BAKI, 24 may - Sputnik. Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək.
"Report"un məlumatına görə, “Bank Respublika Arena”da “Keşlə” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Saat 19:30-da başlanacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Finalçılar indiyədək iki dəfə üz-üzə gəlib. 2017/2018 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” (1:0; 1:1) finala yüksəlib. Məhz həmin mövsüm paytaxt təmsilçisi finalda "Qəbələ"ni minimal hesabla yenərək, ilk və yeganə ölkə kubokunu qazanıb.
Bu mövsüm isə "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə Azərbaycan çempionatının bürünc medalını qazandığı kimi, ölkə kubokuna da sahib çıxmağa iddialıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 3-cü yerin sahibi olaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. Əvəzində Premyer Liqanı 6-cı pillədə başa vurmuş "Keşlə" avrokuboklara yollanmaqdan ötrü mütləq "Sumqayıt"a qalib gəlməlidir. Əks halda, Konfrans Liqasına son vəsiqəni 4-cü pillənin sahibi "Zirə" əldə edəcək.