BAKI, 6 iyun - Sputnik. Böyük Britaniya şahzadəsi Harri və xanımı Meqan Marklın ailəsində artım var.
Sputnik Azərbaycan bildirir ki, cütlüyün qızı olub. Bu barədə Bukingem sarayı məlumat yayıb.
Yeni doğulan şahzadəyə nənəsinin və ulu nənəsinin şərəfinə Lilibet "Lili" Diana Mauntbetten-Vindzor adı qoyulub.
"Lili cümə günü, iyunun 4-də, 11:40-da Kaliforniyada, Santa-Barbara şəhərində doğulub", - məlumatda deyilir.
Körpənin çəkisi 7 funt 11 unsiyadır (təxminən 3.49 kq), ana ilə qız özlərini yaxşı hiss edirlər.
Cütlük bildirib ki, qızlarını ulu nənəsi II Elizabetin (ailə arasında ona Lilibet deyirlər) şərəfinə adlandırıblar. İkinci adı - Diana - isə Harrinin anası, Uels şahzadəsi Diananın xatirəsinə hörmət əlaməti olaraq verilib.
Harri ilə Meqanın ilk övladları oğlandır. Arçi Harrison Mauntbetten-Vindzor 2019-cu il mayın 6-da doğulub.
Meqanın narazılıqları
Britaniya şahzadəsi Harrinin xanımı Meqan Markl deyib ki, kral ailəsində onun oğlu Arçinin dərisinin rəngi "müzakirə obyekti olub". Bu barədə Meqan Opra Uinfriyə müsahibəsində etiraf edib.
Onun sözlərinə görə, hamilə olduğu vaxt Bukingem sarayında onun övladının dərisinin rəngi, ona titul verilməyəcəyi, eləcə də bunun cəmiyyətin gözündə necə dəyərləndiriləcəyi barədə müzakirələr aparılırmış. Ancaq Sasseks hersoginyası bu məsələni qaldıranların adlarını açıqlamaq istəməyib, çünki bu, "onlara böyük zərbə vura bilər".
Müsahibədə Meqan həmçinin kral ailəsinə xas öhdəlikləri yerinə yetirdiyi zaman özünəqəsd haqda fikirləşdiyini də söyləyib.
2020-ci ilin yanvarında Harri ilə Meqan kral ailəsinin böyük üzvləri öhdəliklərindən imtina etməyi və Bukingüm sarayından maliyyə cəhətdən asılı olmamağı qərara alıblar.
Məsuliyyətdən imtina
2020-ci ilin aprel ayının 1-dən etibarən Şahzadə Harri və Meqan Markl Britaniya kral ailəsi üzvlərinin vəzifələrini yerinə yetirməyi dayandırıblar. ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək üçün onlar "Kral həzrətləri" müraciət formasından və "Sussex Royal" dövlət maliyyələşməsi və ticarət markasından imtina etməli olublar.
Meqan Marklın maddi varidatı Harri ilə tanışlıqdan əvvəl beş-yeddi milyon dollar qiymətləndirilirdi. Bu məbləğin böyük hissəsini "Fors-majorlar" serialında oynadığı rola görə aldığı qonorar təşkil edirdi. Müxtəlif hesablamalara görə, Harri anasının ölümündən sonra 25-dən 40 milyon funt sterlinqə qədər vəsaitə sahib olub. O, bunu şahzadə Diana və böyük nənəsi, Kraliça Elizabetin (Elizabeth) anası tərəfindən miras olaraq alıb.
Sentyabr ayında Harri və Meqan məşhur "Netflix" videoservisi üçün film və serialların çəkilişinə dair razılıq əldə ediblər. Bu iş birliyinin maliyyə detalları açıqlanmayıb. Cütlüyün daha bir gəlir mənbəyi ictimai çıxışlardır. "Daily Mirror"-un məlumatına görə, hər bir tədbir üçün onlar bir milyon dollar ala bilərlər.
Eləcə də oxuyun:
-
Britaniya şahzadəsi oğlu və gəlininin pulunu kəsib
-
"Varlılar da ağlayır": Meqan Markl irqçilikdən şikayətçidir
-
Şahzadə həyatını zooparka bənzətdi
-
Şahzadə Harri oxudu, amma Meqan üçün yox - VİDEO