CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacı olmaq əvvəldən çətin idi, indi Səudiyyə Ərəbistanı bir söz deyir, infeksionist başqa

© © Saudi Press Agency/Handout via REUTERSМусульманские паломники вокруг Каабы, фото из архива
Мусульманские паломники вокруг Каабы, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
"Nəzərə almaq lazımdır ki, koronavirusun bir neçə ştammı var. Həccə isə dünyanın müxtəlif ölkələrindən insanlar gəlirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Ötən il koronavirus pandemiyası səbəbindən müsəlmanların çoxu hacı ola bilmədi. Bu il isə həcc ziyarəti müəyyən şərtlər əsasında baş tuta bilər. Səudiyyə Ərəbistanının səhiyyə naziri Təvfiq əl-Rabianın ictimaiyyətə verdiyi məlumata görə, bu il həcc ziyarəti üçün müqəddəs Məkkə və Mədinə şəhərlərinə getmək 2021-ci il iyulun ikinci yarısında mümkün olacaq. Onun sözlərinə görə, 2021-ci ildə həcc ziyarəti üçün tətbiq olunan qaydalara COVID-19-a qarşı peyvənd olunması da əlavə edilib. Nazir bildirib ki, həcc ziyarətinə qatılmaq üçün əsas şərtlərdən biri də koronavirusa qarşı peyvənd olunmaqdır.

Пустующая Мечеть аль-Харам в первый день Рамадана, Мекка - Sputnik Azərbaycan, 1920, 26.07.2020
Məkkə zəvvarlar üçün açıldı – Ancaq krallıqda yaşayanlar gedə biləcəklər

Qeyd edək ki, hər il Azərbaycanda həcc ziyarətinə xeyli sayda insan gedir. Ötən il pandemiya səbəbindən həccə getmək istəyənlərin ödədiyi vəsait geri qaytarıldı. Bəs görəsən, bu il Azərbaycandan həcc ziyarətinə getmək mümkün olacaqmı?

Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana kvota ayrılmalıdır: "Hələ ki bununla bağlı Səudiyyə Ərəbistanından bizə bir məlumat daxil olmayıb. Azərbaycana həcc ziyarəti üçün ayrılacaq kvota bəlli deyil. Əgər belə bir müraciət olarsa, biz ictimaiyyətə məlumat verəcəyik".

O ki qaldı Azərbaycandan həccə gedəcək insanların koronavirus əleyhinə vaksin vurdurmasına, Qafqaz Müsəlmanları İdarəsindən bildirdilər ki, indidən bu barədə qəti fikir söyləmək mümkün deyil. Amma həcc ziyarəti üçün tətbiq olunan qaydalarda COVID-19-a qarşı məcburi peyvənd nəzərdə tutulacaqsa, Azərbaycandan gedəcək zəvvarlar da bu tələbə əməl etməlidirlər.

Həcc ziyarətinin qiyməti ilə bağlı da bir məlumat yoxdur. Qafqaz Müsəlmanları İdarəsindən aldığımız məlumata görə, kvota ayrıldıqdan sonra Azərbaycandan nümayəndə Məkkəyə gedərək orada hotellərlə bağlı danışıqlar aparacaq, bundan sonra həcc qiyməti bəlli olacaq. İdarədən ötən il həcc üçün müraciət edənlərin ödədiyi vəsaitin tam şəkildə geri qaytarıldığını da bildirdilər.

İnfeksionistlər isə vaksin vurdurduqdan sonra həccə getməyin təhlükəli olduğunu söyləyirlər. Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər il həcc ziyarətinə bir milyondan yuxarı insan gedir. Bu qədər insanın bir yerə toplaşması, sıx təması yoluxma riski yaradır: "Hətta həcc ziyarətinə vaksin tələbi qoyulsa belə, insanlar oraya gedib koronavirusun yeni mutasiya olunmuş formasını gətirə bilərlər. Nəzərə almaq lazımdır ki, koronavirusun bir neçə ştammı var. Həccə isə dünyanın müxtəlif ölkələrindən insanlar gəlirlər.

Bu gün Azərbaycanda virusa görə peyvənd edənlərin sayı 300 min nəfərdir. Ölkəmizdə yaşı 65-dən yuxarı olan insanların sayı isə 700 mindən yuxarıdır. Bu o deməkdir ki, yaşlı əhalinin çoxu peyvənd edilməyib. Həccə gedənlər arasında isə bu kateqoriya üstünlük təşkil edir. Bu gün virusa yoluxmada yaşlı insanlar risk qrupu sayılır. Odur ki, mən vaksin vurduranların belə həcc ziyarətinə getməsini məsləhət görmürəm. Biz peyvəndin nə dərəcədə effektivliyini də tam bilmirik".

Qeyd edək ki, ötən il pandemiya səbəbindən həcc ziyarətində 10 min nəfər iştirak edib. Zəvvarların 30%-i Səudiyyə Ərəbistanı, 70%-i ölkədə yaşayan xarici vətəndaşlar olub. Digər ölkələrdən gələn zəvvarlar həcc ziyarətinə buraxılmayıblar. Xüsusi icazələr xroniki xəstəlikləri olmayan, koronavirusa yoluxmayan, əvvəllər həcc ziyarətində olmayan və karantin müddətinə tab gətirməyə hazır olan 20-50 yaş arası insanlara verilib.

Xəbər lenti
0