CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarşıda bizi böyük problem gözləyir: İcazə olsa da, olmasa da təhlükəli sulara girəcəyik

© Sputnik / Irade JELILHövsanda çirkab sular
Hövsanda çirkab sular - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Sosial platformada tez-tez kanalizasiya sularının Hövsan, Pirşağı, Novxanı, Bibiheybət istiqamətindən dənizə axıdıldığını əks etdirən görüntülər yayılır.

BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. Çimərlik mövsümü yaxınlaşdıqca çimərliklərdə istirahət etmək istəyənləri narahat edən məqamlardan biri də dəniz suyunun natəmizliyidir. İllərdir ki, çimərliklərə çirkab suların axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirildiyi bildirilsə də, hələ də çimərlik ərazilərinə kanalizasiya sularının axıdılması davam edir. Bunu rəsmi qurumların səlahiyyətli şəxsləri də təsdiqləyirlər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ də ölkəmizdə tullantı sularının qaydalara və normalara uyğun idarə olunmaması ilə bağlı müəyyən problemlər mövcuddur. Onun sözlərinə görə, paytaxtın təxminən yarısında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri yoxdur. Bu səbəbdən də orada formalaşan bütün tullantı suları bu və ya digər vasitələrlə sututarlara, sonda isə Xəzər dənizinə istiqamətlənir.

M.Qənbərov deyir ki, bu gün paytaxtda bir çox çimərliklər çimmək üçün yararlı deyil. Agentlik sədrinin sözlərinə görə, hər il Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə çimərlik ərazilərində monitorinqlər aparılır. M.Qənbərov bildirir ki, bəzi çimərliklərdə dəniz suyunun mikrobioloji göstəriciləri həmin ərazilərin çimərlik kimi istifadəsini mümkünsüz edir. M.Qənbərov deyir ki, həmin ərazilərdən çimərlik kimi istifadə edilməsi qadağan olunsa da, çox təəssüf ki, insanlar çimərlik mövsümündə gedib həmin ərazilərdə çimirlər:

"Hər il Şıxov çimərliyi çimərlik üçün yararsız elan olunur. Buna baxmayaraq, orada insanlar gedib çimirlər. Şıxov istiqamətində dənizə axıdılan sular üçün kollektor tikilməyib. Bu isə çirkab, natəmiz suların dənizə axmasına səbəb olur".

M.Qənbərov bildirir ki, problemin köklü surətdə həll olunması üçün vəsait qoyulmalıdır. Agentlik sədri deyir ki, Bakının bəzi ərazilərində təmizləyici qurğular fəaliyyət göstərir. Amma M.Qənbərov bunun yetərli olmadığını söyləyir. Onun sözlərinə görə, paytaxtda kanalizasiya şəbəkəsinin tam şəkildə qurulması və bunun son zənciri olan təmizləyici qurğu komplekslərinin yaradılmasına ehtiyac var.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Sputnik Azərbaycan-a bildirib ki, bu həftə çimərlik ərazilərində monitorinqlərə başlanılacaq, dəniz suyundan nümunələr götürülərək laborator müayinə ediləcək. Onun sözlərinə görə, çimərlik ərazilərində suyun bakterioloji çirklənmə səviyyəsi müəyyən olunduqdan sonra nəticə ictimaiyyətə açıqlanacaq:

"Dəniz suyunda bakterioloji müayinələrin nəticələri bağırsaq çöplərinin və ağır metalların olduğunu göstərirsə, həmin çimərlikdə çimmək qadağan edilir".

Məlumat üçün qeyd edək ki, “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamına əsasən hazırlanan tədbirlər planına görə, çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili təmin edilməlidir. Həmin sənədə əsasən, ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsi təmin edilməlidir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib ki, bu istiqamətdə işlər davam etdirilir. Onun sözlərinə görə, çimərlik ərazilərində kollektorların tikintisi işləri mərhələli şəkildə aparılır.

Qeyd edək ki, sosial platformada tez-tez kanalizasiya sularının Hövsan, Pirşağı, Novxanı, Bibiheybət istiqamətindən dənizə axıdıldığını əks etdirən görüntülər yayılır.

Eləcə də oxuyun: 

Çirkab sular dənizə axıdılmaqda davam edir - REPORTAJ

* Araşdırma "Azərsu" ASC-nin cinayətini üzə çıxarıb

* Azərbaycanda kommunal xidmətlərin keyfiyyəti

Çimərliklər bu mövsüm işləyəcək? TƏBİB-dən açıqlama

Xəbər lenti
0