BAKI, 17 may — Sputnik. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Bu barədə Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda deyilir:
"Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir. Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V" vaksinindən də istifadə edə biləcəklər. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.
18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Qeyd edək ki, "Sputnik V" vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.
Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasını daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
Rusiya peyvandinin ilk partiyası 40 min dozadan ibarətdir. Peyvəndin ikinci partiyası da mayda gətiriləcək.
Xatırladaq ki, ötən ilin avqustun 11-i Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onu qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.
Həmçinin oxuyun:
“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirilib
“Sputnik V” peyvəndi Bakıda belə boşaldıldı - video
BMT əməkdaşlarını "Sputnik V" ilə peyvənd olunmağa çağırdı