BAKI, 1 aprel — Sputnik. Niderland hakimiyyəti COVID-19 pandemiyası şəraitində kütləvi tədbirlərin təhlükəsizliyini yoxlamaq məqsədi ilə may ayında Rotterdam şəhərində keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində tamaşaçıların iştirakına icazə verəcək. "RİA Novosti" xəbər verir ki, bunu müsabiqənin təşkilatçıları bildiriblər.
"Biz Hollandiya hökumətinin fanatların may ayında keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində iştirakı ilə bağlı qərarını dəstəkləyirik", - deyə müsabiqənin icrasına nəzarət edən Martin Osterdalın "Avroviziya" müsabiqəsinin saytında yayımlanan açıqlamasında qeyd olunur.
Hollandiya Yayım Korporasiyasının məlumatına görə, bu ölkənin Nazirlər Kabineti koronavirus pandemiyası şəraitində kütləvi tədbirlərin təhlükəsizliyi ilə bağlı eksperiment aparmaq qərarına gəlib. Qərara əsasən, doqquz şounun hamısında - altı məşq, iki yarımfinal və final - eyni vaxtda ən çox 3,5 min tamaşaçı iştirak edə biləcək.
Bununla belə, hökumətdən əgər ölkədə koronavirusla bağlı vəziyyət kəskinləşərsə, tamaşaçıların mahnı müsabiqəsini sadəcə televiziya vasitəsi ilə izləyə bilmə ehtimalını da istisna etməyiblər. Bundan başqa, ölkələrarası səfərlər məhdudlaşdırıldığından, "Avrovizya" iştirakçılarının səhnə performansını ən yaxşı halda yalnız holland tamaşaçılar canlı şəkildə izləyə biləcəklər.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə təxirə salınan "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il may ayının 18-22-də Rotterdamdakı Ahoy arenasında keçiriləcək. Bundan əvvəl yarışın təşkilatçıları müsabiqənin oflayn formatda keçirilməsinin planlaşdırıldığını, ancaq nümayəndə heyətlərinin tərkibinin, həmçinin jurnalistlərin sayının azaldılacağını elan etmişdilər.