BAKI, 8 iyun - Sputnik. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfər edib.
Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Filip Rikerin səfəri iki gün davam edəcək.
Səfər çərçivəsində Filip Rikerin keçirəcəyi görüşlər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
ABŞ Xarici Siyasət İdarəsi qeyd edib ki, Rikerin səfərinin məqsədi "ikitərəfli və regional prioritetlərin müzakirəsi" və "bölgədə demokratik və iqtisadi inkişafa dəstək olmaq"dır.
ABŞ Dövlət katibinin köməkçisi hökumət, vətəndaş cəmiyyəti və biznes sahəsinin nümayəndələri ilə görüşəcək, həmçinin Qarabağdakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək.
Dövlət Departamenti daha əvvəl bildirmişdi, Riker 6-13 iyun tarixlərində Tbilisi, Bakı və Yerevana səfər edəcək. Filip Riker daha əvvəl Gürcüstanda səfərdə olub. O, Azərbaycandan sonra Ermənistana səfər edəcək.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu il mayın 14-də Filip Rikerlə telefonla danışmış, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparmışdılar. Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanmışdı.
Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulamışdı. O qeyd etmişdi ki, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saata AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edilib və qarşı tərəflə danışıqlar aparılıb.
Həmçinin oxuyun:
* Ceyhun Bayramov amerikalı diplomatla sərhəddəki gərginliyi müzakirə edib
* Ceyhun Bayramov ABŞ rəsmisi ilə Qarabağ bəyanatını müzakirə edib
* Ceyhun Bayramov erməni vandalizmi barədə amerikalı diplomata məlumat verib