Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 1 aprel — Sputnik. Sovet dövründə çəkilən komediya filmlərinə dəfələrlə baxırıq, hər dəfə yayımlananda ilk dəfə görürmüş kimi izləyirik. Amma son dövrlər çəkilən komediya filmləri üçün isə eyni sözü söyləyə bilmirik. Səbəb nədir? Zəif ssenari, zəif aktyor oyunu, yoxsa filmlərə maddi dəstəyin olmaması? Sputnik Azərbaycan bu problemi araşdırmaq üçün kino sahəsi ilə məşğul olan insanlarla danışdı.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bizimlə söhbətində dedi ki, indiki komediya filmlərinə baxanda adamın əti tökülür: "Çünki onlardakı obrazları yaradanlar nə Mirzəağa Əliyev, nə Əliağa Ağayev, nə də Nəsibə Zeynalovadır. Çox təəssüf ki, indiki filmlərdəki aktyorlar özlərini komediya ustaları kimi təqdim edirlər. O komediyalar ona görə çəkilmir ki, camaat ondan həzz alsın. Onlar o filmləri çəkirlər ki, pul qazansınlar. Pula görə onlar ən ucuz gülüş doğuran hadisələri toplayıb film kimi təqdim edirlər. Bunların çəkdikləri heç bir məzmun daşımır. Tərbiyəvi heç nə yoxdur. Onu klounluq, şit-şit zarafatlar əvəz edir. Beləliklə, insanların zövqü korlanır. Təəssüf ki, bu bayağılığa bəzi insanlar pul verib gedib baxırlar".
Kinoşünas yeni çəkilən komediya filmlərini sabun köpüyünə bənzətdi: "Əslində, mən bir tərəfdən o insanları qınamıram. Ona görə ki, film sahəsində çalışanlara pul ayrılmır. Onlara normal pul verilsə, normal ssenari təqdim olunsa, normal rejissor o filmi çəksə, aktyorlar pis deyillər. İstedadlı aktyorlarımız var. Aktyorlar min cür hoqqadan çıxırlar ki, camaatı güldürsünlər. Bunlar indiki müğənnilərin ifa etdikləri mahnılar kimi müvəqqətidir, sabun köpüyüdür".
Aydın müəllimin fikrincə, əsas vacib məsələ ssenaridir: "Ssenari dayaz olduğuna görə çəkilən filmlər də uzunömürlü olmur. Hamısı şərtidir. Kino da şərtiliyi sevmir.
Amma bir məsələ var: "Ulduz", "Əhməd haradadır?" filmlərinin də ssenariləri olduqca zəifdir. Amma bəh-bəhlə baxılır. Həmin filmlərin yarısı filmdir, yarısı konsertdir. Amma orada çox peşəkar aktyor oyunları var idi. "Əhməd haradadır?"ın rejissoru Adil İsgəndərov kino aktyoru deyil, çox peşəkər teatr rejissoru idi. Adil müəllim özünü kinoda sınamaq istədi, amma alınmadı. Baxmayaraq ki, Adil müəllimin ikinci filmidir. Birinci filmi "Fətəli xan" idi. Gördü ki, heç birində alınmayıb, kinodan uzaqlaşıb. Moskva "Əhməd haradadır?" filmini qəbul etmək istəmirdi. Camaat sevirdi, amma sənət başqadır axı.
Mən özüm İncəsənət Universitetində dərs demişəm. İstedadlı tələbələr var, işləmək istəyirlər. Amma dövlət onlara pul ayırmır, onlar da məcburdurlar gedib hansısa sponsordan pul alsınlar. Onlar gəncdirlər, onların qarşısını almaq olmaz. Əksinə, dəstək vermək lazımdır ki, keyfiyyətli iş ortalığa qoysunlar".
Bir çox komediya filmlərinin və serialların müəllifi, əməkdar mədəniyyət işçisi Ramin Hacıyev bu gün çəkilən komediya filmlərinin zəif olmasını belə əsaslandırdı: "Sovet dövründə çəkilən filmlər ildə bir dəfə çəkilirdi. Bütün diqqət bir filmə yönəlirdi. İndi isə komediya filmləri, seriallar çox çəkilir. Çox çəkildiyinə görə də keyfiyyət aşağıdır. Bir var, hamı 1 filmə qulluq edir, bir də var, hərə bir film çəkir. Komediya janrında çəkən dram da çəkir, dram çəkən komediya da çəkir deyə ortaya keyfiyyətsiz, dayaz iş çıxır. Ssenari yazanlar da istəyirlər çox yazsınlar. Çox olduğuna görə də dərindən düşünməyə vaxt qalmır, daha peşəkar yanaşma olmur. Ona görə də bayağılıq ortalığa çıxır. Bunu mən də qəbul edirəm".
