BAKI, 18 may — Sputnik. Böyük Britaniyanın hakimiyyət dairələri Uels komandasının azarkeşlərinə Bakıda və Romada keçiriləcək Avropa çempionatı oyunlarına getməməyi tövsiyə edib. Bu barədə Uels Futbol Assosiasiyasının (FAW) rəsmi saytında məlumat yerləşdirilib.
AVRO-2020-də A qrupunda oynayan Uels millisi 12 və 16 iyun tarixlərində Azərbaycanın paytaxtında İsveçrə və Türkiyə, iyunun 20-də isə Romada İtaliya millisinə qarşı mübarizə aparacaq.
Xəbər verildiyi kimi, Böyük Britaniya Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar səfər edilməsi tövsiyə olunan və olunmayan ölkələrin reytinq cədvəlini tərtib edib. Azərbaycan və İtaliya koronavirusa yoluxma riski böyük olan ölkələrin siyahısına salınıb.
Sözügedən qərarlar tövsiyə xarakteri daşısa da, FAW azarkeşlərdən AVRO-2020 oyunlarını izləməyə getməkdən çəkinməyə çağırıb.
Xatırdaq ki, Bakı aprel ayında digər ölkələrdən gələn azarkeşləri qəbul etməyə hazır olduğunu təsdiqləyən AVRO-2020-nin azsaylı ev sahibi şəhərləri sırasında yer almışdı. Bakı ilə yanaşı, Sankt-Peterburq və Budapeşt də xarici azarkeşləri qəbul etməyə hazır olduğunu bildirmişdi.