BAKI, 25 mart - Sputnik. DÇ-2022-nin seçmə mərhələsi start götürüb. A qrupunda yer alan Azərbaycan millisi martın 24-də ilk oyununa çıxıb.
Canni de Byazinin yetirmələri son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəliblər. Portuqaliyalılar koronavirus pandemiyası səbəbindən yığmamızı öz ölkəsində deyil, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda qəbul edib.
Əksəriyyət portuqaliyalılardan asan qələbə gözləsə də, heç də belə olmayıb. Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində hesabı açıb. Millimiz ikinci hissədə Fernando Santosun kollektivindən çəkinmədən mübarizə aparıb. Lakin bu, bərabərlik qolu üçün yetərli olmayıb. Nəticədə Portuqaliya 1:0 hesablı qələbə sayəsində aktivinə 3 xal yazdırıb.
Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Millimiz növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.