Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Boşluğu doldurmaq: "Uşaqlar inciməsinlər. Heyvanlara tətbiq etdiyimiz üsulları..."

© AFP 2021 / FREDERICK FLORINРебенок смотрит мультфильм на планшете, фото из архива
Ребенок смотрит мультфильм на планшете, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Xəbərlərə abunə olun
Rafiq Quliyev: "Əgər biz gələcəkdə cəmiyyətdə müəyyən dəyişiklikləri görmək istəyiriksə, bu gün uşaqlardan başlamalıyıq. Uşaqlar üçün mütləq birinci növbədə animasiya filmləri, bədii filmlər, seriallar çəkilməlidir. Heç olmasa, qısametrajlı filmlər çəkilməlidir"

BAKI, 23 may — Sputnik, Şahpəri Abbasova. Dünya kinosunun yaranış tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən "Asif, Vasif, Ağasif", "Qaraca qız", "Mən mahnı qoşuram", "Qərib cinlər diyarında", "Şərikli çörək", "Ögey ana", "Skripkanın sərgüzəştləri", "Bir qalanın sirri", "Sehrli xalat" və sairlərinin adlarını çəkmək olar.

Sovet dönəmində lentə alınan filmlər bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılır. Bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür. Sovet hökuməti dağıldıqdan sonra ölkəmizdə film sektoru tənəzzülə uğradı. Son illərdə digər mövzularda filmlər çəkilsə də uşaqlardan bəhs edən filmlər arxa plana düşüb. Bunun səbəbi nədir? Elə bu sualı kino mütəxəssislərinə yönəltdik.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bunun obyektiv və subyektiv səbəbləri var: "Sovet dönəmindən sonra, 90-cı illər və 2000-ci illərin əvvəlləri Azərbaycan kinosunun tənəzzül dövrüdür. Qarabağ hadisələrinə görə həmin dönəmdə, demək olar ki, çox az film çəkilirdi. Son 10-15 ildir ki, dövlətimiz kinematoqrafiyaya diqqət ayırmağa başlayıb. 1998-ci ildə "Kinematoqrafiya haqqında" qanun qəbul olundu. Bu qanun qüvvəyə mindikdən sonra kino istehsalı qismən bərpa olunmağa başladı. Qismən də olsa "Azan" film studiyası, xüsusən son illərdə yaranan bir sıra özəl animasiya studiyaları bu problemi aradan qaldırdı. Bütün bunlar obyektiv səbəblərdir".

Kinooperatorun sözlərinə görə, uşaq filmi çəkmək rejissordan xüsusi peşəkarlıq tələb edir: "Bu problemin subyektiv tərəfləri də var. Uşaqlarla işləmək həddindən artıq professionallıq və səbr tələb edir. Hər bir rejissor da buna hazır deyil. Moskvada, kino institutunda uşaq və gənclər filmlərinin rejissor emalatxanası var idi. Həmin emalatxanaya kinorejissor Yuri Çulyukin rəhbərlik edirdi. Çulyukin özü də uşaq və gənclər üçün filmlərin rejissoru idi. O, bu sahə üzrə rejissorlar yetişdirirdi".

Professorun sözlərinə görə, uşaqlarla işləmək xüsusi yanaşma tələb edir: "Uşaq psixologiyası yetkin insan psixologiyasından xeyli fərqlidir. Ona təsir mexanizmi də fərqli olmalıdır. Bəzən deyirlər ki, "uşağı necə ağlatdılar?" Bəzən texnikası zəif olan aktyor da tələb olunan vəziyyəti çatdıra bilmir. O ki qaldı uşaq. Uşaqlar inciməsinlər. Bəzən biz heyvanlara tətbiq etdiyimiz üsulları uşaqlara da tətbiq edirdik. Biz elə bir vəziyyəti yetişdirirdik ki, uşaq həmin reaksiyanı verirdi. Uşaqlar fərdi yanaşma tələb edir. Məsələn, biz bilirik ki, çəkilən uşaq nəyə ağlaya bilər".

Həmsöhbətimiz əlavə edir ki, bütün bunlardan başqa, filmi lentə alan operatordan da cəldlik tələb olunur. R.Quliyev öz şəxsi praktikasından söz açıb: "Uşaqlarla işləmək üçün müşahidə kamerasından istifadə edirdik. Uşaqlarla dost olurduq, onları özümüzə öyrəşdirirdik. Bunun əsasında biz işləyə bilirdik. Məsələn, biz "Fədakar" filmini çəkəndə uşaq və yeniyetmələri dəvət etmişdik. Onlarla işləmək elə də asan deyil. Və yaxud da "Çölçü" filmində Cavidanla (çölçünün uşağı) işləmək xüsusi bacarıq tələb edirdi. Onun reaksiyalarını almaq çox çətin idi.

