2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi.
Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Sputnik Azərbaycan COVID-19 pandemiyası başlayandan bu günədək hansı məhdudiyyətlərin tətbiq edildiyini oxuculara təqdim edir.
Azərbaycanda pandemiyanın ilk dalğası
Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. İrandan gələn Rusiya vətəndaşında COVID-19 virusunun müəyyən edilməsindən sonra Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı. Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxal məhsullarının ölkəyə daxil olmasına qadağa qoyuldu. 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirildi. Daha sonra bu qadağanın tarixi martın 27-nə qədər uzadıldı. Martın 12-də Azərbaycanda koronavirusdan ilk ölüm halının qeydə alınması ölkəmizdə COVID-19-la mübarizə tədbirlərinin bir qədər də sərtləşdirilməsinə zərurət yaratdı. Azərbaycan Gürcüstanla sərhədləri 10 gün müddətinə bağladı. Martın 14-dən Azərbaycan Türkiyə ilə quru və hava sərhədlərini müvəqqəti olaraq bağladı.
Sosial təcrid dövrü...
Operativ Qərargah martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi. Martın 22-dən etibarən Azərbaycan ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, internet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edildi. Martın 23-dən etibarən ölkədə bütün mallar və böyük ticarət mərkəzləri bağlandı. 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək isə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət dayandırıldı.
Koronavirus pandemiyası səbəbindən ölkəmizdə hərəkət məhdudiyyətləri müəyyən olundu. Şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verildi. Bunun üçün “icaze.e-gov.az” portalı yaradıldı. Aprelin 2-dən həyati xidmətlər (təcili tibbi yardım, ərzaq və digər mallar və ya dərmanlar) almaq üçün yaşayış yerini tərk etmək üçün icazə sistemi işə düşdü. Bunun üçün SMS icazə sistemi tətbiq edildi.
Martın 31-dən aprelin 20-dək ölkə ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə də qərar verildi. Məhdud sayda işçiləri işə cəlb etməklə bağlı qərar verildi. Aprelin 7-dən isə pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi barədə qərar verildi. Həmin qərarla 3 dəfə işsiz şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verildi. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə 2020-ci ilin mart ayının 19-da Baş nazir qərar verdi.
Tədricən yumşalmalar başlandı
2020-ci il 4 may tarixindən isə yumşalmalar tətbiq olundu. Yumşalmalar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələli həyata keçirildi. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən - dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olundu. Bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olundu. Bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyətə başladı. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olundu.
Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edildi. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olundu (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olundu. 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürüldü. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olundu. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olundu (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla). Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verildi. Az keçmədi ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətin saat 08:00-dan 22:00-dək həyata keçirilməsinə icazə verildi.
Maska həyatımıza daxil oldu...
29 may 2020-ci il tarixdən Azərbaycanda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) qapalı məkanlarda istifadə edilməsi məcburi oldu. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbinin pozulmasının qarşısının alınmamasına görə cərimə məbləği artırılaraq fiziki şəxslər üçün 100 manat, vəzifəli şəxslər üçün 300, hüquqi şəxslər üçün 600 manat məbləğində müəyyənləşdi.
Növbəti qapanma
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Sakinlər yaşayış yerini Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bildilər. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildi.
Nəqliyyatda qadağalar dövrünə start verildi...
2020-ci ildə metro bir neçə dəfə bağlanıb-açıldı. Aprelin 1-dən mayın 9-dək, iyulun 4-dən sentyabrın 14-dək sərnişinlər metro xidmətlərindən istifadə edə bilmədilər. Sonuncu dəfəki qapanma isə aylarla uzandı - oktyabrın 19-da bağlanan metro 2021-ci il mayın 31-də qapılarını sərnişinlərin üzünə açacaq.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırıldı. Qeyd edək ki, bu qərar bu günə qədər davam edir.
Eyni zamanda ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edildi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazəyə qadağa tətbiq edildi. İri ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin, muzey və sərgi zallarının, bərbərxanaların, gözəllik salonlarının və kosmetik xidmətlərin, təhsil müəssisələrinin fəaliyyətinə, eləcə də açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə yenidən qadağa tətbiq edildi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazə yenidən işə düşdü.
Çimərliklərə icazə verildi
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verildi. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırıldı. 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verildi. Çimərliklərə giriş üçün portal yaradıldı. 2020-ci il 31 avqustdan sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti, açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsini dayandırıldı.
Vaksinasiya - ümid işığı?
2020-ci ilin noyabrın 19-dan isə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi oldu.
Azərbaycanda təhsilin mərhələli hibrid tədrisinə 2020-ci ilin oktyabrın 1-dən başlansa da, bu, uzun çəkmədi. Müharibə səbəbindən dayandırılan təhsilə 2021-ci il fevralın 2-dən hibrid formada start verilsə də, məktəblərdə yoluxma səbəbindən üç həftədən sonra dərslər Bakı, Abşeron, Sumqayıtda onlayn rejimə keçirildi. Mayın 17-dən isə yenidən sadalanan şəhərlər üzrə həftədə iki və üç dəfə olmaqla dərslər əyani davam etdirilir.
2021-ci ilin yanvarından Azərbaycanda əhalinin risk qrupuna aid təbəqəsinin vaksinasiyasına başlanıldı. Daha sonra yaş həddi endirildi. Hazırda 18 yaşdan əhalinin könüllü koronavirus əleyhinə peyvəndlənməsi davam edir...
Eləcə də oxuyun:
* Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR
* Şənbə-bazar ictimai nəqliyyatın aqibəti necə olacaq?
* COVID pasportu olanlara Operativ Qərargah hansı üstünlükləri verir?
* Azərbaycanda koronavirusla bağlı vəziyyət açıqlandı
* Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?