CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdman, səyahət, toy - Hamının "səbəb"lərinə bir qərar təkan verdi - REPORTAJ

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaşlar
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaşlar - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
"Operativ Qərargahın dünən COVID-19 pasportu ilə idman zallarına girişə icazə veriləcəyi barədə qərarından sonra insanlarda daha çox aktivlik müşahidə olunur".

BAKI, 26 may — Sputnik, Zülfiyyə Quluyeva. İyunun 10-da fəaliyyətə başlayacaq idman zallarına ancaq COVID-19 pasportu olan şəxslərin daxil ola bilməsi ilə bağlı Operativ Qərargahın mayın 25-də açıqladığı qərar koronavirus əleyhinə peyvənd vurdurmaq istəyənlərin sayını artırıb.

Bu gün səhər saatları olmasına baxmayaraq Səbail rayonu 2 saylı Şəhər Poliklinikasında vaksin vurdurmaq üçün xeyli sayda insan növbə gözləyirdi. Poliklinikaya gələn şəxslərin əvvəlcə https://randevu.its.gov.az/ saytında vaksin üçün növbə götürüb-götürmədiyi dəqiqləşdirilir, daha sonra həmin şəxslər qeydiyyat bölməsinə göndərilirdi. Poliklinikada qeydiyyata düşdükdən sonra peyvənd zonasına daxil olan şəxslər müayinə edilir, vaksin vurulurdu. Poliklinikanın şöbə müdiri Gülxar Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünənki qərara qədər gündəlik vaksin vurduranların sayı 40-45 arası dəyişsə də, saat 11-ə qədər artıq 80 nəfərdən çox şəxs peyvənd olunub: "Dünənki qərar peyvəndə marağı daha da artırıb. İndiyədək koronavirus əleyhinə vaksin vurdurmağa tərəddüd edən şəxslər könüllü şəkildə bu gün gəlib peyvənd olunurlar".

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaş
İdman, səyahət, toy - Hamının səbəblərinə bir qərar təkan verdi - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaş

G.Tağıyeva deyir ki, vaksin üçün bu gün müraciət edənlər daha çox cavan yaşda, məşğul əhalidir: "Operativ Qərargahın dünən COVID-19 pasportu ilə idman zallarına girişə icazə veriləcəyi barədə qərarından sonra insanlarda daha çox aktivlik müşahidə olunur. Onlar da anlayırlar ki, peyvənddən sonra əvvəlki həyatımıza qayıda bilərik".

Şöbə müdiri vaksin olunmaq üçün poliklinikaya müraciətlərin artması səbəbindən iki operator və vaksin üçün iki həkimin və tibb bacısının ayrıldığını söyləyir. Onun sözlərinə görə, dünənə qədər vaksin məntəqəsində bir operator və bir həkim, tibb bacısı çalışırdı. G.Tağıyeva bildirir ki, bu gün peyvənd üçün poliklinikaya gələnlərin çoxu 20-30 yaş arası vətəndaşlardır.

Elə peyvənd üçün müraciət edən şəxslər də dünənki qərarın onları peyvənd olunmağa sövq etdiyini təsdiqləyirlər. Paytaxt sakini Vüsal Şirinov 37 yaşındadır. Pandemiyaya qədər həftədə üç dəfə idman zalına məşqə getdiyini söyləyən Vüsal idman zallarının yenidən açılmasına sevindiyini bildirir. Deyir ki, vaksini həm idman zalına gedə bilmək, həmçinin də gələcəkdə toylarda, konsertlərdə iştirak edə bilmək üçün vurdurur:

"İndiyə qədər COVID-19 pasportunun olub-olmamasının elə bir əhəmiyyəti yox idi. Dünən açıqladılar ki, belə bir sertifikatı olanlar müxtəlif xidmətlərdən yararlana biləcəklər. Bundan məhrum olmaqdansa, vaksin etdirmək daha faydalıdır", - deyə müsahibimiz bildirir.
© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonu 2 saylı şəhər poliklinikasının şöbə müdiri Gülxar Tağıyeva
İdman, səyahət, toy - Hamının səbəblərinə bir qərar təkan verdi - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Səbail rayonu 2 saylı şəhər poliklinikasının şöbə müdiri Gülxar Tağıyeva

