Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Zirəklər və maymaqlar: Cəmiyyətin iç üzü

© AP Photo / Jeff RobersonПорфель чиновника, фото из архива
Порфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Prinsiplərinə sadiq, yolundan sapmayan bacarıqlı adamlar da var. Ancaq nədənsə onları zirək, uğurlu fərd kimi görmür, təqdir etmir cəmiyyətimiz.

Bacarıqlı, əlindən hər iş gələn, cəld, çevik, çox diribaş, dəyirmanın boğazından ölü salsan, diri çıxmaq potensialı olan insanları qısaca olaraq "zirək" adlandırırıq. Zirəklik, yəni bacarıqlı olmaq yaxşı keyfiyyətdir. Hər kəs istəyər ki, zirək, fərasətli, uğurlu, bacarıqlı adam olsun. Övladlarımıza da bunu tövsiyə edirik. Bir də var bu istəklərin sərhədlərini aşıb, yeni bir mərhələyə keçmək, "həddindən artıq zirək"lik nümayiş etdirib, bu bacarıqlara kələkbazlığı da birləşdirib, "şustriy" olmaq. Bunu isə övladlarımıza rəva görmürük. Yəqin sizin də tanıdığınız belə keyfiyyət sahibləri var və siz onlara öz aranızda "zirək uşaq, şustriy oğlan" deyirsiniz. Bu "zirək" o zirəkdən deyil ha, biləsiniz. Yəni bizim bəhs etdiyimiz "zirək" ifadəsi əsas etimalogiyasından, lüğətdə ifadə etdiyi mənasından fərqlidir.

***

Ümid edirəm hansı tiplərdən söhbət getdiyini izah edə bildim. Bu həmin o tipdir ki, tələbəlik illərində dekanla tələbə arasında, hərbi xidmətdə komandirlə əsgər arasında, məhlədə JEK müdiri ilə sakinlər arasında, bir az da dərinə gedəndə gömrük əməkdaşı ilə şirkət arasında, lazım gələndə deputatla seçici arasında vasitəçilik edib, "səmimi ünsiyyət" yaratmağı bacarır. Və rəhmətlik nənəm belələrindən söz düşəndə "zirəng gədədir" – deyib, təqdir edər, zirək sözünün fars kökənli olmasını tələffüzü ilə xüsusi olaraq vurğulayardı.

***

Cəmiyyətdə bu cür adamlara qarşı hər zaman ciddi simpatiya sezmişəm. Yaşamaq uğrunda aparılan amansız mübarizədə sözün bütün mənalarında yaşamağı bacaran, hər cür mühitə uyğunlaşan, təhlükə hiss etdiyi anda buqələmun kimi rəngini dəyişə bilən bu adamları analar oğullarına, qadınlar ərlərinə nümunə göstərir. Çünki bu "zirəng gədə"lər anasını şəxsi avtomobilində xalasıgilə aparır, həyat yoldaşının könlünü bahalı geyimlərlə, daş-qaşla almağı bacarır, yeri gələndə atasının cibinə xərclik qoyub, qohum-qardaşın işinə yarayır. Dost-tanışı başına yığıb qonaqlıq verməyi, ehtiyacı olan uşaqlıq dostunun cibinə pul basıb, "darıxma, qardaşın sənə də iş tapacaq" deməyə çəkinmir. Bütün qohum-qardaş, dost-tanış da bilir ki, filankəs "şustriy uşaq"dır, nə yolla olur vəziyyətdən çıxacaq, ailəsini ac, dostlarını köməksiz qoymayacaq. Bu tiplər üçün meyar, dəyər, prinsip yoxdur. Qazanmaq, "uğurlu adam" imicini qorumaq üçün bütün yollar mübahdır. Çünki zirəklik bir alayı məsələdir. "Zirək" olmaq, özü bir dəyərdir. Bizim kimi ağıla, zəkaya, intellektə biganə toplumlarda "zirək"lər birmənalı olaraq təqdir olunur. Bunun yaxşı və ya pis olmasına dəyər verməyi də sizin öhdənizə buraxıram.

***

İctimai həyatda da kifayət qədər "zirək oğlanlar" var. Həm siyasətdə, həm jurnalistikada, həm də ədəbiyyat və mədəniyyət aləmində belələri ilə çox rastlaşmışam. Zamanında xalqın, millətin, dövlətin əleyhinə min cür oyundan çıxmış, müxtəlif yollarla cəbhəsini dəyişib, naməlum şəkildə dövlətin qayğısı ilə əhatə olunmuş, bu oyunbazlıqları hesabına hər cür təminat əldə etmiş bu "zirəklər" heç bir narahatlıq keçirmədən meydan sulayır. Bəzilərinin bu gününü görüb, keçmişini xatırlayanda istər-istəməz dodağım qaçır. İnsanlar necə rahat, necə abırsız şəkildə mövqeyini dəyişə, bir zaman inandığı dəyərlərdən vaz keçə bilirmiş. Hələ bir vaxtlar əlində oyuncağa çevrildiyi ağalarını söyən "zirəklər" var. Bu tərbiyə, mənəviyyat məsələsi olduğu üçün dərinə getməyə ehtiyac yoxdur. Çünki mövqeyini dəyişənlərin keçmiş ağalarına söyməsi anlaşılandır. Sadəcə nə qədər vəziyyətdən hali olsam da, bu zirəklərə, bu "şustriy uşaqlara" heyrətlənməyə bilmirəm. Sonuncu dəfə Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalından yayılan fotolara baxanda, festival sonrası müəyyən çıxışları dinləyəndə əmin oldum ki, "zirəklik" xüsusi bacarıqdır və bunu bacarmaq da hər oğulun işi deyil. Hər yerdə olmaq və lazım gələndə mövqeyini dəyişmək xüsusi bacarıq hesab olunmalıdır. Bəs dövlət, cəmiyyət bu cür "zirəng gədələri" niyə təqdir edir? Açığı bu sualın cavabını təxminən bilsəm də, özümü də sizlərlə birlikdə düşünməyə dəvət edirəm.

***

Prinsiplərinə sadiq, yolundan sapmayan bacarıqlı adamlar da var. Ancaq nədənsə onları zirək, uğurlu fərd kimi görmür, təqdir etmir cəmiyyətimiz. Cəmiyyət nəticəyə, gözlə görünən "qazanc"a fokuslanır. Sevgi, sayğı, təqdir və ehtiram cəmiyyət üçün önəmli deyil. Önəmli olan maddi rifahdır. Davasına sevdalı olanların nəinki cəmiyyətin gözündə, heç ailəsinin yanında da hörməti yoxdur. Kütlənin gözündə sən ya zirəksən, ya da maymaq. Arxa planda baş verənlər – imtinalar, yuxusuz gecələr, inadkar mübarizələr heç kəsin umrunda deyil. Sənin məhrumiyyətlərin olsa-olsa haqqında danışacaq yaxşı adamların bir-iki cümləlik bayat xatirəsidir. Kütlə üçün proses qətiyyən maraqlı deyil, nəticə olmalıdır. Təəssüf ki, sən kütlənin gözündə ya zirəksən, ya da maymaq...

Xəbər lenti
0