Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 14 may — Sputnik. "Məktəblərdə koronavirusa yoluxma riski aşağı düşüb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev söyləyib. O, bildirib ki, müəllimlərin vaksinasiya olunması xəstəliyin yayılmasının qarşısını almağa yönəlib: "Aydın məsələdir ki, nə qədər çox müəllim peyvənd olunubsa, bir o qədər də çox məktəblərdə yoluxma, infeksiyanın yayılma təhlükəsi az olacaq".
N. Quliyev bildirir ki, bununla belə şagirdlər üç qızıl qaydaya - əllərin gigiyenası, tibbi maska və sosial məsafə prinsipinə riayət etməldir: "Nəzərə almaq lazımdır ki, uşaqlar təkcə müəllimlərlə təmasda olmurlar. Onlar həm də cəmiyyət içərisindədir. Onlar başqa yerdə də yoluxub məktəbə gələ bilərlər. Buna görə də gigiyena tədbirlərinə ciddi əməl etməlidirlər. Məktəblərdə isə buna nəzarət güclü olmalıdır".
Qeyd edək ki, bu ilin mart ayından təhsil işçilərinin, müəllimlərin koronavirus əleyhinə vaksinasiyasına başlanılıb. Bu proses hazırda da davam edir. Məlumat üçün bildirək ki, ölkəmizdə gələn həftədən etibarən əyani tədris qismən bərpa olunur. Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.
Həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.
Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.
Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.
Həmçinin oxuyun:
Təhsil nazirindən övladını məktəbə göndərmək istəməyən valideynlərə müraciət
Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma göstəricisi