BAKI, 28 may - Sputnik. Azərbaycanın Əməkdar artisti, müğənni Zöhrə Abdullayeva vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, məlumatı teleaparıcı Hacı Nuran paylaşıb.
"Çox ağır, üzücü bir xəbər oldu. Əslində, heç ölüm xəbərlərini paylaşmaq, xəbər vermək istəmərəm. Amma nə edək ki, bu fani dünya gəlimli-gedimlidir. Nə edək ki, bir üzü işıqlı, bir üzü qaranlıqdır bu dünyanın...
Посмотреть эту публикацию в Instagram
Tamaşaçıların sevimlisi, doğmaların əzizi müğənni Zöhrə Abdulla qızı Abdullayeva uzun sürən sklerodermiya xəstəliyindən sonra dünyasını dəyişdi bu dəqiqə. Ağır itkidir Azərbaycan incəsənəti üçün. Ağır itkidir sevənlər, əzizlər üçün. Xüsusən də Zöhrə xanım kimi bir insanı itirmək sözlə deyilməyəcək qədər ağrılıdır", - Hacı Nuran yazıb.
Zöhrə Abdullayevanı ikinci anası adlandıran teleaparıcı onun ən böyük arzusunun Şuşada oxumaq olduğunu bildirib: "Görə bilmədi azad, xoşbəxt Şuşanı. Zöhrə ana kimi bir insanın itkisi çox ağırdır. Nə deyəcəyimi, hətta özümə belə necə təsəlli verəcəyimi bilmirəm. Allah Zöhrə anamın əzizlərinin səbrini versin. Allah yerini cənnət etsin, gözəl sənətkar".
Qeyd edək ki, səhhəti pisləşən Z.Abdullayeva martın 12-də xəstəxanaya aparılmış, durumu haqda "Elgizlə izlə" proqramına açıqlama da vermişdi:
Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya universitetini bitirib. Ustad sənətkarlar Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərlidən fərdi muğam sənətindən dərs alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova "Sazlı qızlar ansamblı"na aparıb, peşəkar səhnəyə İslam Rzayev gətirib.
Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərirdi.
Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib.
Dünyanın otuz ölkəsində Azərbaycan musiqisin tərənnüm edib. 1985-ci ildə "İstedadlar axtarılır" konsert müsabiqəsinin laureatı olub, 1-ci yeri tutub. 2000-ci ildə Bağdadda Babil festivalının diplomuna laiq görülüb.
Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Bir oğlu, iki nəvəsi var. Oğlu 24 may 2018-ci ildə ağır xəstəlikdən vəfat edib.
Eləcə də oxuyun:
-
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq
-
AzTV-nin keçmiş rəhbəri vəfat edib
-
Sonuncu rəsm: Tahir Salahovun məzarı üzərindən görüntülər