BAKI, 27 may — Sputnik. Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkənin Basarkeçər rayonu (Geğarkunik) Zərkənd kəndinə (Kut kəndi) gəlib. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"-ya istinadən xəbər verir.
Paşinyan burada yerli kənd sakinləri ilə görüşüb.
Kənd sakininin Ermənistan – Azərbaycan sərhədində gərginliyin nizamlanması ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rolu barədə sualını cavablandıran Paşinyan qeyd edib ki, KTMT-nın nüfuzunun yüksək olması üçün hər şeyi etmək lazımdır.
"Bunun üçünsə biz KTMT qarşısındakı öz öhdəliklərimizi yerinə yetirməliyik, KTMT-nın isə bizim qarşımızda götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir", - deyə Paşinyan vurğulayıb.
Paşinyan Azərbaycanın guya Ermənistan ərazilərinə daxil olduğunu iddia edib:
"Beynəlxalq hüquqa görə bu, bizim suveren ərazimizdir və Azərbaycanın Silahlı Qüvvələri oranı tərk etməlidirlər. ABŞ, Fransa, Hindistan bəyan edib ki, bu bizim ərazimizdir, Rusiya Federasiyası da bəyan edib”, - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.
Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).
Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.
Həmçinin oxuyun:
* Ermənistan Müdafiə Nazirliyi əsir götürülən hərbçilərinin adlarını açıqladı
* Ermənistan sərhədyanı ərazilərdə qəsdən gərginliyin artırılması siyasətini həyata keçirir
* Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb - MN
* Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə
* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...
* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır