BAKI, 17 oktyabr - Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov həmsöhbətini bölgədəki son gərginliklə bağlı, o cümlədən Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məlumatlandırıb.
Ermənistanın məqsədli şəkildə dinc əhalini və mülki infrastrukturu, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonları atəşə tutması, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalması və nəticədə ciddi insan itkisinin olması Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırılıb.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.