BAKI, 9 iyun - Sputnik. Bu gün Xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəyli vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin ailəsindən məlumat verilib.
Məlumata görə, o, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
Bir müddət əvvəl aktyor və rejissor Ramiz Əzizbəyli reanimasiyaya yerləşdirilmişdi. Rejissorun qızı Xədicə Əzizbəyli atasının vəziyyətinin hazırda orta-ağır olduğunu və müalicəsinin hələ uzun müddət davam edəcəyini bildirmiuşdi.
Qeyd edək ki, 72 yaşlı Xalq artisti bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun qızı da koronavirus diaqnozu ilə xəstəxanada müalicə alırdı.
Xatırladaq ki, bir neçə il öncə Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. R.Əzizbəylinin digər ayağında bənzər riskin yaranmaması üçün onun yenidən əməliyyat oluna biləcəyi söylənilmişdi.
Məlumat üçün bildirək ki, kino rejissor və aktyoru, professor Ramiz Əzizbəyli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri kimi fəaliyyət göstərib. "Şöhrət" ordeni, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı olan aktyor və rejissor 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb.
Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. O, 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Sputnik Azərbaycan Xalq artistinin vəfatı münasibətilə onun ailə üzvlərinə, doğma və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Həmçinin oxuyun:
* Ramiz Əzizbəylidən xəbər var - vəziyyəti orta-ağırdır
-
"Yanıma gəlmək olmaz" - Ramiz Əzizbəyli
- Xalq artisti Ramiz Əzizbəyli: "Qırx adda xəstəliyim var"
-
Həkimlər Xalq artisti ilə bağlı son qərarı verdi