Sizi inandırım, bəzən dəvə ilə işləmək daha rahat olurdu, nəinki uşaqla. Çünki uşağı daha yaxşı tanımaq lazımdır. Məsələn, uşağa təzyiq göstərmək olmaz. Uşağa qarşı adi bir yanlış münasibətlə uşaq küsər, gedər. Filmin də yarısı çəkilib. Onda nə etməli? Bu, o qədər böyük zəhmət tələb edir ki, hər müəllif də bu əziyyətə qatlaşmaq istəmir.

Buna məcbur da edilə bilməz. Digər bir səbəb isə, uşaq psixologiyasını qabardacaq ssenarilərin yazılması da problematikdir. Hər ssenarist, hər dramaturq bunu bacara bilməz. Əgər biz gələcəkdə cəmiyyətdə müəyyən dəyişiklikləri görmək istəyiriksə, bu gün uşaqlardan başlamalıyıq. Uşaqlar üçün mütləq birinci növbədə animasiya filmləri, bədii filmlər, seriallar çəkilməlidir. Heç olmasa, qısametrajlı filmlər çəkilməlidir".

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, rejissor Fariz Əhmədov bildirir ki, yaxın zamanlarda uşaq filmləri ilə bağlı müsabiqə gözləniləndir: "Son 6-7 il ərzində "Dərs" adlı bir film ekran üzü görüb. "Azərbaycanfilm"də istehsal olunub. Ümumiyyətlə, Mədəniyyət Nazirliyi tərəfindən kinonun ümumi konsepsiyası işlənilir. Orada həm uşaq kinosu, həm Qarabağ mövzusu, həm də digər mövzular prioritet mövzular səviyyəsinə gətirilib çıxarılacaq. Hesab edirəm ki, yaxın zamanlarda uşaq filmləri ilə bağlı müsabiqə olacaq. Hazırda müharibə ilə bağlı müsabiqələr elan olunur. Amma uşaqlar haqqında da filmlər çəkiləcək".

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov bildirir ki, yaxın zamanlarda bu problem öz həllini tapacaq: "Uşaqların baş rolda çəkildiyi filmlər var. Elmar İmanovun Kann festivalına düşdüyü "Torn"  filmində baş rolun ifaçısı uşaq aktyordur. Teymur Hacıyevin "Duz, istiot zövqə görə" filmində baş rollardan birində uşaq aktyor rol alıb. Həm uşaq filmləri, həm animasiya filmlərində boşluqlar var. Təəssüf ki, Azərbaycan kino tarixində bir dənə də olsa tammetrajlı animasiya filmi yoxdur. Biz bu boşluqları doldurmağı planlaşdırırıq. Uşaq filmləri və animasiya filmləri ayrıca bir istiqamətdir. Bu mövzuda artıq hansısa konseptual həllər müəyyən olunub. Biz yaxın zamanlarda planlaşdırırıq ki, bu boşluqları dolduraq. Burada əsas məsələ kinonun vacibliyidir".

Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi Rəşad Qasımov bildirir ki, problemin kökü odur ki, kinoya yetərincə maliyyə ayrılmır:

"Sovet dönəmində çəkilən "Sehirli xalat" filmi dövrünə görə istənilən uşaq filmi ilə müqayisə oluna bilər. Çünki həmin dövrdə filmlər hansısa nağılların motivləri əsasında çəkilirdi. Amma adını çəkdiyimiz film orijinal ssenari əsasında çəkilib. Orada gələcəyi göstərir. Orada mobil telefon, "Skype"la görüntülü danışığı göstəriblər. Üstündən 40 il keçəndən sonra o texnikanı biz gördük.

İl ərzində 3-4 bədii film istehsal olunur. Onlar da müxtəlif mövzuları əhatə edir. Razılaşıram ki, uşaq filmləri də çəkilməlidir. Axı bizdə film istehsalı elə də güclü deyil. Filmlər çox çəkilmir ki, deyəsiniz ki, il ərzində 10-15 film çəkilir, niyə uşaq filminə yer ayrılmır?"

Eləcə də oxuyun: 

* Cizgi filmi yaradıcıları yenə Bakıda toplaşacaqlar

* Azərbaycanlı aktyorun yeni filminin premyerası "KINOPOISK"də – FOTO

* Azərbaycanlı rejissorların dünya kino elitasına yolu - Təməl hazırdır

* Azərbaycan kinosunun məbədi xilas olmağın yollarını arayır

* Uşaq Koroğlunu cizgi filmində görmürsə, sevimlisi də Turbomen olacaq

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала