Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 1 aprel — Sputnik. Orucluğun başlamasına sayılı günlər qalır. Ötən illərdən fərqli olaraq COVID-19-la əlaqədar orucluqla bağlı müxtəlif suallar yaranır: COVID-19 xəstələri oruc tuta bilərmi? Bir zamanlar COVID-19 keçirənlər, yaxud da bu xəstəliyə yoluxmayanlar necə etməlidirlər ki, immunitetləri aşağı düşməsin? Yaxud da pandemiya dövründə oruc tutmaq nə dərəcədə düzgündür kimi suallara cavab tapmaq üçün mütəxəssislərin fikrini öyrəndik.
İnfeksionist Mədinə Abdullayeva Sputnik Azərbaycan-a deyib ki, COVID-19 keçirənlər tamamilə yaxşılaşmadan oruc tuta bilməzlər: "Ağciyər pnevmoniyası 30-40 faizdən çox olanlar COVID-19 keçirdikdən sonra azı 3 ay oruc tuta bilməzlər. Bu şəxslərin sıx-sıx qidalanması və bol maye qəbul etməsi lazımdır. COVID-19 olanlar oruc tuta bilməzlər: "Çünki virusla əlaqədar bu şəxslər həddindən artıq tərləyir və maye itirirlər. Onların bədənində mayenin miqdarı artmalıdır. Eyni zamanda, az-az və tez-tez qidalanmaları lazımdır. Oruc tutarkən isə bu mümkün deyil.
COVID-19 keçirtməyən sağlam şəxslərə gəldikdə isə, qeyd edim ki, onlar da iftar və imsaqda kifayət qədər maye qəbul etməlidirlər. Ya orucu açarkən, ya da imsaqda yeməkdən imtina etmək olmaz. Mütləq şəkildə qidalanmaya nəzarət etmək, bol protein, meyvə-tərəvəz qəbul etmək lazımdır. Xüsusən də C vitamini ilə zəngin qidalar qəbul etmək lazımdır ki, immunitet düşməsin. Yəni, menyu protein, karbohidrat, vitamin və minerallarla zəngin olmalıdır. Menyuda ağ və qırmızı ət də yer almalıdır".
İnfeksionist deyir ki, bütün bunlara riayət olunarsa, insan oruc tutduğu müddətdə immuniteti aşağı olmaz.
İlahiyyatçı Tural İrfan isə mövzuya dini aspektdən yanaşıb: "Oruc tutmaq İslam dinində hər bir sağlam, ağıllı, azad adam üçün fərz, yəni vacibdir. Fəqət İslam dinində hökmlər zaman, şərait və məkana görə dəyişir. Yəni, Allah insanları bacardığından artıq yükləmir. Məsələn, xəstəlik, səfər, yağış kimi hallar olduqda müsəlman ibadəti təxirə sala bilər. Məlum COVID-19 pandemiyası hazırda dünyanı ağuşuna alıb. Həkimlər tövsiyə edirlər ki, insanlar immuniteti güclü saxlamalıdırlar.
Xüsusən də bu il orucluq yaz ayları ərəfəsinə düşür. Yazda da insanların qanının dəyişən vaxtıdır. Fəsil dəyişən ərəfədə insan orqanizmi də xəstəliklərə həssas olur. Odur ki, Qurana görə, xəstəliyə yoluxma ehtimalı olan insanlara oruc tutmaq qadağandır. Həkim məsləhət görməsə belə, zəifləyərək xəstəliyə yoluxma ehtimalı olan şəxs oruc tutmaya bilər. Əgər oruc tutarsa, xəstəliyə yoluxacağını, hətta yoluxsa, həyatına təhlükə yaranacağını təxmin etsə, tutduğu oruc haram və batildir. Çünki Quranda Allah cana, bədənə, həyata təhlükə yaradan amilləri qadağan edib".
"Nəticə olaraq deyə bilərəm ki, hazırkı durumda ölkəmizdə yaşayan müsəlmanlar oruc tutmaya bilərlər. Amma pandemiya aradan qalxandan sonra qəza orucu tutmalı, tutmadıqları hər günə görə kəffarə verməlidirlər. Yəni şəriətdə müəyyən edilmiş sədəqə vergisi", - deyə o əlavə edib.
Diyetoloq Emil Hidayətli isə bizə qida rasionunu açıqlayıb: "Qida rasionu balanslı olmalıdır. Orucluq üçün açılan süfrədə menyu yağlar, zülallarla bol olmalıdır. Həm iftarda, həm də imsaqda bu rasionun balansı qorunub saxlanılmalıdır. Ac qalmaq, qidalanmamaq düzgün deyil. İmmunonutrientlər həm zülallardan, həm yağlardan, həm də karbohidratlardan alınır. İlk olaraq buna fikir verməliyik: az yeməmək, ac qalmamaq. Qidalar da zülallarla zəngin olmalıdır. Ət, balıq, süd məhsulları, çərəzlər, paxlalı və buğda məhsullar qəbul etmək lazımdır. İmmun sisteminin formalaşması, antitellərin yaranması üçün zülallar çox önəmlidir".
Bu xəstəliyi olanlar üçün oruc tutmaq böyük riskdir>>
Diyetoloq deyir ki, hər qida qəbulunda tərəvəzlərin olması vacibdir. COVID-19 dönəmində orqanizmi, immuniteti gücləndirmək üçün maye qəbuluna nəzarət etmək tövsiyə olunur: "Çünki maye orqanizmin virus və bakteriyalarla mübarizəsinə kömək edən əsas komponentdir".
"Şəkərli qidaların qəbulunu azaltmaq lazımdır. Çünki artıq şəkər miqdarı karbohidrat mübadiləsini pozur, immunitetə mənfi təsir edir. Nə qədər çox şəkərli qida qəbul etsək, susuzluq daha da artacaq", - deyə diyetoloq əlavə edib.
"COVID-19 olanlar oruc tuta bilərlərmi?" sualına cavab olaraq diyetoloq bildirir ki, bu, insanın kliniki vəziyyətindən asılıdır: "İnsan müəyyən bir xəstəlikdən əziyyət çəkirsə, dində ona orucu tutmamağa icazə verilir. Lakin son bir il göstərdi ki, bu xəstəliyi müxtəlif vaxtlarda çox sadə, yüngül kliniki əlamətlərlə keçirənlər də var. Bu şəxslər nəzarət altında qalıb oruc tuta da bilərlər. Patoloji proses getdiyi, virus orqanizmi sarsıtdığı üçün oruc tutmamalıdır. Lakin kliniki narahatlıq yoxsa, şəxs oruc tuta bilər. Xəstəliyi yüngül keçirənlər orucundan qalmaya bilərlər".