CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün torpaq oyandı, yaz qapıya dayandı

© Sputnik / Sergey Malgavko / Mediabanka keçidÇiçək açmış ərik ağacı, arxiv şəkli
Çiçək açmış ərik ağacı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
İki ildir ki, koronavirus təhlükəsi səbəbindən ölkəmizdə kütləvi bayram tədbirləri ləğv edilib. Buna rəğmən, köhnə ilin axır, ağır çərşənbəsini yola salıb, bütün dərd-bəlanızı özü ilə aparacağına ümidlənin.

BAKI, 16 mart - Sputnik. Bu gün Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu - İlaxır çərşənbə qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, İlaxır çərşənbə həm də Torpaq çərşənbəsi adlanır. Sudan, havadan, Günəşdən sonra bar-bəhərin, bərəkətin anası torpaq oyandığından İlaxır çərşənbə bəzi bölgələrimizdə Novruz bayramının özündən daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuğun, şaxtanın olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır.

Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.

Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

Tərtərin Borsunlu kəndində - Sputnik Azərbaycan, 1920, 02.03.2021
CƏMİYYƏT
Otuz il yanmayan ocaqlar Od çərşənbəsində qalandı - FOTO

Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar, ağacların dibi bellənər. İlaxır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.

Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər.

İki ildir ki, koronavirus təhlükəsi səbəbindən ölkəmizdə kütləvi bayram tədbirləri ləğv edilib. Buna rəğmən, köhnə ilin axır, ağır çərşənbəsini yola salıb, bütün dərd-bəlanızı özü ilə aparacağına ümidlənin. Bu Novruz bir başqa olacaq. Çünki Vətənimizin yenidən qovuşduğu parçası Qarabağa da bu il bir başqa bahar gələcək.

Süfrəniz bərəkətli, ürəyiniz təpərli olsun, ocağınız gur yansın! Vətənimiz bütöv olsun! Bayramımız mübarək!

Xəbər lenti
0