BAKI, 27 may - Sputnik. Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.
"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olub.
Alanyadakı Oba stadionunda oynanılan matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı Azərbaycan yığması açıb. 28-ci dəqiqədə Emin Mahmudov komandasını önə keçirib. 34-cü dəqiqədə Halil Dervişoğlu bərabərlik qolunu vurub. 44-cü dəqiqədə isə Kaan Ayhan fərqlənib.
Qarşılaşma "Sumqayıt"ın futbolçusu Murad Xaçayev və "Qarabağ" klubundan Toral Bayramov üçün əlamətdar olub. Hər iki oyunçu ikinci hissədə meydana çıxmaqla yığmada debüt edib.
Azərbaycan millisi iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.
Qeyd edək ki, Türkiyə yığması AVRO-2020-dəki iki oyununu Bakıda keçirəcək. Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.