsildə keyfiyyət istəyiriksə, öncə müəllimlərin əmək haqqlarını normal səviyyəyə qaldırmaq lazımdır ki, onlar bütün diqqətlərini tədrisə ayıra bilsinlər. İndiki halda isə müəllimlər müxtəlif sahələrdə işləyirlər ki, bu da onların tədrisə daha keyfiyyətli yanaşmalarına mane olur. Şagirdlərin təhlükəsiz və vaxtında məktəbə gəlmələri üçün hesab edirəm ki, məktəbli avtobusları təşkil olunmalıdır".

"Ali məktəblərdə tələbələrin təqaüdü artırılmalıdır ki, onlar öz tələbatlarını ödəyə bilsinlər. Eyni zamanda ali təhsil müəssisələrində semestr və yekun qiymətləndirilmə ayrıca müstəqil bir qurum tərəfindən aparılmalıdır. Ali təhsil müəssisələrində tələbələrə verilən tələbə kartları da müəyyən imtiyazlar vəd etməlidir. Bu şəxslərə ictimai nəqliyyatdan, kitabxanalardan pulsuz istifadə imkanı verilməlidir. Təhsildə güzəştlər olmalıdır ki, təhsil alanların rifahı yüksəlsin. Bu  dəqiqə ən vacib məsələlərdən biri ali təhsil məktəblərinin reytinqinin artmasına nail olmaqdır", - deyə o əlavə edib.

K.Əsədov bildirir ki, elmi tədqiqatlarla bağlı da problemlər var: "Dünya elmində Azərbaycan alimlərinin, demək olar ki, rolu yoxdur. Biz elmi adları, dərəcələri kimlərəsə hədiyyə kimi verməməliyik. Təəssüf ki, bir çox müdafiə işləri keyfiyyətli deyil, sadəcə olaraq nəyinsə qarşılığında göz yumulub. Azərbaycanın ÜDM-ində Azərbaycan təhsili və elminin rolu yoxdur. Hesab edirəm ki, artıq elm gəlir gətirməyə başlamalıdır".

Məktəb, repetitorlar və "gərəksiz" imtahanlar

Valideynlər dərsliklərin əksəriyyətinin gərəksiz və yorucu informasiya ilə dolu olduğunu, məktəblərdə dərslərin formal keçirildiyini, xüsusən də distant təhsilin heç bir effekt vermədiyini, övladlarının kompüter və telefon qarşısında oturaraq daha da yorulduqlarını bildirirlər.

Valideyn Günel xanım danışır: "Məktəbdəki təhsil heç bir keyfiyyət vermədiyi üçün övladımı repetitor yanına qoyuram. Aylıq 300 manat tək bir uşaq üçün hazırlığa pul xərcləyirəm. Pulun varsa, bunu edə bilirsən, amma pulun yoxdursa, bu mümkünsüzdür, övladının təhsilsiz, biliksiz qalmasına göz yummaq məcburiyyətində qalacaqsan".

Digər valideyn Səidə xanım da təhsilin əlçatmazlığı problemindən şikayətlənir: "Təhsil sektorunu bir qədər araşdırıram. Normal təhsil verən məktəblər isə heç əlçatan deyil. Atatürk liseyi ən ucuz özəl məktəb hesab olunsa da, bu ilin yanvarından etibarən illik təhsil haqqını 1500 manatdan 3500 manata qaldırdı. Səbəb? Bu da bəlli deyil. Nələr dəyişiləcək, bu da bilinmir. Ümumiyyətlə, bizdə normal təhsil verən, lakin illik təhsil haqqı yüksək olan özəl məktəblər çoxdur və bunlar arasında əcnəbi məktəblər üstünlük təşkil edir. Belə yerli məktəblərin sayının çox olması və onların əlçatanlığının təmin olunması çox gözəl olardı".

Könül xanım isə bütün fənlərdən imtahanın olmasının gərəksizliyindən danışır: "Məncə, imtahanlar ancaq əsas fənlərdən olsa, daha yaxşı olar. Hər fəndən imtahan vermək uşağı yorur. İdmandan imtahan nəyə gərəkdir?!"

İldə iki imtahan müəllimi yormur?

Müəllimlərin də şikayətini dinlədik. Saatlı rayonunun Əyyub Quliyev adına Genişkənd orta məktəbinin ingilis dili müəllimi Həcər Babaşova dərsliklərlə bağlı problemdən danışır: "Ən çox dərsliklərlə bağlı problem yaşayırıq. Bəzi kitablar köhnədir. Məsələn, 6-cı sinif və 8-ci sinif İngilis dili dərsliklərinin dəyişilməsinə ehtiyac var. Təzə gələn kitablar bəzi məktəblərə çatmır. Bu kimi problemlərimiz var".

"Lakin il ərzində bir fənn üzrə iki dəfə imtahanın olması çox gözəldir. Belə olan halda uşaqların biliklərinin hansı səviyyədə olmasını görə bilirik", - deyə o əlavə edib.

322 nömrəli tam orta məktəbin müəllimi Ulduz Heydərova isə yay məktəblərinin təşkil olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirir. O bildirir ki, belə olan halda şagirdlərin bilik səviyyəsini daha aydın izləmək imkanlarna malik olurlar. Onun əsas istəyi isə bəzi fənlərin birləşməsi, şagirdlərin yükünün azaldılması və ali məktəbə qəbul üçün keçirilən imtahanlarda salınan sualların bir qədər yumşaldılması ilə əlaqədardır: "Hərdən çox ağır və ikibaşlı suallar düşür ki, bunu da cavablandırmaq şagirdlər üçün çətin olur. Düşünürəm, suallar bir qədər yumşaldılmalıdır. Ümumiyyətlə, təhsildə əyaniliyə daha çox üstünlük verilməlidir".

Yenilik olacaq

“Təhsil sahəsinin inkişafı hökumətin prioritetlərindən biridir və ildən-ilə bu vəsait artırılır”. Bunu Milli Məclisin iyunun 8-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Nəzərə almalıyıq ki, 2020-ci ildə bizim ÜDM-də bir qədər azalma baş verib. Amma buna baxmayaraq, xərclərin artırılması istiqamətində də addımlar atılmaqdadır. Prezidentin tapşırığı ilə təhsil sahəsində yaxın vaxtlarda yeni qərarların qəbul edilməsi nəzərdə tutulur”, - deyə S.Şərifov əlavə edib.

Eləcə də oxuyun:

Xəbər lenti
0