Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 14 may — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq komitəsi OPEC üzvü olan ölkələrə qarşı antiinhisarla bağlı məhkəmə iddialarına icazə verən qanun layihəsini təsdiqləyib. Bundan sonra layihəyə Nümayəndələr Palatası tərəfindən baxılmalıdır. Qanun layihəsi ABŞ Ədliyyə Nazirliyinə OPEC üzvü ölkələrinə qarşı antiinhisar iddialarını başlatmaq imkanı yaradır və ABŞ məhkəmələrinə bu kimi işlərə baxmaq səlahiyyətini verir. Layihə müəllifləri iddia edirlər ki, OPEC üzvləri qiymətlərə nəzarət məqsədilə xam neft istehsalını məhdudlaşdırmaq üçün qəsdən sövdələşir və xam neft qiymətlərini şişirdirlər.
Bəs ABŞ-da bu qanun layihəsi qüvvəyə minsə, bunun neft bazarına təsirləri necə olacaq?
Neft ucuzlaşa bilər
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, onsuz da OPEC kartel sövdələşməsini gizlətmir: "Yəni kartel sövdələşməsi vasitəsilə qiymətlərə təsir mexanizmlərinin yaradılmasını OPEC özü də elan edir. İlk dəfə 2000-ci illərin əvvəllərində ABŞ-da məhkəmə qaydasında OPEC ilə bağlı qərar verilməsi cəhdi olmuşdu. Amma bununla bağlı qanun olmadığı üçün iddia ləğv edilmişdi. Bu qanun qəbul edilsə, iddiaların qaldırılması mümkün olsa, OPEC-in gələcək taleyi sual altına, şübhə altına düşəcək. Çünki digər sahələrdə kartel sövdələşmələri vasitəsilə qiymətlərin qaldırılması qadağandır. Dərhal antiinhisar qanunvericiliyi işə düşür, böyük cərimələr tətbiq edilir və ölkələr həmin şirkətləri çox ciddi cəzalandırırlar. Neft ilə bağlı OPEC təşkilatına bir az tolerant yanaşılırdı. Amma görünür, indi bununla bağlı yeni qanun layihələrinin qəbul edilməsi ehtimalı artır".
Onun fikrincə, burada əsas məsələ həm də bir presedent yaratmaqdır:
"Çünki digər sahələrin istehsalçıları da oxşar təşkilatlar yaratmağa cəhd göstərirdilər. Məsələn, bir müddət öncə qaz üzrə OPEC yaratmaq və yaxud əlvan metallar üzrə təşkilat yaratmaq cəhdləri olmuşdu. Düşünürəm ki, bu, gələcəkdə kartel sövdələşmələri vasitəsilə dünya bazarlarında qiymətlərə təsirinin olmaması üçün zəmin yaratmaq ideyasıdır".
"Bu qanun qəbul edilsə, neft qiymətlərinə təsiri necə olacaq?" sualına iqtisadçı belə cavab verib: "Bu addım atılarsa, neft qiymətləri daha çox tələb-təklif əsasında tənzimlənəcək. Amma OPEC hasilatı süni şəkildə azaltmasaydı, neftin qiyməti indiki 65 dollar səviyyəsində olmazdı. Yəni hasilatın həcmi süni şəkildə azaldıldı və qiymət qalxdı. Əgər indi OPEC belə qərarlar qəbul edə bilməsə, neft qiymətlərini əvvəllər olduğu kimi, tələb və təklif müəyyən edəcək. Bu da qiymətlərin ilkin mərhələdə ucuzlaşmasına səbəb ola bilər".
Avropa və Asiya bazarları uğrunda savaş
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, son dövrlər ABŞ tərəfindən reallığa uyğun olmayan addımlar atılır: "Bu gün OPEC+ ölkələri neft bazarını tənzimləyir və bu, normaldır. Hazırda ABŞ neft məhsullarının ixracına görə ilk üçlüyə daxil olub. Əvvəllər ABŞ ancaq neft idxal edirdi, indi isə ən böyük neft ixracatçılarından birinə çevrilib. Ona görə ABŞ yeni bazarlar əldə etmək istəyir və belə yollara əl atır. ABŞ-ın addımı neft bazarına təsir edə və qiymətlər ucuzlaşa bilər. Lakin ABŞ-ın bu addımı normal deyil. Əksinə, ABŞ-ın özü süni yolla müdaxilə edib bazarı əldə etmək istəyir. Bu gün Avropa və Asiya bazarları uğrunda savaş gedir. ABŞ istəyir ki, OPEC hasilatı artırmasın və o, öz məhsullarını bazara çıxarsın. Yəni ABŞ bu təzyiq alətlərindən istifadə edərək OPEC+ ölkələrinə təsir etmək istəyir".
Eləcə də oxuyun:
* ABŞ-da benzinin qiyməti 7 ilin rekordunu təzələdi
* Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq?
* Ehtiyatlar tükənib: Neftin gələcəyi ilə bağlı real proqnozlar