CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son olaylar Naxçıvanın tarixi potensialını bir daha üzə çıxaracaq

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 21.03.2021
Abunə olmaq
"Naxçıvanın tarixi, o ərazilərin adı Nuh peyğəmbərin adı ilə bağlıdır ki, bu da turizm üçün çox önəmlidir. Düşünürəm ki, Naxçıvanda olan izlər daha inandırıcı və tarixi sübutları olan izlərdir" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli razılaşma ilə 27 ildən artıq işğal altında olan torpaqlarımız azad olunmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına qərar verildi. Bu sənədlə Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edir. Tərəflərin razılaşması əsasında bu bölgələrimizi birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin olunacaq. Naxçıvana maneəsiz, birbaşa gediş-gəlişin olması, eyni zamanda Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi xüsusən də Naxçıvanın turizm potensialının daha genişlənməsi deməkdir.

Batabat gölünün ətrafı - Sputnik Azərbaycan, 1920, 01.01.2020
Üzən adanın axtarışında: qarlı Naxçıvana səyahət - FOTO

Sputnik Azərbaycan Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov və Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi ilə Naxçıvanın turizm potensialını müzakirə edib.

Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanda yeni bir dövrun başlayacağını deyən Ə.Qurbanov xüsusən də turizmdə bu dəyişikliklərin özünü büruzə verəcəyini bildirir: "Çünki xüsusən də Qarabağın turizm potensialı tükənməzdir. Burada yaradılacaq turizm infrastrukturu, düşünürəm ki, ölkəmizə böyük gəlir, fayda gətirəcək. Bununla yanaşı, Naxçıvandan Azərbaycana yol çəkilməsi həm iqtisadi baxımdan səmərəli olacaq, həm də eyni zamanda turizm baxımından xüsusi önəm kəsb edəcək. Gələcəkdə Naxçıvana gediş-gəlişin quru yolu ilə olması turistləri yeni marşrutlarla həm Qarabağa, həm də Naxçıvana aparıb gözəllikləri göstərə bilməyimizə imkan verəcək".

"Türkiyədən Naxçıvana dəmir yolunun çəkilməsi isə artıq yeni bir turizm növünün reallaşması üçün qarşımıza şərt qoyur. Qatar, dünyada olduğu kimi, Azərbaycanda da turizmə böyük potensial qazandıra biləcək. Qatar turizmi bütün dünyada ən sərfəli, təhlükəsiz və rahat hesab edilir. Biz artıq indidən turistləri qarşılamağa hazır olmalıyıq ki, turistlərə tam şəkildə Qarabağın potensialını göstərək", - deyə Ə.Qurbanov vurğulayıb.

Digər ekspert Samir Dübəndi isə öncədən bu yolun qısa tarixçəsindən danışır: "Üçtərəfli sazişin bir bəndi də Naxçıvan dəhlizinin açılması haqdadır. Ermənistan tərəfi həmin yol üzərində olan təhlükəsizliyə zəmanət verəcəyini üzərinə götürdü. Lakin qısaca da olsa onu qeyd edim ki, bu yol 28 il öncə Bəhramtəpədən başlayaraq bir qolu Şərura, oradan da da İrəvana gedirdi və sonradan o bağlandı. Yadımdadır, sonradan ermənilər qatarları daşlamağa başladılar. O illərdə mən də belə bir hadisənin şahidi olmuşam. O illərdə mən Naxçıvandan İrana o qatarla hərəkət etmişdim. Ondan sonra bu yol tamamilə bağlandı, Naxçıvan blokadada qaldı".

"Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Naxçıvanın blokadadan çıxarılması istiqamətində bir çox işlər gördü. 2017-ci ildə isə Bakı-Tbilisi-Qars dəmiryolu açıldı. Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi 100 önəmli regional layihələr sırasına daxil olan layihələrdəndir. Onun üçün xeyli vəsait xərclənsə də, hər halda Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında həm yük daşımalarına, həm də sərnişin daşımalarına yardımçı oldu",- deyə həmsöhbətimiz əlavə edib.

Премьер-министр Армении Никол Пашинян, фото из архива  - Sputnik Azərbaycan, 1920, 20.03.2021
Naxçıvanla kommunikasiyanın açılması Paşinyanı sevindirir: "İqtisadiyyatımız güclənəcək"

S.Dübəndi deyir ki, bunadək Naxçıvan sakinləri, Naxçıvana üz tutanlar İran vasitəsilə hərəkət etməyə, dörd dəfə gömrükdən keçməyə məcbur idilər, belədə yolda xərclənən zaman da uzanırdı: "Düzdür, 2019-cu ildə gömrük proseslərinin sadələşdirilməsi istiqamətində müəyyən addımlar atıldı. Nəticədə 12 saatlıq yol 8 saat oldu. Qeyd edim ki, 2019-cu ildə 42 minə yaxın şəxs bu yolla hərəkət edib. Əhalinin bir qismi isə təyyarədən istifadə edirdi, amma bu da hər kəsin cibinə uyğun olmurdu. Lakin artıq son hadisələrlə bu narahatlıqlar, maneələr aradan qalxır ki, bunun həm də turizmə müsbət təsiri var. Bununla biz turistləri rahatlıqla Naxçıvana da dəvət edə, oranın tarixini əcnəbilərə təbliğ edə biləcəyik. Bununla da yeni və maraqlı turlar yaranacaq. Çünki Naxçıvanın tarixi çox qədimdir, çox qədim tarixi abidələri var".

"Bilirsiniz ki, Naxçıvanın tarixi, o ərazilərin adı Nuh peyğəmbərin adı ilə bağlıdır ki, bu da turizm üçün çox önəmlidir. Düzdür, bu məsələ bir qədər mübahisəlidir. Düşünürəm ki, Naxçıvanda olan izlər daha inandırıcı və tarixi sübutları olan izlərdir. Bu baxımdan Naxçıvana çox maraqlı tarixi turlar təşkil etmək olar. Düşünürəm ki, bu istiqamətdə daha rahat işlər görə biləcəyik.

Ümid edirəm ki, Naxçıvana dəmir yolu da bərpa olunacaq və bundan sonra da Asiya-Avropa arasında rahat bir körpü yaranmış olacaq. Biz Ali Baş Komandanın təkidi ilə Naxçıvanla bağlı bu bəndin sazişdə əks olunmasına nail olduq. Bununla ölkə başçısı həm tarixi qələbəyə imza atdı, həm də Naxçıvanla əlaqələrin bərpasına nail oldu. Ümid edirəm ki, Naxçıvan, işğaldan azad olunmuş torpaqlarımız dünyaya yeni rənglə, pəncərəylə açılacaq".
Xəbər lenti
0