BAKI, 25 aprel - Sputnik. Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib.
Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, turun bütün matçları eyni gündə baş tutub.
Açılış görüşü Qəbələdə, digərləri isə Bakıda olub. Lider “Qarabağ” ilk “dördlüy”ə düşmək şansı minimuma enən “Qəbələ”nin qonağı olub. Ev sahibləri 60 dəqiqə müqavimət göstərsə də, bunu sona qədər davam etdirə bilməyib. Son yarım saatda “Qarabağ” rəqib qapısından 5 cavabsız top keçirərək, darmadağınla qələbə qazanıb.
“Qarabağ” kimi, avrokuboklara vəsiqəni rəsmiləşdirən “Neftçi” də səfər oyununa çıxıb. “Ağ-qaralar” “Sabah”la dramatik alınan matçda xal itiriblər. “Sabah”ın hətta 3 futbolçusunun qırmızı vərəqə alması da “flaqman”a kömək etməyib. Bu isə “Qarabağ”la “Neftçi” arasında xal fərqinin 3-ə yüksəlməsinə səbəb olub.
Autsayder komandalar “Keşlə” ilə “Səbail” birincilərin meydanında üz-üzə gəliblər. “Keşlə” yeganə qol sayəsində rəqibini məğlub edərək, son pillədən qurtulub.
Turun ən böyük maraq doğuran oyunlarından biri “Zirə” ilə “Sumqayıt” arasında olub. Eyni xala malik və bürünc medala iddia edən komandaların duelindən qalib ayrılacaq tərəf ciddi üstünlük əldə edəcəkdi. Lakin görüş qolsuz bərabərliklə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XXIV tur
25 aprel (bazar)
17:00. “Qəbələ” – “Qarabağ” - 0:5
Qollar: Xayme Romero, 64, Qara Qarayev, 68, Mahir Emreli, 87, 89, 90+1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
Qəbələ şəhər stadionu
18:00. “Keşlə” – “Səbail” - 1:0
Qol: Rəhman Hacıyev, 51
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“ASK Arena”
19:15. “Sabah” – “Neftçi” - 2:2
Qollar: Təmkin Xəlilzadə, 23 (pen.), Ramil Şeydayev, 29 - Namik Ələskərov, 36 (pen.), 60 (pen.)
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 58
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”
20:00. “Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu
Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 18 qol, Mahir Emreli ("Qarabağ") - 16 qol.