Turanə Seyidova isə Bakıda restoranların birində aşpaz işləyir. Deyir ki, toylar olan dövrdə şadlıq evlərində də yemək hazırlayıb. Dünən məlum qərardan sonra restoranın rəhbəri onlara bildirib ki, işçilərin ən azı 30 faizi peyvənd olunmalıdır: "Bu gün 3 nəfərə icazə verib ki, peyvənd olunaq. Əgər iş yerlərindən də bu sənədi tələb edirlərsə, məcburuq ki, vaksin olunaq", - deyə T.Seyidova bildirir.

Raul Teyyubov 25 yaşlı gəncdir. Onun sözlərinə görə, vaksin olunmağa onu həm idman zallarından ancaq COVID-19 pasportu olanların istifadə etməsi ilə bağlı qərar, həmçinin də yayda səyahət etmək istəyi sövq edib. Həmsöhbətimiz deyir ki, xaricdə istirahət üçün də bu sənədin tələb oluna biləcəyindən ehtiyatlanıb, indidən peyvənd etdirir.

Poliklinikada həmsöhbət olduğumuz vətəndaşlar arasında gələcəkdə qızının, nəvəsinin toyunda iştirak etmək üçün peyvənd olunduğunu söyləyənlər də oldu. Kiçik müşahidələr göstərdi ki, Operativ Qərargahın COVID-19 pasportu olanlara verdiyi güzəştlər insanlar arasında vaksinə marağı artırıb.

© Sputnik / Zulfiyya Guluyeva
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaşlar - Sputnik Azərbaycan
1/3
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaşlar
© Sputnik / Zulfiyya Guluyeva
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaş - Sputnik Azərbaycan
2/3
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaş
© Sputnik / Zulfiyya Guluyeva
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vətəndaşın COVİD-19 vaksinasiyası üzrə məlumat forması - Sputnik Azərbaycan
3/3
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vətəndaşın COVİD-19 vaksinasiyası üzrə məlumat forması
1/3
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaşlar
2/3
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vaksinasiyaya gələn vətəndaş
3/3
Səbail rayonu 2 saylı şəhər poliklinikasında vətəndaşın COVİD-19 vaksinasiyası üzrə məlumat forması

Xırdalan şəhər 5 nömrəli məktəbdə təşkil olunan vaksin məntəqəsində isə bu gün peyvənd üçün müraciət edənlərin sayı dünənkindən və əvvəlki günlərdən iki dəfə çoxdur. Bunu Sputnik Azərbaycan-a Abşeron Rayon Mərkəzi Xəstəxanasın vaksinasiya üzrə məsul işçisi Xatirə Quluyeva bildirib.

Onun sözlərinə görə, Operativ Qərargahın idman zallarına giriş üçün COVID-19 pasportu tələb olunması ilə bağlı qərarı insanlarda vaksinasiyaya marağı artırıb. X.Quliyeva günün birinci yarısında peyvənd üçün məntəqəyə gələnlərin sayının dünən gün ərzində vaksin olunanlardan iki dəfə çox olduğunu bildirir.

Paytaxtda yerləşən vaksin məntəqələrində apardığımız müşahidələr də Operativ Qərargahın son qərarının insanları vaksinasiyaya sövq etdiyini göstərdi.

Qeyd edək ki, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, 18 yanvardan mayın 25-nə qədər 2 milyona yaxın ölkə vətəndaşı peyvənd olunub: "Bu gün Azərbaycanda 850 mindən çox ikinci dozanı tamamlamış insanlar var. Azərbaycan dünyada nadir ölkələrin sırasındadır ki, əhalisinin sayına yetəcək qədər vaksin var. Hər birimizin seçim imkanı var".

 

Eləcə də oxuyun:

Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR

* Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?

* Dərs olsun, bir də olmasın: Pandemiya əlimizdən nələri aldı

* Məscidlərdə 50 nəfər, işçilərin 80 faizi... NK-nın yeni qərarının detalları

* Dünən sevinmişdik, bu gün Nazirlər Kabineti yeni qərar verdi

Xəbər lenti
0