CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük işlərə kölgə salanlar

© Sputnik / Murad OrujovБаку после смягчения карантина
Баку после смягчения карантина - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
Mümkün olduğu qədər bu etirazlara, şikayətlərə dərhal reaksiya verməli, vətən üçün canını əsirgəməyən insanları qayğıdan kənarda qoymamalıyıq.

Vətən müharibəsinin ilk günlərindən inanılmaz həmrəyliyin şahidi olduq. Xalq öz ordusuyla, əsgəriylə çiyin-çiyinə mübarizə aparırdı. Hər kəs əlindən gələni etməyə çalışırdı. Xalqın orduya, əsgərimizə dəstək verməsi, bu möhtəşəm həmrəylik illər keçsə də yaddaşımızdan silinməyəcək. Bəzi xoşagəlməz nüanslar olsa da, prosesin özü olduqca ürəkaçandır. Hamılıqla bu savaşın bir parçasına çevrilməyimiz, birliyimiz, həmrəyliyimiz olduqca ümidli mənzərə yaradırdı. Savaşın ilk günlərində əsgər və şəhid yaxınlarına ayrılan diqqət, çətinliyi, problemi olanlara edilən yardımlar hamımızın yadındadır. Şəkidə təqaüdçü Hikmət dayının yırtıq ayaqqabısıyla ASAN xidmətə gedib təqaüdünü orduya keçirmək istəməsi yəqin ki, xatirinizdədir. Bu gözyaşardan təşəbbüsü unutmaq olarmı? 

Bu birlik, həmrəylik olmadan qələbənin də dadı-duzu olmazdı. Bəlkə də bu həmrəylik sayəsində Qarabağ zəfərinə “bizim qələbəmiz” deyə bilirik. İnanıram ki, bu xalq savaşda canından keçənlərlə yanaşı arxa cəbhədən ön cəbhəyə puluyla, mal-dövlətiylə yardım edənləri, əsgər və şəhid ailələrinə həyan olanları da unutmayacaq. Savaş qələbəmizlə bitdikdən sonra da, insanlar arasında yarımlaşma, həmrəylik davam etdirilir. Bu möhtəşəm həmrəyliyin əbədi olmasıdır ən böyük arzumuz.

***

Dövlət müharibə iştirakçılarına və onların ailələrinə lazımi qayğını göstərmək üçün səfərbər olub. Şəhid ailələri, qazilər və onların ailələri bu gün dövlətin nəzaərtində, diqqətindədir. Müəyyən problemlər, çatışmazlıqlar, diqqətsizliklər olsa da, ümumi proses təqdir edilməlidir. Dövlətin bu sahədə gördüyü işləri alqışlamaqla yanaşı, müəyyən məsələlərdə daha diqqətli və həssas olmalarını da arzulayırıq. Hərdən diqqətdən, qayğıdan kənarda qalan insanlar haqlı olaraq şikayət edir, etirazlarını müxtəlif yollarla çatdırmağa çalışırlar.

Mümkün olduğu qədər bu etirazlara, şikayətlərə dərhal reaksiya verməli, vətən üçün canını əsirgəməyən insanları qayğıdan kənarda qoymamalıyıq. Dövlət öz vətəndaşına hər zaman sahib çıxmağa borcludur. Əgər vətəndaş vətən üçün ölməyi gözə almış əsgərdirsə, onun ikiqat qayğıya və diqqətə haqqı var. İstənilən halda Vətən müharibəsindəki həmrəyliyimizin, Qarabağ zəfərinin üzərinə kölgə salmaq olmaz. Məhz bu məsələlərdə bəhanə olmamalıdır. Əgər bircə nəfər qazi, şəhid ailəsi narazı qalırsa, bu bizim vicdanımıza ləkədir. Bu məsələdə müəyyən çatışmazlıqlar olsa da, dövlətin gördüyü işlər, şəhid ailələrinə və qazilərə göstərilən qayğı təqdir olunmalıdır. İnanıram ki, bəzi nadan və məsuliyyətsiz məmurların laqeyidliyi olmasa hər şey indikindən qatbaqat yaxşı olacaq. Görülən işlərə dəstək vermək, yaxşıları təqdir etmək və təbliğ etmək stimul üçün vacibdir.

Qalib gəlmiş ordunun əsgərinə layiq olduğu münasibəti göstərmək borcumuzudur. Ümumiyyətlə bu kimi məsələlərdə adi vətəndaşlar da diqqətli, həssas olmalı, gördüyü və müşahidə etdiyi yarıtmazlıqları ifşa etməkdən çəkinməməli, bir növ dövlətə bu çətin işdə dəstəyini əsirgəməməlidir. Çünki ordu dövlətin olsa da, əsgərlər bizim övladlarımızdır. Övladlarımıza bütün məqamlarda dəstək, arxa, həyan olmaq vəzifəmizdir.

***

44 günlük Vətən müharibəsinin gedişatında iş adamları, şirkətlər də yaxşı yöndən özünü göstərdi. Dəfələrlə qeyd etmişəm,  Azərbaycanda xalqın taleyini, gələcəyini düşünən milli burjaziya yoxdur. İş adamlarının böyük qismi naməlum şəkildə sərvət sahibi olanlar, kimlərinsə hesabına iş dünyasına özünü soxuşduran “bazar təfəkkürü” ilə yaşayan, harınlar və cahillərdir. Ancaq Vətən müharibəsində hətta bu insanların da vicdanı oyanmışdı.