Hacıyev əlavə etdi ki, komediya filmlərinə pul ayrılmır: "Komediya filmləri sponsorun hesabına çəkilir. Sovet dönəmində ayrılan pul qədər indi də pul ayrılsa, yəqin ki, yaxşı filmlər ərsəyə gələr. Biz çalışırıq ki, ekran başındakı tamaşaçını güldürək. İndi komediya filmini çəkmək daha çətindir, çünki insanları inandırmaq, güldürmək çətindir. Bir məsələ də var. Ötən əsrin 60-70-ci illərində az film var idi. Nə çəkilirdisə, bəh-bəhlə qəbul olunurdu. Amma indi hər şey çəkilib. İnsanlar dünya kinosuna da baxırlar, ona görə də tamaşaçını razı salmaq, onu inandırmaq, təəccübləndirmək daha çətindir".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev bunu qeyri-peşəkarlıqla əlaqələndirdi: "Ümumiyyətlə, komediya ən çətin janrlardan biridir. Ona görə də bu sahə ilə sırf peşəkarlar məşğul olurdular. İndi isə zarafatyana filmlər çəkilir. Hətta Sovet Azərbaycanında da peşəkar sənət adamları komediya sahəsində ciddi uğur əldə edə bilməmişdilər. Bu onu göstərir ki, komediya janrında çəkmək üçün xüsusi məharət, güclü yumor hissi və ən əsası - peşəkarlıq tələb olunur".
"Bayağılığın qarşısını almaq üçün hansı addımlar atmaq lazımdır?" sualına Quliyevin cavabı belə oldu: "Məzmun üzərində işləsinlər. Yəni, dramaturgiyadan irəli gələn peşə elementləri ssenaridə öz əksini tapsın ki, sonradan aktyora təklif olunmuş vəziyyəti verəndə bayağı gülüş doğurmasın.
Aktyorda gözəgörünməz yumor hissi olmalıdır. Baxırsan, ciddi adamdır, amma bir söz deyir və o sözdə nə qədər məna var, nə qədər gülüş doğurur. O gülüşün arxasında nə qədər həqiqətlər dayanır. Məzmundan gələn gülüş olmalıdır ki, tamaşaçı məntiqə köklənib buna reaksiya verə bilsin. Son dövrlərdə, təəssüf ki, bunu görmək mümkün deyil. Bu, təkcə Azərbaycan kinosuna aid deyil. Dünya kinosunda da vəziyyət belədir. Hətta Avropa kinematoqrafçılarının çəkdikləri filmlərə baxdıqda görürük ki, komediya janrında çəkdikləri film düşündürən yumor doğurmur".
Kinooperatorun sözlərinə görə, bayağılığın fundamenti 80-ci illərdən bəri televiziya səviyyəsində qoyulmağa başladı: "Baxın Rusiya kinematoqrafiyasına. "Brilyant əl", "İşdə məhəbbət macərası", "Karnaval gecəsi" filmi kimi filmlər çoxmu ekrana çıxıb? Əlbəttə, yox. Bu, peşə hazırlığı ilə bağlıdır. Cəmiyyət gülməkdən çox, satiraya meyil edir. Yumor, satira və ironiya - bunlar fərqli çalarlardır. Bu çalarlarda işləmə bacarığı çox önəmlidir. Hətta Sovet Azərbaycanında belə, bu çalarlarda işləyə bilən rejissorlar barmaqla sayılacaq qədər idi. Komediya çəkənlər buna hazır olmalıdırlar. "Bozbaşlar" gülüş doğurmur. Mən o filmləri çəkənləri sənət adamları adlandıra bilmərəm. Onlar sadəcə kütlənin səviyyəsinə enib, kütləni güldürmək istəyirlər ki, reytinq qazansınlar. Amma onlar başa düşməlidirlər ki, bu filmlərlə yüksələ bilməyəcəklər. Kütlənin içində qarışıb itəcəklər. Nəhayət, cəmiyyətin mədəni səviyyəsini gündən-günə aşağı salacaqlar. Yəni, intellektual sənət, intellektual səviyyə belə kütlə üçün əlçatmaz olacaq. Mirzə Cəlilin acı gülüşü artıq nadir hallarda ekranlarda həllini tapır. Nədən irəli gəlir? - İntelektual səviyyədən irəli gəlir".