CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” anlayışı qanunvericilikdən çıxarılır

© AFP 2023 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
Bu, "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Əmək pensiyaları haqqında" qanunlara və digər müvafiq qanunvericilik aktlarına təklif edilən dəyişikliklərdə əksini tapıb. Milli Məclisin iyunun 8-də keçiriləcək plenar iclasında bu məsələlərə baxılacaq.

 

BAKI, 6 iyun — Sputnik, Xalid Məmmədov. Qanunvericiliyə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" anlayışı əlavə edilir, "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq" anlayışı qanunvericilikdən çıxarılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Əmək pensiyaları haqqında" qanunlara, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi, Mənzil Məcəlləsi və digər müvafiq qanunvericilik aktlarına təklif edilən dəyişikliklərdə əksini tapıb.

Milli Məclisin iyunun 8-də keçiriləcək plenar iclasında bu məsələlərə baxılacaq.

Qeyd edək ki, məsələn, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 18-ci maddəsi "Sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər və məktəbdənkənar təlim və tərbiyəsi" adlanır. Təklif edilən dəyişikliyə əsasən həmin maddədə "Sağlamlıq imkanları məhdud uşaqların" sözləri "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri ilə əvəz ediləcək.

Xatırladaq ki, həmin maddədə deyilir ki, sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların təlim və tərbiyəsi bu qanunun 11-ci maddəsinə əsasən təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar üçün dövlət, bələdiyyə və özəl xüsusi məktəbəqədər təhsil müəssisələrində və ya inklüzivlik prinsiplərinə əsasən digər məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir.

Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim və tərbiyəsi “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək, onlarda ictimai fəallıq oyatmaq məqsədi ilə onların məktəbdənkənar tərbiyəsi üçün lazımi şəraitin yaradılmasını təmin edirlər.

Onu da qeyd edək ki, dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Eləcə də oxuyun:

Xəbər lenti
0