BAKI, 20 may — Sputnik, Zülfiyyə Quluyeva. 12-13 may tarixlərində Azərbaycan ordusunun sərhədlərimizin demarkasiya və delimitasiyası çərçivəsində Qaragöl istiqamətində 2-3 km irəliləyərək gölü nəzarətə götürməsi ermənilərdə dəhşətli təşvişə səbəb olub. Qaragölün Azərbaycana məxsus ərazidə yerləşdiyini bədnam qonşularımızın da yaxşı bilməsinə baxmayaraq, tarixi saxtalaşdırmaq cəhdlərinə, eləcə də bu məsələ ətrafında hay-küy salmağa davam edirlər. Sputnik Azərbaycan uşaqlığı Qaragöldə keçən, Laçının bu gölə ən yaxın kəndi olan Hacılar kəndinin sakini Bəbirov Elçin Əhliyət oğlunun Qaragöllə bağlı xatirələrini oxuculara təqdim edir.
2-ci qrup Qarabağ əlili Elçin 1975-ci ildə Laçının Hacılar kəndində doğulub. Laçının ən ucqar kəndi sayılan Hacılarda dünyaya göz açan Elçin deyir ki, yaşadıqları kəndin ərazisi Qaragölə ən yaxın yaşayış məntəqəsidir. Əhalisinin əksəriyyətinin heyvandarlıqla məşğul olduğunu söyləyən kənd sakini isti aylarda Qaragölün ətrafında dağda alaçıqlarda qalıblar. Uşaqlığının Qaragöldə keçdiyini söyləyən Elçin bu gölün çox yüksəklik ərazidə yerləşdiyini söyləyir: "Biz yay tətilində valideynlərimizlə birgə Qaragölün sahilində qurduğumuz alaçıqda qalardıq. Qaragölün havası o qədər gözəl idi ki, onu sözlə ifadə etmək mümkün deyil. Günəş üç ay bizi orada necə yandırırdısa, geri qayıdanda məktəbdə uşaqları tanımaq olmurdu. Orada üz dərimizi günəş necə yandırırdısa, dərimiz qaysaq bağlayırdı. Dərimizin yanmaması üçün anamız üzümüzə yağ vururdu. Qaragölün özünəməxsusluğu vardı. Laçından, digər rayonlardan gələnlər Qaragölün sahilində çadır qurub qalırdı. Yadımdadır ki, biz o qonaqlara süd-qatıqdan, qaymaqdan pay aparardıq".
Danışdıqca kövrələn, Qaragöllü günlərini gözünün önündə canlandıran Elçin günəşli havada Qaragöldə qəribə mənzərə yarandığını söyləyir: "Günəşli gündə Qaragölə baxanda göldə dağların əksi görünürdü. Adamı valeh edən bir mənzərə yaranırdı. Dağların əksi suya düşdüyü üçün su qara rəngdə görünürdü. Ona görə də gölün adına Qaragöl deyiblər".
E.Bəbirov deyir ki, Qaragölün zəngin, gözəl təbiətində müalicəvi bitkilər bitirdi: "Qaragölün suyu göz yaşı kimi duru idi. Biz o suda çimirdik. Suyu təmiz olduğu üçün çimərkən ağzımıza dolsa da, onu içirdik. Gölün suyu o qədər təmiz idi ki, 4-5 metr dərinlikdə üzən balıqları belə görmək mümkün idi".
Qaragölün ermənilərin əlinə necə keçdiyinə gəlincə, E.Bəbirov bu tarixin sovet dövrünə dayandığını söyləyir: "Ermənilər dəfələrlə bizim kəndimizi yandırıblar. Onlar Qaragölü ələ keçirmək üçün min hiyləyə əl atıblar. Qaragöldə tərəkəmə əhalisinin köçünün izləri vardı. Orada ermənilər yol çəkmək adı ilə bir müsəlman qəbiristanlığını tamamilə dağıtdılar. Ermənilər bu vandallığı Qaranlıq dərədən Ayı dərə istiqamətinə yol çəkərkən həyata keçirdilər. O yolun üzərindəki qədim qəbiristanlığı traktorla düzlədilər".
