CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir - Yenilik nədən ibarətdir?

© AFP 2023 / THOMAS COEXДвое мужчин с ограниченными физическими возможностями,
Двое мужчин с ограниченными физическими возможностями,  - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
Avropa Birliyində olduğu kimi, əlillik dərəcələri əmək qabiliyyətinin itirilməsi faizinə uyğun müəyyən ediləcək. Buradakı əsas məqsədi Sputnik Azərbaycan-ın müxbiri Xalid Məmmədov araşdırıb.

BAKI, 7 iyun — Sputnik. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər edilir. Əsas yenilik indiyədək mövcud olan klassik əlillik dərəcələrindən imtina edilərək onun insanların sağlamlıq imkanlarının, orqanizmin funksiyalarının itirilməsi faizi ilə ifadə olunmasına keçiddir. Dəyişikliklərdə əsas məsələ şəxsin əlilliyinin dəqiq müəyyən olunması və sağlamlığının qalan imkanlarının düzgün qiymətləndirilərək onun reabilitasiya potensialının müəyyənləşdirilməsidir.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, dəyişikliklərdə əsas məqsəd əlilliyin müəyyən edilməsinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır:

"Avropa Birliyinə üzv olan ölkələrdə də oxşar təcrübədən istifadə olunur. Bu, əlillik dərəcələrinin daha uyğun, daha doğru meyarlarla müəyyən edilməsinə imkan verəcək. Eyni zamanda fiziki imkanları məhdud olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından da vacibdir. Nəticədə bu, imkan verəcək ki, növbəti illərdə bu istiqamətdə daha çox vəsaitin ayrılması mümkün olsun. Bu addım sosial müdafiə tədbirləri baxımından da vacib hesab olunur".

Deputat bildirib ki, dəyişikliyə əsasən, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək: "Avropa Birliyində olduğu kimi, əlillik dərəcələri əmək qabiliyyətinin itirilməsi faizinə uyğun müəyyən ediləcək. Burada əsas məqsəd odur ki, əlilliyin təyinatında yeni, xüsusən də inkişaf etmiş ölkələrdə tətbiq edilən meyarlardan istifadə mümkün olsun".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, nazirlik tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi Milli Məclisə təqdim edilib.

Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

Yeni "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.

Qeyd edək ki, dəyişikliklərə əsasən, "əlillik dərəcəsi" sözlərinin "insan orqanizminin funksiyalarının itirilməsi faizi" sözləri ilə, "I, II və III dərəcə" sözlərinin "orqanizminin funksiyalarını 31-100 faiz itirmiş" sözləri ilə, "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözlərinin "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəz edilməsi təklif olunub. Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan bu qanun layihələri həm də "Əlilliyin müəyyən olunması meyarları" sahəsində Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartların implementasiyasını nəzərdə tutur.

Bu qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Onu da bildirək ki, sabah keçiriləcək Milli Məclisin plenar iclasında bu dəyişikliklər müzakirəyə çıxarılacaq.

Eləcə də oxuyun:

  • Altı ay ac-susuz: Pensiyasız qalanları yeni qanun xilas edə biləcəkmi?

  • “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” anlayışı qanunvericilikdən çıxarılır

  • Vətən müharibəsi iştirakçısı ilə paralimpiyaçı ailə qurub

  • Saxta əlilliyin ifşası ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib

Xəbər lenti
0