BAKI, 20 mart - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.
Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq:
“Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılması. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir – inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.