Həmişə xalqadan uzaq olan, ancaq xalqın hesabına maddi rifahın zirvəsində olan şou-biznes nümayəndələri belə əlindən gələni etməyə çalışırdı. Yardım kampaniyalarında iştirak edənləri, bu kampaniyaların təşkilatçılarını xatırlayanda bu gün də duyğulanıram. Başqa vaxt xalqa qəpiyini belə qıymayan adamlar ordumuz üçün əlindən gələni edirdi. Sadə xalqın, ziyalıların da gördüyü işləri sevgiylə, ehtiramla xatırlayıram. Çox təəssüf ki, həm ordunun daxilində, həm də arxa cəbhədə bu kampaniyalardan sui-istifadə edənlər oldu. Sadəcə bu barədə bildiyimiz faktları yazıb böyük işlərə kölgə salmaq istəmirəm. İnanıram ki, əksəriyyətimiz  nələr baş verdiyini bilirsiniz, bəziləriniz isə canlı şahidlərsiniz.

***

Böyük işlərə kölgə salmaqdan söz düşmüşkən, bu gün qazilərin, şəhid ailələrinin problemlərindən istifadə edib yaramazlıq edənlər də az deyil.  Ümumiyyətlə xalqın və cəmiyyətin qazilərə, şəhid ailələrinə münasibətində sezdiyim “acımaq”, “yazığı gəlmək” məsələsi məni narahat edir. Hərdən yardım, kömək istəyən qazilərin mesajlarını paylaşıb onlar üçün yardım istəyənləri görəndə sarsılıram. Axı nəyə görə qazi, uğrunda döyüşdüyü adamlardan mərhəmət ummalıdır? Bəli, qazilər həm də sıravi vətəndaşadır və onların maddi sıxıntılarının, sosial qayğılarının olması anlaşılandır. Bu qayğıları həll etməli olan isə, dövlətdir. Qazinin, əsgərin qürurunu qorumaq dövlətin borcudur.

Vətəndaş isə, bu məsələdə sadəcə dövlətə dəstək olmalıdır. Bu gün guya qazilər üçün canfəşanlıq edənlərin əksəriyyəti məni narahat edir. Və çox təəssüf ki, son vaxtlar bu ada sığınıb fırıldaqçılıq edənlər də var. Bir daha təkrar edirəm, biz sıravi vətəndaşlar bu məsələdə dövlətin yanında olmalı,  dəstək verməliyik. Yerindən duran fırıldaqçı, populist təfəkkürlü adam, hansısa qazinin bank kartını götürüb sosial şəbəkələrdə dəstək axtarırsa, bu biyabırçılıqdan başqa bir şey deyil. Bu cür xoşagəlməz məqamlara vətəndaş kimi mane olmalı, əgər qazinin, şəhid ailəsinin bir problemi, sıxıntısı varsa dövlət qurumlarını xəbərdar etməli, bu problemlərin həlli üçün təşəbbüs göstərməliyik. Qazini, şəhid ailəsini ələbaxım öyrətmək, kimlərəsə möhtac olan aciz kimi göstərmək məni narahat edir.

***

Qardaş  Türkiyə cəmiyyəti qazilərə və şəhid ailələrinə daha duyğusal yanaşır. Milli burjaziyası kifayət qədər inkişaf etmiş Türkiyədə bəzən müəyyən xidmət sahələrində şəhid ailələrinə, qazilərə pulsuz xidmət göstərilir. Bunun formatı o qədər gözəl tapılıb ki, bu aksiya insanı qürurlandırır. Bizdə də müəyyən xidmət sahələrində şəhid ailələri və qazilər üçün pulsuz xidmət göstərildiyini eşidirik və görürük. Vətən müharibəsindən əvvəl də belə gözəl təşəbbüslərə rast gəlinirdi. Ancaq bunun bir formatı, qaydası, “adabı” olmalıdır. Türkiyədə bunu adətən kiçik şəhərlərdə, kəndlərdə, qəsəbələrdə, məhəllə arasında edirlər. Yəni şəhid ailəsinin, qazinin tanındığı yerlərdə bu jestlər təsirli və yerində görünür.

Elə bizdə də bu jesti edən kiçik məhəllə, qəsəbə, kənd dükanları, kiçik kafelə daha səmimi görünür. Ancaq şəhərin mərkəzində, böyük restoranın girişində, – “Şəhid ailələri üçün pulsuzdur. Hesabınız atanız tərəfindən ödənmişdir.” – yazmaq, şəhidə və ailəsinə sayğıdan çox, hoqqabazlıq, uğursuz marketinq taktikasıdır. Çünki, bu jestin arxa planında səmimiyyət yoxdur. İctimaiyyətin tanımadığı, ucqar kənddən şəhərə gəlmiş hansısa şəhid ailəsi gəlib restoranda yeyib-içdikdən sonra, ofisiantı çağırıb şəhid ailəsi olduğunu sübut etmək üçün nə etməlidir? Və yaxud bunun formatını necə düşünür bu “vətənpərvər işbazlar”?

***

Gözəl jestlər, maraqlı təşəbbüslər olmalıdır və bunu təqdir edirik. Ancaq səmimiyyət və düzgün yanaşma da vacibdir. Üstəlik, şəhid ailəsini, müharibə qazisini mərhəmətə möhtac kimi düşünmək qəbuledilməzdir. Marketinq xatirinə şəhid ailəsindən, qazidən istifadə edən zehniyyət mütləq dəyişməlidir. Azərbaycanın hər yerində şəhid övladı, valideyini və ya qazilər başını dik tutub yeriməlidir. Onalar vətəni, ailəsi, el-obası və bizim üçün savaşıb. Onların qürurunu qorumaq da bizim borcumuzdur.

 

Xəbər lenti
0