Həmsöhbətimiz deyir ki, Qaragöldən ermənilər balıq saxlamaq adı ilə istifadə edib. 1987-ci ildə Qaragöl qoruq elan edilib. Bununla bağlı Azərbaycan SSR qərar verib. Beləcə göldən müştərək istifadəyə başlanılıb: "Ermənilər Qaragöldə balıqçılıq təsərrüfatı yaratdılar. Bundan sonra onlar bizi gölün kənarına buraxmırdılar. Gölə gedən kimi balıq tutmağa gəlib-gəlmədiyimizi soruşurdular. O vaxt hamı Sovetlər Birliyində yaşadığı üçün buna əhəmiyyət vermirdi. Ermənistan beləcə Qaragöldə balıqçılıq təsərrüfatı yaratmaqla o gölü bizim əlimizdən çıxartmağa başladı. Qaragölün yanında bir göl də var. Biz ora Cilin düzü deyirdik. Orada böyük otlaq sahəsi vardı. O otlağın ortasında bataqlıq kimi bir yer vardı. 1987-ci ilə kimi ikinci göl yox idi. Ermənilər Qaragölün qarşısına bənd çəkərək bizim də otlaq sahəmizi gölə çevirdilər. İkinci göl süni yaradılan göldür. Bizim ərazimizə düşən otlaq sahəsi beləcə suyun altında qaldı. Daha sonra ermənilər o gölün ətrafında dəmir tor çəkdilər. Bu yolla o ərazini özününküləşdirməyə nail oldular. Halbuki Qaragölün Ermənistana düşən hissəsi də Azərbaycanın tarixi torpaqları olub".
E.Bəbirov deyir ki, Ermənistan Qaragöl ətrafında əraziləri zəbt etmək hiyləsini müxtəlif yollarla həyata keçirib. Onun sözlərinə görə, onlar Azərbaycanın kəndlərinə məxsus əkin sahələrini 1980-cı illərdə müxtəlif saxta sənədlərlə ələ keçirməyi bacarıblar. Bu zaman yerli əhalinin dəfələrlə müqaviməti ilə üzləşiblər.
Həmsöhbətimizin dediyinə görə, ermənilər Qaragölün cənub bölgəsinə düşən Xəzinavar, Xanəzək, Bayandur kəndlərini 20-ci əsrin əvvəlində işğal etməklə gölün cənub hissəsini Azərbaycanın əlindən çıxartmağa nail olublar. O üç kənddən olan insanlar isə həmin dövrdə Laçınla sərhəd kəndlərə yerləşiblər: "Qaragölün bütün ətrafı bizim yaşayış məskənimiz olub".
Qaragöl haqqında danışanda gözünün önündə uşaqlığının canlandığını söyləyən Elçin həmin gölün ətrafında əsgərlərimizi görəndə qürur hissi keçirdiyini söyləyir. Deyir ki, uşaq vaxtı Qaragöldə təpəyə çıxıb Qarabağdakı kəndləri sayırmışlar. Onun sözlərinə görə, Qaragöldə olmaq, ulduzların yanında olmağa bərabərdir.
İndi ən böyük arzusunun Laçına qayıdaraq Qaragölə getmək olduğunu söyləyən Elçin, işğalla əlindən alınan uşaqlıq xatirələrinə ancaq doğma yurdu Hacılarda, Qaragöldə qovuşa biləcəyini söyləyir...
Həmçinin oxuyun:
* Qaragöldə nə baş verir? Ermənistan mətbuatı ultimatumdan dəm vurur
* Azərbaycan XİN-dən sərhəd hay-küyünə cavab: "Təşvişə düşməyin"
* ABŞ Azərbaycan-Ermənistan sərhədindəki olaylara münasibət bildirdi
* Putin və Əliyev Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə ediblər