BAKI, 15 mart — Sputnik, Teymur Tuşiyev. Rusiyanın MOİK və İtaliyanın "Milan" komandalarının keçmiş yarım-müdafiəçisi, yaponiyalı Keysuke Honda Bakının "Neftçi" komandasının bazasında tibbi müayinədən keçirilib. Bu barədə Sputnik-Azərbaycan-a klubun mətbuat xidmətindən məlumat verilib.
Klubun rəsmi YouTube kanalında yerləşdirilmiş videoçarxda görünür ki, idmançı ürək-damar sisteminin hansı fiziki ağırlıqlara tab gətirə biləcəyini bildirən tredmil-testdən keçir.
Yaponiyalı futbolçu şənbə günü, martın 13-ü Bakıya gəlib. Martın 15-də idmançı ilə hazırkı mövsümün sonuna qədər müqavilə imzalanacaq. Tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddətinin uzadıla biləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, Keysuke Honda Yaponiyanın ən uğurlu, Avropada yüksək nəticələrə nail olmuş futbolçularından biridir. Bundan əlavə, bu dəri top ustası Rusiyanın premyer-liqasında meydana çıxmış ilk yaponiyalı futbolçudur.
2010-2013-cü illər ərzində Honda Moskvanın MOİK klubunun şərəfini qoruyub və bu komandada çempionatın qalibi, Kubokun və Superkubokun sahibi olub. MOİK komandasından sonra Honda İtaliyanın "Milan" klubuna keçərək 2014-2017-ci illərdə bu komandada oynayıb və hətta İtaliyanın Superkubokunu da alıb.
Hondanın tərkibində yaşıl meydana çıxdığı son klub Braziliyanın "Botafoqo" klubudur ki, bu klubla da futbolçu müqaviləsini ötən il ləğv edib.